Son Xəbər: İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT,

Xocalı sakini xatirələrini bölüşür: “Xilas olmağı bacardıq, tanış meşə yolu ilə qaçdıq...”

Xocalı sakini xatirələrini bölüşür: “Xilas olmağı bacardıq, tanış meşə yolu ilə qaçdıq...”

Tarix: 26-02-2021, 19:34




Bu gün, fevralın 26-da bütün dünya azərbaycanlıları Xocalı soyqırımı qurbanlarını xatırlayırlar. 29 il əvvəl Azərbaycanın Xocalı şəhərini ələ keçirən erməni silahlı birləşmələri silahsız mülki əhaliyə qarşı soyqırımı törədib. Qətliamın şahidləri həmin gün ermənilərin törətdiyi vəhşilikləri hələ də unuda bilmirlər.

Faciənin növbəti ildönümündə Media.Az Xocalı soyqırımının şahidi, şəhər sakini Anar Abdulovla söhbət edib.

Dəhşətli gecənin canlı şahidi bildirib ki, faciə baş verdiyi zaman onun cəmi 10 yaşı var idi.

“O gecəni yaxşı xatırlayıram. Həmin gecə yaşadıqlarımızı heç vaxt unutmayacağam. Anamla tanış meşə yolu ilə qaçıb Xocalıdan çıxmağı bacardıq. Ağdama gəldik. Atam özünümüdafiə batalyonunun tərkibində şəhəri qorumaq üçün orada qaldı. Ağamda dayım bizi qarşıladı və Bərdədəki evinə apardı. Ancaq hər gün atamızla bağlı xəbər almaq üçün Ağdama gəlirdik.

Xatirimdədir, fevralın 26-sı səhər tezdən atamdan, əmimdən, babamdan və digər qohumlarımdan xəbər gözləyərək Ağdama gəldik. Sağ qalanlar barədə sualımıza cavab olaraq, bir çox Xocalı sakininin öldürüldüyü, yaralandığı və ya əsir götürüldüyü bildirildi. Ağdama gələndə anam atamı axtarmağa getdi. Ancaq məni özü ilə aparmağa razı olmadı. Çünki əzaları kəsilmiş insanların əzilmiş bədənlərini görmək bir uşaq üçün çox dəhşətli idi. Beş gün sonra atam sağ-salamat Ağdama çatdıqda xoşbəxtliyimizin həddi-hüdudu yox idi. Ayaqları donmuşdu. Atam meşədə onun yanında olanların çoxunun ermənilər tərəfindən vəhşicəsinə öldürüldüyünü söylədi. İnsanların necə donduğunu, aclıqdan və susuzluqdan necə əziyyət çəkdiyini danışdı”, - deyə Xocalı sakini xatırlayır.

Anar məhz həmin gecə babasını və çox sayda qohumunu itirdiyini, bu gecədən sonra onların həyatında yeni bir mərhələnin - köçkün həyatının başladığını deyir.

“Yeni bir həyata başladıq. Bizi Xocalıdan olan digər ailələrlə birlikdə Bakıya, Pirşağı qəsəbəsindəki sahil pansionatına yerləşdirdilər. Yanımızda heç bir şey yox idi, yerli sakinlərə minnətdarıq, bacardıqları qədər kömək etdilər.

Hazırda məktəbdə tarix müəllimi işləyirəm. Ancaq təəssüf ki, heç də bütün Xocalı uşaqları mənim kimi şanslı deyildilər, o gecə vəhşicəsinə öldürüldülər. Xocalı faciəsi hər birimizin həyatında dərin iz buraxdı. Bu hadisələr sağ qalanların sağlamlığına da ciddi təsir etdi. O gecədən sonra atam ağır xəstələndi və ölənə qədər böyrək çatışmazlığından əziyyət çəkdi. Anam da yaşadığı stress fonunda şəkərli diabetə tutuldu. Uzun müddət yaşadığı dəhşətlərdən qurtula bilmədi”, - deyə A.Abdulov bildirib.

Xocalı sakini soyqırım ilə bağlı acı xatirələrin yaddaşlardan heç vaxt silinməyəcəyini və beynəlxalq təşkilatların gələcəkdə belə faciələrin  qarşısını almaq üçün qəti tədbirlər görməli olduqlarını da vurğulayıb.

“Bu gün biz xocalılılar bu faciəyə ədalətli hüquqi qiymət verilməsini tələb edirik. Dünya birliyi və beynəlxalq təşkilatlar gələcəkdə oxşar faciələrin qarşısını almaq üçün qəti tədbirlər görməlidirlər. Millətlərarası və dinlərarası bölgülərə son qoymağın vaxtı çatıb. İnanıram ki, 21-ci əsr sülh və təhlükəsizlik əsri olacaq”, - deyə Anar Abdulov qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR