Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

“Yekun delimitasiya qərarı Brüsseldə yox, Moskvada veriləcək” - İNCƏLƏMƏ...

“Yekun delimitasiya qərarı Brüsseldə yox, Moskvada veriləcək” - İNCƏLƏMƏ...

Tarix: 23-11-2021, 08:50


Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya prosesində praktik irəliləyiş müşahidə olunmur. Hər iki tərəf buna hazır olduqlarını bəyan etsələr də, İrəvan sözdən əmələ keçmir. Noyabrın 16-da baş verən bir günlük müharibə də sərhədlərin dəqiqləşdirilməsi prosesini sanki müəyyən qədər yubadacaq.

Eyni zamanda Rusiya lideri Vladimir Putinin “Valday” klubunda xəritələrin Baş Qərargahda olduğunu deməsi və başqa ölkələrin delimitasiya prosesində iştirakına lüzum olmadığına işarə vurması Avropa Birliyinin və ABŞ-ın xoşuna gəlməyib. Əslində 15 dekabrda Brüsseldə keçiriləcək ikitərəfli görüş də dolayısı ilə Moskvaya bir eyhamdır ki, Rusiyanın iştirakı olmadan danışıqlar təşkil edilir. Qərb belə bir təşəbbüsü bundan əvvəl Gürcüstan vasitəsilə həyata keçirmişdi, minaların xəritəsini alıb, əvəzində erməni diversantların İrəvana təhvil verilməsinə nail olmuşdu. Ancaq təbii ki, indi Kreml 15 dekabra qədər tərəfləri bir araya gətirməyə səy göstərəcək. Bütün bu mürəkkəb və kənar oyunçuların təsirləri səbəbindən Azərbaycan və Ermənistan öz aralarında anlaşa, sərhədlərin dəqiqləşdirilməsi prosesini reallaşdıra bilmirlər. Eyni zamanda Paşinyan hakimiyyətinə müxalifətin ciddi təzyiqləri var və xəritələr çəkilməsində hansısa ərazinin bizim nəzarətimizə keçməsini erməni xalqına xəyanət kimi qələmə verirlər. Bu mənada Paşinyan geri çəkilməli olur və delimitasiyanın heç də torpaq güzəşti olmadığını izah edə bilmir. O halda bu, nə zaman başlayacaq? Delimitasiya və demarkasiya olarsa, Xankəndi, Xocalı, keçmiş Ağdərə ərazisi və digər işğalda qalan torpaqlarımız avtomatik Azərbaycanın nəzarətinə keçəcək. Deməli, yeni vəziyyət yaranacaq. Ancaq Paşinyan Qarabağı istisna edir və “artsax” iddiasından əl çəkmir, belədə isə delimitasiya, ərazi bütövlüyünün tanınması məsələsi açıq qalır. O şəhərlərdə, qəsəbələrdə Azərbaycan vətəndaşı olan erməni əhali bizim vətəndaş kimi yaşamalıdır. Onlarla davranış, Azərbaycana inteqrasiyası və s. müəyyən çətinliklər yarana bilər. Dövlət bunun üçün nə kimi tədbirlər görməlidir?

Onu da demək lazımdır ki, Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Brüssel görüşündə delimitasiya ilə bağlı müəyyən pozitiv qərarlar ola bilər: “Ancaq bu görüşdə yalnız fikir mübadiləsi aparılacaq, konkret hansısa qərar gözlənilmir. Çünki ikitərəfli münasibətlərin qaydaya salınması Rusiyanın moderatorluğu ilə həyata keçiriləcək. Üstəlik, Kreml delimitasiya haqda təkliflərini hər iki tərəfə göndərib, Peskov da açıqlayıb ki, Bakı və İrəvan məlumatlıdır. Məncə, sərhədlərin delimitasiya və demarkasiyası haqda yekun nəticəyə Moskva görüşündə gəlinəcək”.

Q.Hüseynli xatırlatdı ki, 1920-ci illərin xəritəsi əsasında sərhədlərin müəyyənləşdirilməsi işi aparılacaq: “Putin dedi ki, xəritələr bizdədir, yəni digər həmsədr ölkələrin iştirakına ehtiyac yoxdur. Ancaq indidən Ermənistanda vay-şivən qoparılır, İrəvanın müxtəlif ərazilərində mitinqlər keçirilir, aksiyalarda delimitasiya və demarkasiya haqda həyəcan təbili çalınır. Müxalifət iddia edir ki, artıq hər şey qabaqcadan danışılıb və guya Ermənistanın əleyhinə olan qərarlar verilib. Lakin heç bir əsası yoxdur, delimitasiya və demarkasiya nəticəsində Ermənistanın ərazisinə müdaxilə olunmur. Sadəcə, sovet xəritələri əsasında iş aparılacaq və sərhədlər bilinəcək. Bu olmadan sülh müqaviləsi mümkün deyil. Ona görə Brüssel görüşü Fransa və ABŞ-ın sülhyaratma missiyasını ələ keçirmək xarakteri daşısa da, inanmıram ki, Rusiya təşəbbüsün əldən çıxmasına imkan versin”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan 10 noyabr sənədində götürdüyü öhdəlikləri yerinə yetirmir. Onun sözlərinə görə, həmin şərtlərdən biri də məhz delimitasiya işləridir: “Sülh sazişinin olması üçün tərəflər bir-birinin ərazi bütövlüyünə hörmət göstərməlidir. Amma İrəvan 10 noyabr bəyanatında götürdüyü öhdəliyi icra etmir. Ermənistanın ucbatından 30 ildə sərhədləri müəyyənləşdirmək mümkün olmur. Artıq müharibə başa çatıb, lakin İrəvan prosesi uzadır. Son sərhəd toqquşmaları göstərdi ki, delimitasiya işləri tezliklə başlanmalıdır. Erməni tərəfi iddia edir ki, onların suveren ərazisinə daxil olmuşuq, 41 kvadratkilometr nəzarətimizə keçib. Əgər sərhədlər müəyyən olunmayıbsa, İrəvan bunu necə iddia edə bilər?”

X.Bəşirov hesab edir ki, Ermənistanın sədrlik etdiyi KTMT-də belə üzv ölkələr onu delimitasiyaya çağırır: “Paşinyan KTMT-yə 16 noyabr hadisələrinə görə bir daha üz tutdu, gördü ki, nəticə yoxdur. Deməli, 10 noyabr sənədindəki müddəaları yerinə yetirməlisən. Putin də ”Valday"da xatırlatdı ki, delimitasiya məsələsi nə dərəcədə zəruridir. Əgər 15 dekabrda keçiriləcək görüşdə də Brüsselin vasitəçiliyi ilə müsbət nəticələr əldə olunacaqsa, rəsmi Bakı buna xoş yanaşacaq. Zənnimcə, Brüssel görüşündən sonra delimitasiya işləri ilə bağlı pozitiv nəticələrə şahid ola bilərik. Yalnız bundan sonra uzunmüddətli və dayanıqlı sülh müqaviləsinə doğru irəliləmək mümkündür".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Putinlə Paşinyan arasında telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub: “Moskvanın bu zəngdə üç məqsədi var: Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılaşmadığı halda, niyə Avropa İttifaqının təklifini qəbul edib? İkincisi, Avropa İttifaqının təklifini qəbul edən Ermənistanın Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalara sadiqliyi yoxlanılır. Üçüncüsü, Brüssel görüşündən öncə Rusiyanın üçtərəfli görüş təklifini reallaşdırmaq niyyəti var. Moskva Avropa masasında vasitəçiliyinə qarşı mümkün risklərin qarşısını almaq istəyir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR