Son Xəbər: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq,

Erməni diversantlarının işləri tezliklə məhkəməyə göndəriləcək - GƏLİŞMƏ

Erməni diversantlarının işləri tezliklə məhkəməyə göndəriləcək - GƏLİŞMƏ

Tarix: 17-04-2021, 09:36



Ermənilər Azərbaycanda saxlanılan “hərbi əsir” saydıqları 62 diversantla bağlı ölkəmizə qarşı hay-küy kampaniyasını davam etdirirlər. Ermənistan təmsilçiləri qarşılarına kim çıxdısa, kimin telefonuna zəng çatdısa, onunla bu məsələni müzakirə edir, Azərbaycanı “haqsız” çıxarmağa çalışırlar.

Rəsmi Bakı isə 10 noyabr Bəyannaməsinin imzalanmasından xeyli müddət sonra, ermənilərin etiraf etdiyi kimi, dekabr ayında Azərbaycan ərazisinə keçərək cinayətlər törədən dəstə üzvlərinin terrorçu olduğunu bildirərək, onlar haqda cinayət işi qaldırıldığını bəyan edir.

Ermənistan hətta həyasızcasına iddia edir ki, Azərbaycanda 300-dən artıq “əsir” var. Rəsmi Bakı humanizm prinsiplərini əldə rəhbər tutaraq əsir və girovların böyük hissəsini heç bir şərt irəli sürmədən geri qaytarsa da, ermənilərin dünya boyunca şivəni səngimir.

Xatırladaq ki, dövlətimizin başçısı Azərbaycanda erməni əsirlərin olmadığını, saxlanılan şəxslərin isə mülki vətəndaşlarımıza və hərbçilərimizə qarşı terror-diversiya hərəkətlərii etdiyini, nəticədə itkilər verdiyimizi bildirib. XİN başçısı Ceyhun Bayramov isə bildirib ki, dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, üçtərəfli bəyanata əsasən, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb: “Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbçiləridir, Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var”.

Nazir deyib ki, Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. “Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekulyasiyalarla üçtərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”, - C.Bayramov əlavə edib.

Ermənistan Rusiya rəhbərliyinə Bakıdakı terrorçuları xilas etməsi üçün xeyli müddətdir minnətçi düşüb, amma Bakı mövqeyində qətidir. Ancaq artıq onlar beşinci aydır ki, saxlanılırlar. Bəs açılan cinayət işləri ilə əlaqədar istintaq gedirmi, məlumat varmı? Bu həm də ona görə lazımdır ki, Ermənistan da, bütün dünya da onların hərbi əsir yox, terrorçu-diversant olduğuna əminlik hasil etsinlər. Diversantların işləri nə vaxt məhkəməyə göndəriləcək?

Məsələ ilə bağlı rəsmi qurumlardan məlumat ala bilmədik.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ermənilər ciddi cəhdlə həmin terrorçuların azad olunmasına çalışırlar: “Paşinyan Rusiyaya səfərləri zamanı bu məsələni dəfələrlə qaldırıb. Ermənistanın ayrı-ayrı qurumları davamlı olaraq bu məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət edir. Ermənistan hay-küy salmaqdansa, revanşist bəyanatlara və təxribatlara son qoymalıdır. O hərbiçilərin 10 noyabr razılaşmasından sonra orada nə işləri var idi? Onları ora kim göndərmişdi? Onların bunun nəticəsinin yaxşı olmayacağını bilməli idilər. Azərbaycan bu kimi sərt qərarlar qəbul etməsə, bu kimi təxribatlar davam edəcək və daha intensiv xarakter alacaqdı”.

C.Məmmədov bir daha qeyd etdi ki, Azərbaycan tərəfi dəfələrlə birmənalı olaraq həmin şəxslərin hərbi əsirlər yox, terrorçular olduğunu bəyan edib: “Sözügedən məsələ bilavasitə Prezident İlham Əliyevin nəzarətindədir. Dövlət qurumları müvafiq prosedurları həyata keçirirlər. Bu məsələ ilə bağlı zəruri olan bütün addımlar atılır. Zamanı gəldikdə Azərbaycan cəmiyyətinə daha geniş və ətraflı məlumat veriləcək”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə məsələ ilə bağlı xeyli işlərin görüldüyünü qeyd etdi: “Bildiyimə görə, erməni diversantların işi ilə bağlı istintaq yekunlaşmaq üzrədir. Bu məsələni çox uzatmaq olmaz. Dünyaya bunların terrorçu olduğunu bəyan etməmiz üçün əlimizdə hüquqi sənəd olmalıdır. Ermənilərin bununla bağlı bütün dünyaya bəyan etdikləri ”hərbi əsir" fikrini darmadağın etmək üçün onlar mühakimə olunmalıdır. Ondan sonra bununla bağlı gəlişmələrə baxılmalıdır".

Q.Çaxmaqlı ermənilərin girovluğunda 7 ilə yaxın əzab çəkmiş Kəlbəcər girovlarını da xatırlatdı: “Dilqəmlə Şahbazı onlar cinayətkar elan edəndən sonra onların qaytarılması necə çətinləşdi, hamının yadındadır. Biz də o yolla getməliyik”.

Ermənistanda isə itkin hərbçilərin yaxınlarının etirazları davam edir, hökumət küncə sıxılmış vəziyyətdədir. Olsun, bunun məsuliyyəti və günahı özlərindədir. Beynəlxalq səviyyədə cəhdlərə gəldikdə, öz dədə-baba yurdlarını, əzizlərinin məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedənlərə illər uzunu işgəncə veriləndə susan beynəlxalq aləmin Şirakdan terror törətmək üçün göndərilən diversantların azad olunması istiqamətində cəhdlər göstərməsi nonsesdir. Onların nə deməsindən asılı olmayaraq, Azərbaycan terrorçulara layiq olduqları cəzanı verəcək, buna şübhəmiz yoxdur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR