Son Xəbər: Erməni diversantlarının işləri tezliklə məhkəməyə göndəriləcək - GƏLİŞMƏ, Bakıda iki qadın hosteldə boğularaq öldü,

“Qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq”

“Qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq”

Tarix: 6-03-2021, 18:28


“Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”.

Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı AZƏRTAC-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, dövlət başçısı son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb. Yeni Azərbaycan Partiyasının Vl qurultayından ötən dövr ərzində də Azərbaycan və regionun həyatında mühüm dəyişikliklər baş verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb.

M.İbrahimqızı deyib ki, aparılan düzgün siyasət nəticəsində siyasi və iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Ən əsası, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. YAP-nın VII qurultayının keçirilməsinin əsas səbəblərindən biri ölkədə və regionda yaranmış yeni reallıqlardır. Nəzərə alınmalıdır ki, bundan əvvəlki dövrlərdə Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı, Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaradıb.

Deputatın sözlərinə görə, yeni dövrdə Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Konseptual nöqteyi-nəzərdən Azərbaycanın gələcək inkişafı ilə bağlı dərin əsaslandırılmış proqramların, aydın baxışın olması, siyasi dialoqun daha da dərinləşdirilməsi, ölkənin əksər siyasi partiyalarının iqtidarın siyasi dialoq təşəbbüsünü dəstəkləməsi, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi, inhisarçılığa son qoyulması, özəl sahibkarlığın inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdir:

“Təbii ki, qarşıya qoyulan vəzifələr sırasına məqsədyönlü və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi də daxildir. Dövlət başçısı da YAP-ın VII qurultayında çıxışı zamanı bu vəzifələrdən geniş bəhs etdi. Bu baxımdan YAP-ın da qarşısında duran vəzifələr var. Ümumiyyətlə, bu tədbir ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.

Məlahət İbrahimqızı qeyd edib ki, YAP gələn il 30 illik yubileyinə yeniləşmiş formatda qədəm qoyur. Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə tətbiq edilməlidir. Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvlər də fəal olmalı, ümumi işə öz töhfəsini verməlidirlər. Partiyamızın sədri, Prezident İlham Əliyevin tövsiyələri bu baxımdan bizim üçün proqram xarakteri daşıyır.

Altı siyasi partiyanın YAP-a qoşulmasını əlamətdar hadisə kimi qeyd edən deputat deyib:

“Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidir. YAP Böyük Qayıdış proqramını çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır. YAP hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan gənc nəslin tərbiyə edilməsi məsələsini daim diqqətdə saxlayacaq və bütün lazımi tədbirləri görəcək. Bu, bizim qarşımızda duran vəzifələrdəndir”.

YAP çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda milli həmrəyliyin daha da möhkəmlənməsi istiqamətində fəallığını daha da artıracaq. Partiyamız bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində daha məsuliyyətlə və fəallıqla çalışacaq.




RƏYLƏR


XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR