Son Xəbər:
Tarix: 15-03-2023, 19:28
“ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxs qismində Fuad Məmmədov dindirilib.
O, ifadəsində bildirib ki, Aqil Babayevi 1987-ci ildən tanıyır, bir məhlədə böyüyüblər, dini savadı yüksək olduğuna görə ona hər zaman etimad göstərib, 2002-2003-cü illərdən isə onun “İmam” olmasına inanıb.
F.Məmmədov qeyd edib ki, A.Babayevi tanımazdan əvvəl bir müsəlman kimi İslam dininə böyük maraq göstərib, Səudiyyə Ərəbistanı və digər xarici ölkələrdə olub və kifayət qədər dini savad sahibidir.
“Baxmayaraq ki, mən də Qurani-Kərimi oxumuşdum, dini bilgilərim vardı, amma bir sıra suallara cavab tapa bilmirdim. Bir çox dindardan da bu suallara cavab almaq istəmişdim, lakin heç biri məni qane edən cavablar verə bilmirdilər. Aqil Babayev isə məni düşündürən bütün sualların cavabını geniş izah etdiyi üçün onu İmam kimi qəbul etdim”, - F.Məmmədov deyib.
O qeyd edib ki, bu səbəbdən də ayda 300 manat olmaqla, A.Babayevə toplam 51 min manat zəkat verib.
Fuad Məmmədov ifadəsində onu da bildirib ki, Aqil Babayevin qadınlara qarşı əxlaqsız hərəkət etməsi barədə ilk dəfə dostu Faiq Abdullayevdən eşidib. Bundan sonra isə bir neçə dəfə A.Babayevlə görüşmək istəsə də, bu, baş tutmayıb. İyunun 8-də isə Aqil Babayevin Buzovnada yerləşən bağ evinə gedib, orada F.Abdullayev və digərləri A.Babayevə qadınlara qarşı əxlaqsız hərəkət etdiyini deyiblər.
Fuad Məmmədov bütün bunları bildiyi halda, həmin vaxt səhər saat 6-dək Aqil Babayevlə bir yerdə qalıb, birgə namaz qılıblar, səhər isə onu öz maşını ilə Xətaidəki evinə aparıb.
Vəkil Elnur Quliyev Fuad Məmmədova sual olaraq bildirib ki, “Aqil Babayevin qadınlara qarşı əxlaqsız hərəkət etdiyini bildiyin halda, necə oldu ki, saat 6-dək onu gözləyib və öz maşınınla evinə gətirdin”? F.Məmmədov cavab olaraq vurğulayıb ki, müsəlman olaraq sonuncu borcunu yerinə yetirib.
Fuad Məmmədov ifadəsində onu da deyib ki, 2000-ci ildə A.Babayevdən bəzi dini sualları yazılı cavablandırmağı xahiş edib. Bundan sonra isə Aqil Babayev onun bütün suallarını yazılı cavablandırıb. Hansı ki, F.Məmmədov həmin məktubları sübut kimi məhkəməyə təqdim edib.
F.Məmmədov qeyd edib ki, Aqil Babayevin qadınlara qarşı əxlaqsız hərəkət etdiyini eşitdiyi üçün ona verdiyi zəkatı geri istəyir.
Vəkil Ceyhun Yusifov ona sual verib ki, sənin zəkatı verməkdə məqsədin nə idi? F.Məmmədov isə deyib ki, zəkat vermək müsəlmanın borcudur, Allahın razılığını qazanmaq üçün. Vəkil isə təkrar sual edib ki, bəs, sən Allahın razılığını qazanmadığını hardan bilirsən? O isə “qazanmadığımı hiss etmişəm”, - deyə cavab verib.
Aqil Babayev isə Fuad Məmmədovun ifadəsinə cavab olaraq deyib ki, o, heç bir iddiaları qəbul etmir. O, F.Məmədova hər zaman maddi-mənəvi dəstək olduğunu, hazırda idarə etdiyi avtomobili və yaşadığı evi ona şəxsən hədiyyə etdiyini bildirib. Eyni zamanda, F.Məmmədovun zəkat verməsindən də xəbərsiz olduğunu qeyd edib.
A.Babayev onu da bildirib ki, o, həbs olunmazdan bir gün əvvəl bağ evinə hücum edilməsinin, evindən 10 milyon manat götürülməsinin və kamera görüntülərinin sıradan çıxarılmasının Fuad Məmmədov şahidi olub və bu hadisənin öncədən planlaşdırılmasında birbaşa iştirak edib.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Hurriyyet.az