Son Xəbər:
Tarix: 6-02-2024, 13:15
Gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşımaq, zəhmət və fədakarlığı ilə bildiklərini şagirdlərinə aşılamaq, öyrətmək və daim öyrənmək, didaktik, kommunikativ təşkilatçılıq əsl müəllimin yaşamaq prinsipidir.
Körpə ürəklərdə çıraq tək yanır , çətin sınaqlarda məğrur dayanır. Gözünün nurunu gözlərə, biliyini balaca beyinlərə ötürür.
Körpə könüllərdə məşəl yandıran müəllimlərdən biri də Həsənova Səbinə Əşrəf qızıdır. Səbinə xanım 27.09.1973 –cü ildə Gəncə şəhərində anadan olub. Dünyaya göz açdığı doğma şəhərində 32 saylı orta məktəbi bitirib. Ali təhsilini GDU-da ibtidai təhsilin pedaqoqikası ixtisası üzrə alıb. Müəllimlik peşəsinə böyük məhəbbət Səbinə xanımı elmin çınqıllı yollarını məharətlə addımlamağa sövq edir. Təhsilini Lomonosov adına Moskva Dövlət universitetində davam etdirir.
Yaxşı müəllim olmaq üçün uşaq psixologiyasına dərindən bələd olmağı mütləq hesab edən Səbinə xanım gələcəkdə savadlı, özünəinamlı şagirdlər yetirmək üçün Moskvada pedoqoji psixologiya üzrə təhsilini davam etdirir.
Artıq 33 ildir ki, 4 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. Şamtək özünü sənəti yolunda əridib şagirdlərinə işıq verir.
Səbinə Həsənova öyrətməklə kifayətlənməyib, təhsillə bağlı müxtəlif layihələrdə fəallıq göstərib. (2008-2015). Ölkə hüdudlarından kənarda da müxtəlif kurs və seminarlarda iştirak edib. Dünya elmindəki yeniliklərin Azərbaycan təhsilində tətbiqi istiqamətində usanmadan çalışan Səbinə xanım Polşa, Çexiya, Almaniya, Hollandiya, Rusiya kimi böyük ölkələrdə Azərbaycanı təmsil edib.
Praqada məktəbəqədər təhsillə bağlı “Montessori” layihəsi ilə tanış olub. Bu yeniliyi ölkəmizə gətirmək və tətbiq etmək qərarına gəlir. Bununla bağlı layihə təqdim edir. “Məndən maliyyə dəyəri 500$-ı aşmayacaq layihə təqdim etməyi istədilər. Lakin təqdim etdiyim layihənin dəyəri 30.000$-ı aşdı. Və ABŞ-dan bu məbləğdə avadanlıqlar göndərildi. Qalib olduğum müsabiqədə mükafat olaraq göndərilən 5000 manat vəsaitlə bu işə başladıq”
Dünyada hər şeyə dəyər vermək mümkündür, müəllim əməyinə əsla. Lakin müəllim əməyinə dövlət diqqəti müəllimin ən böyük mükafatıdır.
Səbinə xanım bu mükafata, “Əməkdar müəllim” adına layiq əsl müəllimdir.
Uğurun asılı olduğu yeganə şərt səbrdir, Səbinə xanım səbr və əzmlə addımlayır, hər şeyə rəğmən uğur qazanır.
Səbinə Həsənova 2009-cu ildə “İlin müəllimi” müsabiqəsinin qalibi, 2011-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Onlarla sertifikat və diplomlara layiq görülüb.
Hal-hazırda rəhbərlik etdiyi təhsil müəssisəsi də ən uğurlu və qabaqcıl təhsil ocağı sayılır. Təhsil müəssisəsində uşaqların təhsili ilə yanaşı, onların sağlamlığı da ümdə məsələlərdən hesab olunur. Sanitar –gigiyenik qaydalara yüksək səviyyədə riayət olunması müəssisəyə daxil olan zaman nəzərə çarpır.
Burada yüksək keyfiyyətli “Xarici dil” ,“Kosmos”, “Həyati bacarıqlar” və s. dərslər keçirilir. İdman və Şahmat dərsləri də yüksək kefiyyətdə təşkil olunur.
“4 yaşında fiziki problemli uşaq idman dərsləri sayəsində 6 yaşında buranı tam sağlam tərk edir. 2 nəfər şagirdimiz şahmat üzrə ölkə çempionu, 3 şagirdimiz isə “Elektron təhsil” müsabiqəsinin qalibi olub. Hər il müəllimləri Avropa və RF-na müxtəlif kurslara göndəririk”
“Təhsildə analitik düşünmə qabiliyyəti inkişaf etdirilməli, Avropa təhsilinin ölkəmizdə tətbiqi prioritet olmalıdır”.
Səbinə Həsənova millilik prinsipinin əsas olduğunu daim nəzərdə saxlamaqla nəslin gələcək nümayəndələrini elə formalaşdırmağa çalışır ki, onlar dünyanın hər hansı məkanına açılan pəncərədən rahatlıqla daxil ola bilsinlər.
Uşaqları sevən, onların intellektual, vətənpərvər, məqsədli şəxsiyyət kimi yetişməsi üçün əlindən gələni əsirgəməyən Səbinə xanımın həyatının əsas qayəsi öyrətmək, bilik və bacarığını aşılamaqdır.
Səbinə xanım yenilikçi, mükəmməl və yaradıcı olmağın yolunu ömür yaşamaq üçün deyil yaşam boyu öyrənməkdə görür.