Son Xəbər:
Tarix: 19-07-2024, 16:52
İlham Məhərrəm oğlu KAZIMOV: “Böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün səhiyyəmiz sürətlə inkişaf edir, həkimlərimizin dünyanın hər bir yerindən xoş sorağı eşidilir".
Son zamanlar hər bir sahədə olduğu kimi, tibb sahəsində də bir çox əsaslı islahatlar aparılıb. Ürəkaçan nəticələri də göz önündədir. Bu gün tibb sahəsində əldə olunan uğur hər birimizi sevindirir. Axı, həyatda insana hər şeydən öncə sağlamlıq əsasdır. Ona görə də deyiblər ki, sağlam bədəndə sağlam ruh olar.
Cəmiyyətimizin sağlamlığı keşiyində fədakarcasına çalışan, Hippokrat andına sadiq qalan, sevib-seçdiyi peşəsi ilə fəxrimiz olan həkimlərimiz çoxdur. Onların hər biri xəstəyə doğma münasibət bəsləməklə onlara həyat verir və onların doğmalarının, yaxınlarının sevincinə şərik olurlar. Hər bir həkim də yaxşı bilir ki, ona məsuliyyətli və şərəfli bir iş - insan taleyi tapşırılıb. Ona görə də həkim ona göstərilən etimadı layiqincə doğrultmaq üçün qollarını çırmayıb işə başlayır, elə ilk gündən peşəkar bir həkim kimi xalqın dərin hörmətini qazanmaq üçün əlindən gələnləri etməyə başlayır. Qədirbilən xalqımız da təcrübəli həkimə böyük hörmət və izzətlə müraciət edir və dərdlərinə çarə tapır, yalnız bundan sonra həkimin ünvanına xoş sözlər söyləyirlər.
Bu gün ölkəmizin hər bir guşəsində belə əhalinin sağlamlığı naminə ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı yüksək səviyyədədir. İnsan sağlamlığı naminə həkimlik peşəsi ilə ülfət bağlayan təcrübəli həkimlərimiz çoxdur. Onlardan biri də Kazımov İlham Məhərrəm oğludur.
QISA TANIŞLIQ:
Kazımov İlham Məhərrəm oğlu 22 avqust 1970-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub. 1975-ci ildə atası iş yerini dəyişdiyi üçün Sumqayıt şəhərinə köçüblər. Orta məktəbi Sumqayıt şəhərində bitirib. 1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. Eyni vaxtda 1998-ci ilə qədər Bakı şəhəri, Əziz Əliyev adına Travmatologiya Xəstəxanasında tibb qardaşı işləyib. Həmin ildə Tibb Universitetini bitirib. 1998-ci ildən 2013-cü ilədək Sumqayıt şəhəri 1 nömrəli xəstəxananın reanimasiya şöbəsində məsul həkim işləmiş, 1999-cu ildən 2002-ci ilədək Azərbaycan Ordusunda tibb xidməti baş leytenantı vəzifəsində çalışmışdır. 1987-ci ilin avqust ayının 1-də Sumqayıt şəhəri 1 nömrəli xəstəxanaya sanitar vəzifəsinə qəbul olunub. Tibb Universitetinə qəbul olana qədər 2013-cü ilin noyabr ayının 25-də Sumqayıt şəhəri 1 nömrəli xəstəxanada hemodializ şöbəsi açılıb. İlham həkim həmin şöbəyə müdir təyin olunub. Hal-hazıradək bu şöbədə fəaliyyətini şərəflə davam etdirir.
Ailəlidir, 2 qızı, 1 oğlu var. Həyat yoldaşı müəllimədir. Böyük qızı Bakı şəhərində XXI əsr məktəbində riyaziyyat və informatika fənnindən dərs deyir. Kiçik qızı uşaq bağçası tərbiyəçisi, oğlu isə Xəzər Universitetinin tələbəsidir.
Onu da qeyd edək ki, hələ uşaqlıq çağlarından İlham həkimin ən ümdə arzusu həkimlik peşəsinə yiyələnib, insanların sağlamlığı keşiyində durmaq olub. Ən nəhayət, arzusu da çin oldu. Bu gün İlham həkim sevib-seçdiyi həkimlik peşəsi ilə insanların sağlamlığı keşiyində durur, onların tezliklə sağalığ doğmalarına qovuşması üçün əlindən gələni əsirgəmir.
Məlumdur ki, bəşəriyyəti öz ağuşuna almış və geniş yayılmış olan şəkər xəstəliyindən milyonlarla insan əziyyət çəkir. Çoxları bu xəstəliyi həyat tərzi kimi qəbul etsə də, hər halda bu gün ölkəmizdə də bu bəladan əziyyət çəkənlər az deyil. Amma bütün bunların müqabilində dövlətimiz şəkər xəstəsi olan insanların qayğısına qalır. Ən müasir tibbi avadanlıqlarla təchiz olunan xəstəxanalarımızda həmin insanların ömürləri uzanır. Bir sözlə, savadlı və bacarıqlı həkimlərimizin sayəsində həmin xəstələr həyatla mübarizə aparır və qalib gəlirlər. İlham həkim Kazımov da mən deyərdim ki, öz bacarığı və savadı ilə insanlar arasında xüsusi hörmət qazanan həkimlərimizdən biridir. Onun haqqında onu tanıyanlardan soruşduqda hər kəs bu həkimin bacarığından, iş təcrübəsindən, səmimiliyindən və mehribanlığından ağızdolusu söhbət açır. Yaxşı həkim olması ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri ilə seçilir bu həkim. Həkimlik peşəsi ilə qəlbən ülfət bağlayan İlham həkim insanların sağlamlığı keşiyində dayanmaqdan qürur hissi keçirdiyini də dilə gətirrir.
İlham həkim Kazımovun bizimlə söhbət zamanı vurğuladıqları:
- Bu peşəyə bağlanmaqda əsas məqsədim insanlara sağlam bir həyat tərzi bəxş etmək olub. Xəstə insan görəndə çox kövrəlirdim. Onun şəfa tapmasını Allahdan arzu edirdim. Elə bu minvalla da qarşıma məqsəd qoydum ki, həkim olub insanların sağlamlığı keşiyində dayanacağam. Həm də bir müsəlləh əsgər kimi harada mənə ehtiyac olarsa, o yerdə də işləməyə hazıram. İşlədiyim müddət ərzində biz həkimlər ölkə rəhbərliyinin daim diqqət və qayğısını hiss etmişik. Sözsüz ki, bundan sonra da bu qayğı ilə əhatə olunacağıq. Böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün səhiyyəmiz sürətlə inkişaf edir, həkimlərimizin dünyanın hər bir yerindən xoş sorağı eşidilir. Əvvəllər sağlamlığımızı xarici ölkələrin həkimlərinə etibar edirdiksə, bu gün isə tam əksinə, öz həkimlərimizə etibar edirik. Bu da o deməkdir ki, artıq bizim ölkəmizdə də peşəkar həkimlər ordusu yetişməkdədir. Tibb ocaqlarımız, xəstəxanalarımız yüksək səviyyədə tibbi ləvazimatlarla təmin edilib, təcrübəli həkim ordusu yetişib.
Biz də inanırıq ki, bundan sonra da həkimlərimiz şərəfli və məsuliyyətli peşələrini layiqincə davam etdirəcəklər. Hər kəsə sağlam həyat tərzi arzulayırıq.
Osman deyər batma yasa,
Sən əlinə alma əsa.
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Cahan SALMANQIZI,
“Açıq Səma” qəzetinin redaktoru, peşəkar jurnalist, “Vicdanlı qələm”, “Ustad qələm sahibi” media mükafatları laureatı