Son Xəbər: Dövlət başçısı: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm platformaya çevrilib, MM-in növbəti plenar iclası oktyabrın 24-də keçiriləcək, Bu ay Elm və Təhsil Nazirliyinə 37 minə yaxın müraciət daxil olub, "Prezidentə təbrik məktubu göndərək” - Spiker, Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 7 məsələ var, ABŞ Prezidentinin xüsusi elçisi və Ermənistan səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər, Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq, Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur - XRONİKA, Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb, Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək,

Sahibkar Şamil Heydərovdan açıqlama: “Heç bir mübahisəm olmayıb, əksinə, abadlıq işlərinə dəstək vermişəm”

Sahibkar Şamil Heydərovdan açıqlama: “Heç bir mübahisəm olmayıb, əksinə, abadlıq işlərinə dəstək vermişəm”

Tarix: 14-10-2025, 09:01

 

Bakının Nəsimi rayonu, 2-ci mikrorayon ərazisində aparılan abadlıq işləri ilə bağlı sosial mediada və bəzi internet resurslarında yayılan məlumatlara aydınlıq gətirilib. Tanınmış sahibkar, “Altes Group” şirkətlər birliyinin rəhbəri Heydərov Şamil Hilal oğlu yayılan iddialarla bağlı öz rəsmi mövqeyini açıqlayıb.

“Kanal 7 əməkdaşı heç bir sənəd təqdim etmədən çəkiliş aparıb”

Sahibkarın sözlərinə görə, bəzi media qurumları, xüsusən də Kanal 7 internet televiziyası tərəfindən yayılan reportajda onun guya abadlıq işlərinə mane olması ilə bağlı iddialar tamamilə əsassızdır:

“Mən bildirirəm ki, Nəsimi rayonu 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi 11 ünvanında yaşayan sakinlərlə heç bir söz-söhbətim olmayıb. Həmin ünvanda abadlıq işləri aparılır və mən bu prosesə yalnız köməklik göstərmişəm. Kanal 7 internet televiziyasının əməkdaşı əraziyə gələrək heç bir xidməti vəsiqə təqdim etmədən çəkiliş aparıb və elə bir təsəvvür yaradıb ki, guya mən bu işlərin qarşısını alıram. Bu tamamilə yalandır.”

Şamil Heydərov bildirib ki, çəkilişin yayımlandığı günün səhəri əraziyə gedərək sakinlərlə şəxsən görüşüb və vəziyyəti aydınlaşdırıb. Görüş zamanı sakinlər də təsdiq ediblər ki, hər hansı qarşıdurma və ya narazılıq olmayıb.

“Əksinə, mən onlara dedim ki, ərazinin abadlaşdırılmasına sevinirəm və bu işlərdə maddi və mənəvi dəstəyimi əsirgəməyəcəyəm. Mən vətənimi, xalqımı sevən insanam. Hal-hazırda rəhbərlik etdiyim şirkətlərdə minlərlə insan işləyir və hər biri mənim üçün dəyərlidir.”

“Biz hər zaman dövlətimizin yanındayıq”

Heydərov vurğulayıb ki, ailəsi və rəhbərlik etdiyi şirkətlər dövlətə və cəmiyyətə dəfələrlə dəstək göstərib, o cümlədən Vətən müharibəsi dövründə orduya 400 min manatdan artıq ianə edib:

“Bu yardımı biz heç bir təbliğat məqsədilə deyil, vətən sevgisi ilə etmişik. Mən 33 ildir sahibkarlıq fəaliyyəti ilə məşğulam, dövlətə daim vergi ödəmişəm və bununla fəxr edirəm. Bəzi “jurnalistlər” isə məqsədli şəkildə sahibkarları ləkələməyə, nüfuzdan salmağa çalışırlar. Bu yolverilməzdir.”

“Ağac kəsmə iddiaları da əsassızdır”

Son günlər bəzi saytlarda yayılan “sahibkar ağacları kəsdirir” kimi iddialara da aydınlıq gətirən Heydərov bildirib ki, əksinə, həmin ərazidə ağacların əkilməsi və yaşıllaşdırma işləri onun şəxsi vəsaiti hesabına aparılıb:

“Həmin ərazidə 10-20 ağacı öz vəsaitimlə əkdirmişəm. Həmçinin yaxınlıqdakı 9 nömrəli tam orta məktəbin həyətinə və ətrafına 150-dən çox şam ağacı əkdirmişik. Hazırda bu ağacların hündürlüyü 6-10 metrə çatıb. Mən təbiətin qorunmasına, abadlığa xüsusi önəm verirəm.”

“Reket tipli yazılara inanmayın”

Sahibkar bəzi xəbər portallarının və internet televiziyalarının məqsədli şəkildə ona qarşı qarayaxma kampaniyası apardığını bildirib. Onun sözlərinə görə, bu cür yazıların arxasında şəxsi maraqlar və təzyiq cəhdləri dayanır:

“Reket tipli yazılara inanmayın. Onların məqsədi sahibkarları qorxutmaq, nüfuzdan salmaq və müəyyən maddi mənfəət əldə etməkdir. Mən artıq bu məsələ ilə bağlı hüquqi addımlar atıram və Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəsmi şikayət təqdim edərək, Fim.az, Kanal 7 internet tv-i və Bakunews.az saytlarının qanun qarşısında cavab vermələrini xahiş etmişəm. Mənə belə gəlir ki, adlarını qeyd etdiyim saytlar, hal-hazırda məhbəs həyatı yaşayan “Gundelik-baku.com” online qəzetinin baş redaktoru Habil Vəliyevin diqtəsi ilə hərəkət edirlər. Vaxtı ikən Habil Vəliyev rəhbəri olduğu qəzetdə və saytda barəmdə xoşagəlməz yazılar dərc etmişdi. Lakin həmin yazıların həqiqətə uyğun olmadığı məhkəmə qaydasında sübuta yetirildi. Amma adını qeyd etdiyim baş redaktor qanunsuz əməllərindən əl çəkməyərək, öz neqativ əməllərinə davam etdi. Amma yenidən layiqli cəzasını aldı. Görünür Habil Vəliyev hələ də islah olunmayıb və özü ilə birlikdə şəbəkə yaradıb. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq.”

“Torpaq sahəmin abadlıq işləri ilə heç bir əlaqəsi yoxdur”

Heydərov onu da qeyd edib ki, bəhs olunan ərazidə yerləşən 12 sotluq torpaq sahəsi ona məxsusdur, lakin aparılan abadlıq işləri həmin ərazi ilə əlaqəli deyil:

“Mənim həmin torpaq sahəmin bu işlərlə heç bir bağlılığı yoxdur. Əgər ehtiyac yaranarsa, o ərazini də şəxsi vəsaitim hesabına abadlaşdıraraq dövlətə təhvil verməyə hazıram.”

Sahibkar sonda bildirib ki, hüquqi dövlətdə yaşamağımız onu ümidləndirir və yalan məlumat yayan şəxslərin qanun qarşısında cavab verəcəyinə inanır.

“Mən hər zaman dövlətimin, cənab Prezidentin yanındayam. Dövlətimə sədaqətlə xidmət etməyi şərəf bilirəm. Haqsızlığa susmayacağam, çünki 33 illik fəaliyyətim dövründə həmişə şəffaf, qanunlara uyğun işləmişəm və bu yoldan dönməyəcəyəm.”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR