Son Xəbər:
Tarix: 29-01-2022, 15:34
Yanvarın 30-da müstəqil Azərbaycanda gömrük orqanlarının yaradılmasının 30-cı ili tamam olur. Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradılıb. Mərhum Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixi gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Hazırda Azərbaycan Gömrük Xidməti hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.
Dövlət Gömrük Komitəsinin sədrləri bu şəxslər olub:
DGK-nin ilk sədri Tofiq Kərimov olub. O, 4 iyun 1992-ci ildən 5 oktyabr 1992-ci ilə qədər çalışıb. Kərimov bundan başqa daxili işlər naziri də olub. 1937-ci ildə doğulan T.Kərimov 1995-ci ildə vəfat edib.
T.Kərimovdan sonra Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini İbrahim Vəliyev tutub. O, 1992-ci il oktyabrın 5-dən 1993-cü ilin 30 iyuluna qədər bu vəzifədə işləyib. İ.Vəliyev 1948-ci ildə Qərbi Azərbaycanın Əşdərək rayonunun Nəzərəvan kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1974-cü ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin hüquq fakültəsinin "Mülki hüquq " kafedrasında müəllim işləyir.
Daha sonra bu vəzifəyə Tahir Əliyev təyinat alıb. O, 30 iyul 1993-cü ildən 10 yanvar 1995-ci ilə qədər komitəyə rəhbərlik edib. Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. Azərbaycanın müdafiə naziri və daxili işlər naziri olub. Hazırda ehtiyatda olan generaldır.
1995-ci il yanvarın 17-də Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. O, 6 fevral 2006-cı ildə komitə sədri vəzifəsindən azad olunub. General-polkovnik Kəmaləddin Heydərov həmin gündən Azərbaycanın fövqəladə hallar naziridir. 1961-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universiteti (keçmiş Azərbaycan Dövlət Universiteti) və Azərbaycan Universitetini bitirib.
Aydın Əliyev 2006-cı il fevralın 6-da komitə sədri təyin olunub. O buna qədər DGK sədrinin birinci müavini işləyib. 23 aprel 2018-ci ildə isə rəhbər vəzifəsindən azad olunub. A.Əliyev 1957-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) hüquq fakültəsini bitirib. Elə həmin il universitetdə müəllim vəzifəsindən işə başlayıb. 1980-1992 illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi olub. Ehtiyatda olan gömrük xidməti general-polkovnikidir.
Dövlət Gömrük Komitəsinin hazırkı sədri Səfər Mehdiyevdir. Gömrük xidməti general-polkovniki S.Mehdiyev 23 aprel 2018-ci ildən indiyə kimi komitə sədridir. O, 1973-cü il martın 17-də anadan olub. Orta təhsili başa vurduqdan sonra həqiqi hərbi xidmət keçib. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib.