Son Xəbər:
Tarix: 29-03-2022, 22:10
Qloballaşan dünyada milli adət ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib.
Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunun yüksək qiymətləndirən Azərbaycan xalqının ümumi lideri Heydər Əliyev deyirdi:
“Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”.
Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.
Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür.
Dövlət başçısı bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Milli adət və ənənələrimiz və onların əsasında formalaşdırılan milli mənəvi dəyərlər sistemi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu prosesinə öz töhfəsini verməkdə davam edir.
Büllur Məmmədova
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyin sədri