Son Xəbər:
Tarix: 25-02-2025, 15:04
Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub". Pakistan İslam Respublikası islam dünyasının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada atom silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir.
Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri daha böyük diqqətə və xüsusi əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən sıx əlaqələri yaranmış və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkə Pakistandır. Pakistan İslam Respublikası Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. Bu gün Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli intensiv münasibətlər mövcuddur. İndiyədək hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib, Kəşmir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşıb və bu münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. 44 günlük vətən müharibəsi dönəmində və ondan sonrakı müddətdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycanın Vətən Müharibəsində Qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcək. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamışdır. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək.
Surac Şahverdiyev – Masallı rayonu Musaküçə kəndi