Son Xəbər:
Tarix: 20-05-2020, 16:35
Dünyanı lərzəyə salan COVİD-19 yeni növ koronavirus infeksiyasının əlamətləri barədə mediada kifayət qədər materiallar dərc edilir. Hazırda boğazı qıcıqlanan, öskürən, qrip olan, nəfəs almada çətinliyi yaranan, dad-qoxu bilmə qabiliyyətini itirən əksər şəxslər koronavirus şübhəsi ilə əndişə içində yaşayırlar.
Dünyada olduğu kimi, bu virusdan ölkəmizdə də dünyasını dəyişənlər var. Bəs, Azərbaycanda koronavirusdan ölənlərdə daha çox yuxarıda sadaladığımız hansı əlamətlər aşkar edilib?
Mediabiz.az xəbər verir ki, bu suala TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavab verib.
İnfeksionist 80 faiz insanın koronavirusa yoluxduğundan xəbərsiz olduğunu bildirib:
"Koronavirus əlaməti hər insanda fərqli göstərir. Qripi hər insan eyni keçirmir. Bəziləri daha ağır formada keçirir, bəziləri daha yüngül formada keçirir. Koronavirus da onun kimidir. Statistik olaraq orta hesabla yüzdə 80 faiz ehtimalla insanlar koronavirusu yüngül formada keçirir. Bəziləri heç koronavirusa yoluxduğunu belə bilmir, o dərəcədə. Yəni, heç bir temperatur olmur, başqa bir narahatlıq olmur. Cüzi temperatur ola da bilər, olmaya da bilər. Əlavə olaraq halsızlıq, yorğunluq, boğaz ağrısı, dadbilmə, iybilmənin itməsi, diareya, əzələ ağrıları kimi şikayətlər olur. Amma daha çox, əsas şikayət temperaturdur, öskürəkdir və daha ağır formalarda nəfəs darlığıdır. Hər xəstədə bu o demək deyil ki, bütün əlamətlər görünəcək. Elə bir şey yoxdur.
"Heç özü koronavirus olduğunu bilməyə də bilər"
Elə xəstə var ki, ağır formalarda süni tənəffüs aparatına bağlana bilər, elə xəstə də var ki, yüngül formada, ayaqüstə keçirir. Heç özü belə koronavirus olduğunu bilməyə də bilər. Deyər ki, adi soyuqlamışdım, soyuq dəymişdi mənə. Belə də deyirlər. Amma yoxlasan həmin insan da koronavirusa yoluxa bilər. Təbii ki, bunlar yaş faktoru ilə yanaşı gedən xəstəliklə bağlı ola bilər, klinik əlamətlər daha yüngül və daha şiddətli formada keçə bilər.
"Birinci növbədə daha çox müşahidə edilən temperaturdur"
Dünyada da, ölkəmizdə də belədir, araşdırılıb. Koronavirusa yoluxan yüz xəstənin 90-da qızdırma olub, 70-də öskürək var, yüzdə 60-da nəfəs darlığı var, yüzdə 10-da əzələ ağrıları olub, digər 90-da olmayıb. Faiz etibarı ilə daha çox görünən əlamətlər temperatur, öskürək və nəfəs darlığıdır. Hər insanda fərqli-fərqli əlamətlərlə gedir. Məsələn, koronavirusun 10 əlaməti varsa, bir insanda bunun 3-ü görünə bilər, 7-i görünməyə bilər. Digər insanda beşi görünər, beşi görünməz. Elə adam da ola bilər ki, bütün əlamətlər görünə bilər. Ağır formalarda birinci növbədə daha çox müşahidə edilən temperaturdur".(Milli.az)