Son Xəbər:
Tarix: Bugün, 09:32
Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbinİ (BANM) ziyarət edib.
Qonaq əvvəlcə BANM-in kampusu, müasir tədris infrastrukturu, laboratoriyaları və tələbələr üçün yaradılmış innovativ təhsil mühiti ilə tanış olub.
BANM-in rektoru Elmar Qasımov Kral III Msvatiyə Ali Məktəbin fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və tələbələrin əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
Daha sonra qonaq BANM-in tələbə və əməkdaşları ilə görüşüb.
Görüşdə çıxış edən E.Qasımov bu görüşün Ali Məktəb üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.
III Msvati çıxışında BANM-in müasir infrastrukturu və innovativ tədris mühitini yüksək qiymətləndirib. O, gələcəkdə Esvatinidən olan tələbələrin də Ali Məktəbdə təhsil almalarının vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşün yekununda III Msvatiyə BANM-in "Fəxri qonaq" diplomu təqdim olunub.
Daha sonra Esvatini Kralı Ali Məktəbin xatirə kitabına təəssüratlarını yazıb.