Son Xəbər:
Tarix: Bugün, 11:52
Qeyri-rəsmi yaşayış məntəqələrinin əsas problemi onların əksərinin şəhərlərin kənarında, lakin sənaye və inkişaf zonalarına yaxın ərazilərdə formalaşmasıdır.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı panel sessiyada Cənubi Afrika Respublikasının İnsan Məskunlaşmaları naziri Thembi Simelane bildirib.
Nazir qeyd edib ki, hökumətlər əvvəlcə bu yaşayış məntəqələrinin yerlərini və vəziyyətini müəyyənləşdirməyə çalışıb:
“Sonradan gördük ki, həmin ərazilərin çoxu bataqlıq, dolomit torpaqları və ya infrastruktur xətlərinin üzərində yerləşir. İnsanlar sənaye müəssisələrinə və fabriklərə yaxın olmaq üçün bu ərazilərdə məskunlaşırlar. Bəzi yaşayış məntəqələri hətta boru xətlərinin və kanalizasiya sistemlərinin üzərində qurulub. Bu isə yerində yenidənqurma və ya təkmilləşdirməni çətinləşdirir”.
Nümayəndə bildirib ki, bu vəziyyət hökumətləri sakinlərin daha təhlükəsiz ərazilərə köçürülməsi və planlı yaşayış məntəqələrinin yaradılması istiqamətində addımlar atmağa məcbur edir.
Onun sözlərinə görə, əsas problemlərdən biri şəhərlərin ətrafındakı torpaqların böyük hissəsinin özəl və ya artıq istifadə olunan ərazilər olmasıdır:
“Bu səbəbdən yeni yaşayış zonalarının inkişafı və insanların şəhərə yaxın ərazilərdə yerləşdirilməsi çətinləşir. Biznes tərəfdaşlıqları burada mühüm rol oynaya bilər. Məqsəd insanları iş yerlərinə yaxın yerləşdirmək və gündəlik nəqliyyat xərclərini azaltmaqdır”, - deyə nazir qeyd edib.