Tarix: 1-10-2022, 15:23
Son günlər İranın bir sıra əyalətlərində baş verən kütləvi aksiyalarla əlaqədar Təhlükəsizlik Nazirliyi bəyanatla çıxış edib.
Bəyanatda İranda baş verən iğtişaşların xarici dövlətlərin yerli agentləri tərəfindən törədildiyi bildirilib. Qeyd olunub ki, ABŞ və Böyük Britaniyanın dəstəyi ilə küçələrə çıxan insanların məqsədi heç də qadınların hüquqlarını qorumaq və İrana demokrtatiya gətirmək olmayıb. Xaricdən idarə olunaraq törədilən iğtişaşların məqsədi İran dövlətinin beynəlxalq nüfuzuna zərər vurmaq, onu zəiflətmək və bədnam niyyətlərinə nail olmaqdan ibarət olub. Lakin İranın xüsusi xidmət orqanları hadisələri araşdıraraq Sistan-Bəlucistan bölgəsində 49 nəfəri həbs ediblər. Onların dindirilməsi zamanı müəyyən edilib ki, Albaniyada məskunlaşan “Münafiqlər” terror qruplaşmasının üzvləri mütəmadi olaraq İrandakı adamları ilə əlaqələr yaradıb və insanların küçələrə çıxıb iğtişaş törətmələrinə nail olublar.
Bundan başqa, İranın Kürdüstan vilayətində baş verən iğtişaşlar nəticəsində dövlət, özəl və xüsusi mülkiyyətə böyük zərər vurulub. Aparılan təhqiqat nəticəsində 77 nəfər həbs edilib ki, bunlar da “Pejak”, “Demokrat”, “Pak” və sair bu kimi terror qrulaşmasına aid olan adamlardır.
Tehranda törədilən iğtişaşlarda iştirak edən 92 nəfər həbs olunub. Onların arasında Almaniya, Polşa, İtaliya, Fransa, Niderland və İsveç vətəndaşları da var. Aparılan təhqiqat və həbs olunanların ifadələri onu deməyə əsas verir ki, İranda baş verən iğtişaşlar xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və idarə olunub.
Bəyanatda o da nəzərə çatdırılıb ki, İranda akkreditə olunan bir sira səfirliklər və diplomatik nümayəndəliklər xəbərdarlıq edilib. Onların nəzərinə diplomatik etikanın gözlənilməsinin vacibliyi çatdırılıb və daxili işlərə qarışmağın beynəlxalq konvensiyalara zidd olduğu xatırladılıb.
Qeyd edək ki, sentyabrın 16-da Məsihə Əmini adlı 22 yaşlı qıza baş örtüyünü düzgün örtmədiyi üzün İranın əxlaq polisi zor tətbiq edib. Nəticədə xəstəxanaya aparılan qız orada ölüb. Bundan sonra İranın bir sıra böyük şəhərlərində kütləvi aksiyalar başlayıb. Kütləvi çıxışların 3-cü günü Tehranda, Rəştdə, Təbrizdə, Kirmanda və digər şəhərlərdə aksiyalar iğtişaşlara çevrilib. Banklar, mağazalar, dövlər və şəxsi mülkiyyət dağıdılıb. Polis ilə toqquşmada ölən və yaralananlar olub. Rəsmi məlumatlara əsasən, ümumilikdə iğtişaşlar zamanı 52 nəfər həlak olub.
Tehran və Təbrizdə ictimai-siyasi sabitlik bərpa edilsə də, Sistan-Bəlucistan, Kürdüstan və mərkəzi vilayətlərində iğtişaşlar davam edib.
Hazırda Tehranda və digər şəhərlərdə sabitlik təmin edilib.