Son Xəbər:
Tarix: 13-03-2020, 16:29
ABŞ-da seçki kampaniyası davam edir. Hazırda əsas məsələ demokratlardan kimin namizəd olacağı və şərti respublikaçı, hazırkı prezident Donald Trampa meydan oxuyacağıdır. Aydındır ki, Demokrat Partiyasının rəhbərliyi ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenə ümid bəsləyir. Artıq bir sıra demokrat onun xeyrinə namizədliyini geri götürüb. Lakin demokrat və sosialist olan əsas rəqibi Berni Sandersin mövqeyi də hələ ki, kifayət qədər güclüdür.
Media.Az Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq münasibətlər üzrə ekspert Aleksandr Qusev ilə söhbət edib.
- Necə düşünürsünüz, prezident seçkilərində Demokrat Partiyasından əsas namizəd kim olacaq?
- Vəziyyət kifayət qədər mürəkkəbdir. Demokratlar çox güman ki, respublikaçılara, yəni bir gün belə Respublika Partiyasının üzvü olmayan Donald Trampa uduzacaqlar. Hər halda seçkilər gələn bazar günü keçirilsəydi, bu baş verərdi.
Ancaq Demokrat Partiyasının nümayəndələri haqqında danışsaq, orada iki güclü namizəd var - Bayden və Sanders. Vəziyyət hər ikisi üçün olduqca ağırlaşır. O da unudulmamalıdır ki, bunlar artıq yaşlı insanlardır - yaşları 70-dən yuxarıdır.
Berni Sanders solçudur. Onu sosialistlər dəstəkləyir. Prezident Donald Tramp isə onu kəskin tənqid edir, hətta “axmaq adam” adlandırıb. Həmçinin, bir çox amerikalılar onu ABŞ-ın prezidenti kimi görmək istəmir.
Co Baydenə gəldikdə isə həm özü, həm də oğlunun adının hallandığı məhkəmə ilə bağlı problemlər onu izləyir. Əlbəttə, bütün bu işlər respublikaçıların təşəbbüsü ilə baş tutub və buna görə demokrat namizədin nüfuzu sarsılıb.
- Siz sözdə “Ukrayna işini” nəzərdə tutursunuz? (2014-cü ilin yazından 2019-cu ilin mayına qədər, Co Baydenin oğlu Hanter Bayden, Ukraynanın ən böyük özəl qaz istehsalçısı olan “Burisma Holdings”in idarə heyətinin üzvü idi).
- Bəli, Donald Trampın təşəbbüsü ilə həyata keçirilən “Ukrayna işi”ni nəzərdə tuturam.
Ancaq nəzərə almaq lazımdır ki, Co Bayden keçmiş dövlət başçısı Barak Obamanın dövründə vitse-prezident idi. Deməli, Demokrat Partiyasından onun dəstəyi var. Hesab edirəm ki, Co Bayden Berni Sandersi qabaqlayacaq.
Ancaq təkrar edirəm, seçkilərdə, belə görünür ki, Donald Tramp qalib gələcək.
- Berni Sanders “solçu” sosialistdir. Bəlkə də bu amil ona qarşı işləyir, çünki ABŞ-da “kommunistləri” sevmirlər.
- Bəli, bu da öz rolunu oynayır. O, solçu baxışlara malikdir, sosialistdir, tərəfdarları çoxdur. Sovet İttifaqı dövründən başlayaraq indiki postsovet məkanı ilə, Rusiya ilə sıx əlaqələri var. Qeyd etmək olar ki, o, “bal ayını” Rusiyanın Yaroslavl şəhərində keçirib. Dəfələrlə keçmiş SSRİ-də olub, Rusiyanın “Qızıl üzüyü” boyunca gəzib. Bu isə ABŞ-da mənfi rəy yaradır. Deyirlər ki, o, özünü “Sovetlərə” satıb.
Co Baydenin isə “Ukrayna işi” kimi “tilişkəsi” var və bu, onun kampaniyasını xeyli çətinləşdirir.
Beləliklə, kompromat toplanacaq, yayılacaq, tirajlanacaq. Demokratların vəziyyəti təbii ki, Donald Trampdan daha mürəkkəbdir.
- Bəs ABŞ prezidentliyinə hansı namizədin postsovet ölkələri - Rusiya, Azərbaycan və Ukrayna üçün faydası var?
- Düşünürəm ki, Berni Sanders, ancaq şansı azdır. Onun Rusiyanı, Ukraynanı və ya Azərbaycanı sevdiyini söyləmək olmaz. Lakin Co Bayden postsovet məkanına, o cümlədən, Azərbaycana qarşı çox sərt olan Berni Sandersin tam əksidir. Onun üçün ən vacib şey puldur.
- Bəs onda Co Bayden Donald Trampdan nə ilə fərqlənir?
- Demək olar ki, heç nə ilə. Ancaq bir nüans var. Donald Tramp çox varlı insandır, bu, vacib amildir. Amma Co Bayden isə yox. Beləliklə, Tramp və Bayden arasında seçim etsəniz, hazırkı prezident bizim üçün daha üstündür. O, həmçinin postsovet məkanına münasibətdə də daha sabitdir. Trampın nə edə biləcəyini bilirik, amma xüsusən Rusiya, Azərbaycan və keçmiş SSRİ-nin digər ölkələrinə münasibətdə sərt siyasətçi hesab olunan Bayden barədə bunu demək olmaz.
- Deyə bilərik ki, Donald Tramp ABŞ prezident seçkilərində ən çox ehtimal olunan qalibdir...
- ... Bəli. Hər iki aparıcı demokrat namizəd - Co Bayden və Berni Sanders Donald Trampdan geri qalır.
- Yəni, Donald Tramp nə edəcəyi əvvəlcədən bəlli olmayan adamdır? Məsələn, o, ABŞ-da koronavirusun daha da yayılmasının qarşısını almaq üçün martın 13-dən başlayaraq, Şengen zonasının 26 ölkəsindən əcnəbilərin ölkəyə gəlməsinə 30 günlük qadağa qoyulması barədə göstəriş verib.
- Düzdür. Yeri gəlmişkən, bu qərarı da əvvəlcədən proqnozlaşdırılmışdı (gülümsəyir).