Son Xəbər:
Tarix: 8-05-2023, 09:47
Bu, bizdə adətdəndir, bizə bu və ya digər şəkildə maraqlı ölkələrin hansında intriqalı seçki keçirilsə, dərhal ölkəmizdə iki tirəyə bölünür, tərəf tuturuq, öz aramızda “vuruşuruq”.
“İntriqalı seçki” dedikdə mübarizənin əsasən “avtoritar rejim sahibi” ilə “demokratik qüvvələr” adlanan tərəflərin qatıldığı və bir-birinə amansız rəqabət təşkil etdiyi seçkilər nəzərdə tutulur. Yoxsa İsveç, Norveç, Finlandiya, Danimarka, Hollandiya kimi ölkələrdə keçirilən seçkilər bizə o qədər də maraqlı deyil, çünki oralarda ciddi siyasi intriqa olmur.
Ancaq Rusiyada, İranda, Türkiyədə, ABŞ-da, Ermənistanda, Gürcüstanda və bəzi başqa ölkələrdə vaxtaşırı intriqalı seçkilər olur və biz də hamısında bəlli mövqelərdə oluruq: ölkə müxalifəti mütləq həmin ölkələrdəki müxalifətçiləri dəstəkləyir, iqtidar adamları isə həmin ölkələrin iqtidarından yana olur - əsas instinkt belədir.
Bu məsələnin ən absurd və kulminasiya nöqtəsi 2018-ci ildə Ermənistanda keçirilən seçkilər idi. O zaman da ölkə müxalifəti Paşinyanı dəstəkləyirdi, iqtidar adamları isə Sarkisyanın hakimiyyətinin dəyişməsini istəmirdilər. Halbuki hamımız bilirdik ki, orada hakimiyyətə kim gəlməsinin fərqi yoxdur, kim gəlsə, mütləq bizə qarşı düşmənşilik siyasəti yeridəcək.
Fəqət bizdəki bu ikitriəliyin əsas səbəbi o idi ki, tərəflərdən birincisi Ermənistandakı inqilabi proseslərin yoluxucu olacağına ümid edirdi, ikincisi isə onun hansısa formada ölkəmizə sirayət etməsini istəmirdi. Sonda müxalifətin istədiyi oldu, Paşinyan qalib gəldi. Amma iki ildən sonra məlum oldu ki, Paşinyan daha çox Azərbaycan iqtidarına sərfəli adam imiş. Məhz onun xarici siyasətdə, eləcə də Qarabağ məsələsində buraxdığı səhvlər 28-30 il əvvəl itirdiyimiz torpaqları geri qaytarmağımıza şərait yaratdı, hakimiyyət daha da gücləndi.
Bir də uzun illərdir çox adamın başını xarab edən “yıxılan domino daşları” effekti deyə min dəfə çeynənmiş bir qənaət var. Hesab olunur ki, bir ölkədə avtoritar liderin hakimiyyətdən kənarlaşdırılması ilə ardınca digər onun kimilər də yıxılacaqlar. Bu, azı 15 dəfə yanlış çıxıb. “Yıxılan domino daşlar”ının bizim ölkəyə təsiri olmayıb.
Budur, 6 gündən sonra Türkiyədə baş tutacaq seçkiyə münasibətdə də ikiyə bölünmüş durumdayıq. Yenə ölkə müxalifətçiləri Türkiyənin birləşmiş müxalifətinin lideri Kamal Kılıçdaroğlunun, iqtidar mənsubları isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini istəyirlər, həm də təkcə qıraqdan-qırağa istəməklə qalmırlar, əməlli-başlı mübarizə aparır, mübahisə edirlər.
Ərdoğanın prezident postundan getməsini indiki mərhələdə məqbul saymayan azsaylı bir qrup da var. Onlar Türkiyədə yaxşılığa doğru dəyişikliklər olmasını, qardaş ölkədə haqq-ədalətin, əsl, qüsursuz demokratiyanın bərqərar olmasını istəyirlər, amma əmindirlər ki, indiki tarixi şəraitdə Ərdoğanın hakimiyyətdən gedişi türk dünyasına xeyirli olmayacaq.
Qərb ölkələrinin, xüsusilə də ABŞ, Kanada, Hollandiya, Almaniya, Fransa və İsveç kimi ölkələrin 14 may seçkisinə öz seçkiləriymiş kimi yanaşmaları bu əndişəni xeyli artırır. Artıq bu ölkələrin media qurumları neçə vaxtdır ki, Ərdoğana qarşı total təbliğat aparırlar, onun prezident seçilməməsi üçün əllərindən gələni edirlər.
Yaxşı, niyə? Türkiyədə kimin prezident olmasının onlara nə isti-soyuğu var?
Belə görünür ki, var. Bu dövlətlər Türkiyənin regional oyunçu olmasından, bölgədəki proseslərə təsir göstərməsindən narazıdırlar. Həmişə hamını təkləyib ram etməyi bacaran Qərb dövlətləri bu dəfə Türkiyənin ötkəmliyini, Rusiyaya, İrana, Suriyaya, eləcə də Azərbaycana münasibətdə müəyyən planları olan Avropanın arabasının təkərinə çomaq soxmasını həzm edə bilmirlər.
Yoxsa adı çəkilən dövlətlərin türk xalqının firavanlığını, güzəranını düçündüyünə, bu ölkədə demokratik prinsiplərə və insan haqlarına riayət istədiklərinə inanmaq sadəlövhlükdür. ABŞ-ın və onun tərəfdarlarının belə bir dərdi yoxdur. Olsaydı, Türkiyədəki demokratiyanın D-si olmayan başqa diktatura rejimlərinə dözməzdi, onlarda da hakimiyyət dəyişikliyi tələb edərdi, amma etmir, çünki onlar sözəbaxan hökumətlərdir.
Bununla belə, Türkiyədə müxalifət liderinin hakimiyyətə gəlməsi hələ o demək deyil ki, o gələn kimi “yıxılan domino daşları” prinsipi işə düşəcək. Elə olmayacaq. Kılıçdaroğlu prezident seçilsə, onun iqtidar komandası uzaq və yaxın ölkələrdəki iqtidar komandaları ilə işləyəcək, o cümlədən Azərbaycanda iqtidarda olan qüvvələrlə isti münasibətlər quracaq.
Yəni heç kəs bəri başdan böyük ümidlərə qapılmasın. 2002-ci ildə müxalifətçi Ərdoğan hakimiyyətə gələndən az sonra bu ölkənin iqtidarı ilə yaxınlaşdı və sələflərindən fərqli olaraq Azərbaycan müxalifəti ilə heç quruca salam-əleyk iltifatı da etmədi.
Uzun sözün kəsəsi, qoy Türkiyədə seçkini haqqı olan, xalqdan lazımi dəstək alan qazansın, Türkiyədə yaşayan xalqlara, türk dünyasına xeyirli-uğurlu olsun, düşmənləri sevindirməsin, dostları kədərləndirməsin.