Son Xəbər:
Tarix: 15-09-2021, 10:52
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, tətbiq edilən xüsusi karantin rejiminin müddəti uzadılmış, həmçinin həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Lakin müşahidələr göstərir ki, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar.
Belə ki, həftə içi bir gün ərzində, əsasən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1500-dən çox belə daşıma həyata keçirilib. Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da xeyli artır, bəzi sürücülər isə görülən tədbirlərin mahiyyətinə varmadan bunu fürsət kimi dəyərləndirirlər.
Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır.
Odur ki, qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alıb qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərdən istifadə etməməli, yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamamalı, bütün tədbirlərin məhz əhalinin sağlamlığına hesablandığını düşünüb qaydalara hörmətlə yanaşmalıdırlar.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcəyini, xüsusi karantin rejimi qaydalarını pozan şəxslərin barəsində inzibati məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini bildirir, bununla yanaşı əlaqədar şəxslərin xəbərdarlığa anlayışla yanaşaraq epidemioloji vəziyyətin müsbətə doğru irəliləməsinə töhvə verəcəklərinə inanır".