Son Xəbər:
Tarix: 21-10-2021, 13:12
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Onlar arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası da olub. Şəhid atası Əbdül Noçuyev Prezidentlə söhbətləşib:
Əbdül Noçuyev: 44 günlük müharibə dövründə Sizin xalqa müraciətlərinizi mütəmadi olaraq izləmişik. Hər dəfə işğaldan azad olunan ərazilərin adları sadalandıqca bizim sevincimizin həddi-hüdudu olmayıb. Mənim oğlum, tabor komandiri, kapitan Surxay Noçuyev Şuşa uğrunda gedən döyüşlərdə müharibənin 44-cü günündə qəhrəmancasına şəhid oldu.
İlham Əliyev: Allah rəhmət eləsin.
Əbdül Noçuyev: Siz müvafiq Sərəncamınızla ona Vətən Müharibəsi Qəhrəmanı adı verdiniz. Buna görə Sizə minnətdarlığımızı bildiririk. 2021-ci il sentyabrın 27-də Sizin və Mehriban xanımın iştirakı ilə yürüş keçirildi. Orada Surxay Noçuyevin şəkli həkk olunmuş lövhə ön cərgədə idi. Həmin lövhəni Sizin göstərişinizlə bizim ailəyə təqdim etdilər. Bu, bizim ailəmiz üçün ən böyük hədiyyə oldu. Çox sağ olun, cənab Prezident.
İlham Əliyev: Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz torpaqlarımızı onların canı-qanı bahasına işğalçılardan azad etmişik. Şəhid olmuş hər bir insan, gənc bizim ürəyimizdə, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da gedəcək. Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar. Sizin simanızda onların valideynlərinə mən Prezident, Ali Baş Komandan kimi öz təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da bizim şəhidlərimiz şüurlu şəkildə ölümə gedirdilər. Hamımız yaxşı bilirik ki, ağır döyüşlərdə o istehkamları yarmaq, oradan keçmək, dağlara qalxmaq, dağlara dırmaşmaq, xüsusilə Şuşa əməliyyatı tarixdə bəlkə də misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Bunu ancaq milli ruhda böyüyən insanlar edə bilərdilər. Sizin kimi valideynlər onları milli ruhda böyüdüb Vətənə bəxş etdiniz. Onlar da öz həyatlarını Vətənə bəxş etdilər. Mən sizi ürəkdən təbrik edirəm, təşəkkürümü bildirirəm və qucaqlayıram, bağrıma basıram.
Qeyd edək ki, Surxay Noçuyev cəbhəyə yollanan gün onun qızı doğulub. Ondan yadigar 2 körpə balası qalıb-Üzünü belə görmədiyi 1 yaşlı Fidan və 6 yaşlı Uğur...