Son Xəbər:
Tarix: 22-11-2021, 17:20
66 yaşlı Heydər Cəfərxanov Nəsrəddin Tusi adına klinikada əməliyyat zamanı vəfat edib. Mərhumun yaxınları ölümdə xəstəxananı ittiham edirlər. Onların iddiasına görə, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.
Şikayətçi Əyyub Cəfərxanov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, əmisi H. Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O, elə əməliyyat masasında dünyasını dəyişib: “Həkim xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib. Əmim şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min manatı istədi və əməliyyata salındı. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı. Adətən iki stend qoyulur. Ən çarəsiz vaxtda isə 4 stend qoyula bilər”.
Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.
Məsələ ilə bağlı klinikanın baş həkimi Afət Məhəmmədli ilə əlaqə saxladıq. O, xəstə yaxınlarının iddialarını əsassız adlandırıb: "Əvvəla, onlar xəstəxanaya pul köçürməyiblər. İkincisi, onların iddiası əsasında özlərinin də iştirakı ilə ekspertiza aparılıb və əməliyyatda həkim səhvi olmadığı tamamilə sübuta yetirilib. Məsələ burasındadır ki, biz əməliyyat olunmasını təklif etmişik, xəstə özü qəti şəkildə əməliyyatdan imtina edib. Bizdən öncə digər klinikada olublar, orada da əməliyyatın vacibliyi deyilib. Xəstəni həyatda saxlamağın yeganə digər yolu stend idi. Xəstə özü və yaxınları razılıq protokoluna qol çəkiblər. Stend implantasiyası uğurla başa çatıb. Yarım saat sonra tromboz əmələ gəlib. Xəstə bu səbəbdən rəhmətə gedib".
Fotoda: Həkim Samir Abbasov