Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Təhsilimizin “Qordi düyünü”nü necə aça bilərik? - AKTUAL

Təhsilimizin “Qordi düyünü”nü necə aça bilərik? - AKTUAL

Tarix: 12-01-2022, 08:57

Sosial şəbəkələrdə, eləcə də yerli mediada “Bakıda direktor şagirdi döydü”, “Müəllim şagirdi xəstəxanalıq etdi”, “Valideyn direktoru döydü” və s. başlıqlı xəbərlərlə tez-tez qarşılaşırıq.

Bu cür xəbərlərə reaksiyalar müxtəlifdir. Kimisi uşaqlara fiziki təzyiq göstərilməsini nəinki problem, hətta faciə kimi qiymətləndirir, başqa biri isə əksinə, bunun uşaqların təhsilinə fayda verdiyinə inanır. Ümumiyyətlə, pedaqoji prosesdə şagirdin cəzalandırılması və bu zaman fiziki üsullara əl atılması dünyanın inkişaf etmiş ölkələrində qəbuledilməz sayılsa da, bizdə, şərq cəmiyyətlərinin bir çoxunda belə yanaşmaya tərbiyə prosesinin bir forması kimi baxanlar az deyil. Maraqlıdır ki, xüsusən də Sovet dövründə müəllimlərin şagirdləri döyməsi normal hal hesab edilirdi. Hətta bundan xəbər tutan valideynlər də övladlarını danlayır, cəzalandırırdılar. Övladının oxuması üçün müəllimlərdən onu cəzalandırmasını istəyərək “Əti sənin, sümüyü mənim” deyənlər də vardı. Mövzuya mental yanaşmanı xatırlatmaq üçün bir az da keçmişə qayıtsaq, Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, siyasət tarixində mühüm yeri olan şəxsiyyətlərin çoxunun mədrəsələrdə bəlli məhdudiyyətlər və təzyiq mühitində təhsil aldıqlarını görərik.

İndi isə müəllimin uşağa səsini yüksəltdiyini eşidən valideynlər dərhal məktəbə və ya Təhsil Nazirliyinə şikayət edirlər. Onların arasında müəllimləri hədələyən, döyənlər də az deyil.

Bir sözlə, indi direktorlar da, müəllimlər də, valideynlər də, hətta şagirdlər də çox dəyişib.

Kim haqlıdır? Müəllim şagirdə qışqıra, onu cəzalandıra bilərmi? Əslində, sözügedən məsələlər necə tənzimlənməlidir?

***

“Müəllim günahsız deyil, lakin günahkar təkcə müəllim də deyil”. DİA.AZ xəbər verir ki, bu sözləri PressKlub.az-ın mövzu ilə bağlı suallarını cavablayan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib. O bildirib ki, məktəbin, müəllimin adının yerli-yersiz qalmaqallarda hallandırılması nəinki təhsilimiz, bütövlükdə heç cəmiyyətimiz üçün də başucalığı gətirən hal deyil:

“Bununla belə, baş verənlərin səbəblərini aydınlaşdırmağın vacib olduğunu, ancaq belə hadisələr üzərində şoular düzəltməyə ehtiyac olmadığını bildirənlər, tərbiyə və təhsilin bir paraleldə inkişaf edən amillər olduğunu, tərbiyənin müəyyən bir qisminin ailə ilə əlaqədar olub, digər faizinin məktəblə bağlı olduğu qənaətində olanlar da var. Əgər belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üst qurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq.

Elə götürək müəllimin uşağı döyməsi faktını. Uşaq hüquqları ilə bağlı konvensiyada da, ölkənin qanunlarında da uşağa fiziki zorakılıq tətbiq edilməsi qadağan edilir. Yəni, bu sənədlərə əsasən, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Bu mənada, uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur”.

Ekspert vurğulayıb ki, həmçinin müəllimlərin də etik davranış qaydaları və peşə standartları hazırlanıb:

“Məktəblərdə qəbul edilən nizamnamələrdə müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb. İstəsək də, istəməsək də razılaşmalıyıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımi səviyyədə təmin etmir. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib”.

N.İsrafilov mövcud problemlərin səbəblərindən və çıxış yollarından da danışıb:

“Başlıca səbəblərdən biri, şübhəsiz, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika, psixologiya, fiziologiya kimi elmlərdən ayrı düşməsidir. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan, adi hal, hətta bu əməllərdən bəziləri norma kimi qəbul edilirsə, belə hallara məktəbdə digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır. Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib.

Problemlərin ictimailəşdirilməsi vəziyyətdən çıxış yolu deyil, əksinə daha da geriləməyə səbəb olur. Düşünürəm ki, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı saytlarda bu qəbildən olan videogörüntülərin yayımlanması yol verilməzdir”.

Təhsil eksperti hesab edir ki, şagirdlərin məktəblərə telefonlarla girişinə qadağa qoyulmalı, həmçinin psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə də işləməlidirlər:

“Bu kimi hallarda təkcə müəllimi prosesin subyekti kimi önə çəkmək, hesab edirəm ki, düzgün mövqe deyil. Nəzərə alaq ki, hansısa beş-üç müəllimin qeyr-ixtiyari hərəkəti cəmiyyətdə 150 minlik müəllim ordusunun hərəkəti kimi assosiasiya olunur, onsuz da sarsılmış müəllim nüfuzunu bir az da sarsıdır. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yolverilməzdir. Müəllimi tənbeh etmək, cəzalandırmaq, onun barəsində inzibati və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz.

Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi” qismində önə çəkmək nəinki təhsilimizə, cəmiyyətimizə və şəxsiyyətimizə baş ucalığı gətirmir”.

***

Maraqlıdır, mövcud problemlərin qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Hazırda bu istiqamətdə işlər düzgün aparılırmı?

Deputat, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov PressKlub.az-a açıqlamasında bildirib ki, bu cür xəbərlərin geniş və davamlı olaraq müzakirə edilməsi düzgün yanaşma deyil:

“Bir neçə gündür ki, bununla bağlı videolar qoyulur. Bu isə həm təhsil, həm də tədris prosesinə mənfi təsir göstərir. Məktəbə, müəllimə etimad azalır. Məktəb müqəddəsdir. Ora kənardan müdaxilə etmək düzgün deyil. Qanun pozuntusu olduğu zaman hüquq-mühafizə orqanları məsələni araşdırır, Təhsil Nazirliyi də tədbirini görür. Mövzunu daim gündəmdə saxlamaq və ümumilikdə müəllimlərin, direktorların hamısının adının hallandırılması yolverilməzdir”.

Deputat qeyd edib ki, müəllim-şagird-direktor münasibətlərində sevgi, qayğı, diqqət ön planda olmalıdır:

“Eləcə də universitetlərdə müəllim-tələbə-rektor münasibətləri düzgün qurulmalıdır. Lazım olanda, gərəkli olduğu hallarda isə şagirdlər, tələbələr tənbeh edilə bilərlər. Onlara müvafiq cəzalanma da verilə bilər.

Biz çalışmalıyıq ki, məktəblərdəki münasibətlər zorakılıq, qarşıdurma, nifrət əsasında olmasın. Hansısa bir hadisə baş verən kimi valideyn məktəbə hücum çəkməməlidir. Onların yerli-yersiz müdaxiləsi prosesi daha da poza bilər. Təəssüf ki, son vaxtlar valideynlər daha çox aqressivləşiblər.

Gündə video çəkərək yaymaq nə təhsilə, nə tərbiyəyə müsbət təsir göstərmir. Valideyn çalışmalıdır ki, məktəbə müdaxilə etməsin. Tez-tez eşidirik ki, valideynlər məktəblərə davaya gedirlər, müəllimlərlə, direktorlarla dalaşırlar. Bu, belə olmalı deyil. Hər məsələ düzgün tənzimlənməlidir. əgər səhv varsa, qanuni qayda da olmalıdır”.

C.Məmmədov müəllimlərin nüfuzunun, imicinin bu cür hadisələrlə zədələndiyini vurğulayıb:

“Biz müəllimlərin nüfuzunu, imicini qorumalıyıq. Onlar tərbiyə, təhsil, istiqamət verərək, şagirdlərin inkişafında ciddi rol oynayırlar. Mən demirəm ki, müəllim zorakılıq etməlidir. Zaman dəyişib və indi uşaqların da düşüncələri fərqlidir. Ona görə də direktorların, müəllimlərin işi asan deyil. Münasibətin düzgün qurulması çox önəmlidir. Bu elə olmalıdır ki, problemlər yaşanmasın. Yaşananda belə həlli tez və asan olsun.

İlahiyyat İnstitutunda rektor işləyərkən buna bənzər hallarla bir neçə dəfə qarşılaşmışam. Tələbənin valideynlərinə düzgün məlumat verməməsi ilə valideyn müəllimə şikayətə gəlmiş və mənim qəbuluma da girmişdi. Səbirlə danışdıq, məsələni izah etdik, eləcə də faktları ortaya qoyaraq, məlumatlar verdik. Getdi və bir il sonra bizi görəndə təşəkkür etdi.

Bu cür məsələlərə kəskin reaksiya və münasibət bütövlükdə pedaqoji prosesə müsbət təsir göstərməyəcək. Zor və şiddət yolverilməzdir, lakin bunun aidiyyəti qurumlar tərəfindən araşdırılması daha düzgündür”.

***

Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, bu cür problemlərin əsas səbəbi məktəblərin öz funksiyalarını yerinə yetirə bilməməsidir.

Bu barədə PressKlub.az-a danışan K.Əsədov xatırladıb ki, orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri, hətta direktoru tərəfindən də döyülüb:

“Sovet dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb. Məni də orta məktəbdə oxuyanda müəllimim döyüb. Bəli, bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi və evdə desəydik evdə də döyərdilər ki, bəs sən nə etmisən ki, müəllimin döyüb”.

K.Əsədov qeyd edib ki, əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnə biliblər:

“Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi. Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü. İndi isə şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Yəni, valideynlər şagird üçün indi həm maddi, həm mənəvi bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür. Sonda isə valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən?”

Məktəbi idarə edənlər isə sadalananları yerinə yetirə bilmədikləri üçün fiziki zorakılığa üz tuturlar.

Son olaraq bildirim ki, mən heç bir halda şagirdlərin döyülməsinə haqq qazandırmıram və bunu düzgün saymıram”.

***

Maraqlı olan məqamlardan biri də yaşanan halların cəmiyyətə, xüsusən də müəllimlərə, şagirdlərə necə təsir etməsidir. Həmçinin ortaya onların psixoloji sağlamlıqları ilə bağlı da müəyyən suallar çıxır.

Psixoloq Aynur Ələsgərova PressKlub.az-a açıqlamasında bildirib ki, məktəblərdə şagirdlərin şəxsiyyətinin alçaldılmasına səbəb olan hərəkətlər düzgün deyil:

“Müəllim və direktor şagirdlərə qarşı daha həssas olmalı, onlar dəstək olmalıdırlar. Bu cür hadisələrin əsas səbəbi məktəblərdə psixoloji işin zəif aparılmasıdır. Əslində, məktəblərdə psixoloqlar təkcə şagirdlərlə yox, müəllim, direktor, valideynlərlə də iş aparmalıdır.

Nazirlər Kabinetinin “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 2020-ci il 30 aprel tarixli, 157 saylı qərarı var. Təhsil müəssisələrində bu qərardan irəli gələn məsələlər həll olunmalı, təhsilalanlarla yanaşı, təhsilverənlərlə də psixoloji iş aparılmalıdır”.

Psixoloq əlavə edib ki, hazırkı müvafiq qanuna əsasən, məktəblərdə şagird sayı 1000-dək olduqda 1 psixoloq, 1000-dən 3000-dək olduqda 2 psixoloq, 3000-dən çox olduqda isə 3 psixoloq fəaliyyət göstərməlidir:

“Ancaq bu, bütün məktəblərdə belə deyil. Eləcə də düşünürəm ki, sözügedən ştat sayı da azdır. Çünki hazırda məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş və arzuolunan vəziyyətdə deyil. Bu məsələyə daha ciddi yanaşmaq, dəyişikliklər etmək lazımdır. Ancaq bundan sonra məktəblərlə bağlı xoşagəlməz hallar azala və ya həllini qısa müddətdə tapa bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR