Son Xəbər:
Tarix: 2-02-2022, 12:33
Bir sıra elm adamları, ictimai xadimlər və seçicilərim mənə tez-tez müraciət edərək AMEA-da baş verən hadisələrə münasibət bildirməyimi xahiş edirdilər, indi də edirlər. Həmin şəxslərə deyirdim ki, şəxsi məsələlər, intriqalar olan yerdə mən yoxam və onlara münasibət bildirmək mənim işim deyil, amma AMEA-da yaranmış vəziyyətə dair mövqeyimi yazaram. Aşağıda konkret, aydın və açıq mövqeyimi bildirirəm. Bəri başdan qeyd edim ki, yazının yazılmasında məqsəd AMEA prezidenti Ramiz müəllim Mehdiyevin keçmiş xidmətlərinə qətiyyən kölgə salmaq deyil, bilavasitə AMEA elminin son bir neçə ildə bərbad idarəçiliyi, düşmüş olduğu acınacaqlı vəziyyət və ondan çıxış yolları ilə bağlıdır.
Nə üçün bu yazı və ya AMEA-da real vəziyyət
Ramiz müəllim Mehdiyev 2019-cu ilin axırlarında AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib.
Elmin təşkili və idarə edilməsində xaos yaranıb. Dünən institutlara göndərilən sərəncamdan bu gün imtina edilməsi, sabahısı gün ondan da imtina edilməsi az qala adi hala çevrilib. İslahat adı altında aparılan qarmaqarışıq və ziddiyyətli struktur dəyişiklikləri müasir çağırışlara cavab vermir.
Ramiz müəllim Mehdiyevin sərəncamı ilə institut direktorları hər hansı bir şəxsi işə qəbul etmək hüququndan məhrum edilib. Bununla da gənclərin elmə gəlməsinin qarşısı alınıb. Nəticədə akademiya sistemində doktorantura və dissertanturaya ayrılan yerlərin çoxu boş qalır. Ən dəhşətlisi odur ki, elmdə nəsillərin əlaqəsi və varislik yox olmaq üzrədir. Bu vəziyyətin qarşısı alınmasa, az sonra “əlvida Azərbaycan elmi” deyiləcək!
Hökm sürən acınacaqlı mühit ucbatından alimlərin bir qismi, xüsusən gənclər akademiya institutlarından çıxıb gedirlər. Həyatlarını elmə həsr edən fədakar insanlar isə gərgin psixoloji mühitdə boğulurlar.
AMEA-da əvvəllər ayrı-ayrılıqda mövcud olmuş müxtəlif elm sahələri üzrə elmi işlərin əlaqələndirmə şuralarının Ramiz müəllim Mehdiyevin sərəncamı ilə ləğv edilib bir əldə cəmləşdirilməsi nəticəsində Azərbaycan elminə ağır zərbə vurulub. Əvvəllər ayrı-ayrı şuraların iclaslarında daxil olan dissertasiya işlərinin mövzuları ciddiyyətlə müzakirə edilirdi. İndi acınacaqlı vəziyyət yaranıb. Bir-biri ilə bilavasitə əlaqəsi olmayan onlarla ixtisasdan olan dissertasiya işlərinin mövzularını bir şurada necə müzakirə etmək olar? Bu qədər ixtisasdan olan dissertasiya işləri mövzularının təkrar olub-olmadığını yoxlamaq fiziki cəhətdən mümkündürmü? Elə isə belə Əlaqələndirmə Şurasının yaradılması nəyə xidmət edir?
Ramiz müəllim Mehdiyev akademiya təsis edildikdən bəri heç bir zaman rast gəlinməyən bir addımı atmaqla Azərbaycan ictimai elminə sonuncu zərbəni vurdu. AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasında institutların 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsinə institutların direktorları dəvət edilmədi. Bu addımın pandemiya şəraiti ilə heç bir bağlılığı yox idi. Çünki buna qədər çoxlu şəxsin iştirakı ilə onlarla iclaslar keçirilmişdi. Soruşulur: əgər institut nümayəndələri hesabatlarının müzakirəsinə dəvət olunmurlarsa, onda AMEA institutları nə üçün fəaliyyət göstərir? İllik hesabatları institut rəhbərlərinin iştirakı olmadan necə müzakirə etmək, problemlərini necə bilmək və aradan qaldırmaq üçün tədbirlər almaq olar? İnstitutlara belə münasibət nə ilə bağlıdır? Müasir çağırışlara cavab olaraq yaradılmış yeni institutlar nə üçün sıxışdırılır? Dünyanın böyük dövlətlərində və qonşu ölkələrdə Qafqaz regionunu öyrənən mərkəzlər, institutlar fəaliyyət göstərdiyi və yeniləri yaradıldığı bir zamanda nə üçün akademiya rəhbəri Qafqazşünaslıq İnstitutunu gözümçıxdıya salıb? Ümumiyyətlə, bu münasibət bizim milli-dövlət maraqlarımıza ziyan deyilmi?
Heç kimə sirr deyil ki, bu gün AMEA elmi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi inkişafından çox geri qalır, yedəyində sürünür.
AMEA-da yaranmış mövcud vəziyyəti aradan qaldırmaq mümkündürmü və yaranmış şəraitdən çıxış yolu varmı?
Çıxış yolu nədədir?
Yaranmış vəziyyət nə qədər böhranlı və ürəkağrıdıcı olsa da, ondan çıxış yolu heç şübhəsiz, var. Cənab Prezident İlham Əliyevin başlatdığı dərin və ölkəmizin on illər bundan sonrakı inkişafına hədəflənmiş konkret nəticə verən islahatlar AMEA-da da aparılmalı, Azərbaycan elminin nüfuzu özünə qaytarılmalı, buna mane olan amillər aradan qaldırılmalıdır. İlk növbədə, bu gün AMEA elminin inkişafında başlıca əngələ çevrilmiş Ramiz müəllim Mehdiyev istefa verməlidir. Əgər Ramiz müəllim Mehdiyev özü istefa verməsə, onda AMEA-nın həqiqi və müxbir üzvləri Azərbaycan elminin gələcəyi naminə Ümumi yığıncağa toplaşmalı və Ramiz müəllim Mehdiyevi istefaya göndərməlidir. Bunu elmimizin bu günü və gələcəyi tələb edir. Mövqe aydın, konkret və birmənalı olmalıdır...
Musa Qasımlı, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru