Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Heydər Əliyevin məhkəmə-hüquq sistemində islahatları

Heydər Əliyevin məhkəmə-hüquq sistemində islahatları

Tarix: 25-04-2022, 09:00


Məqaləmi Ümummilli lider Heydər Əliyevin sözləri ilə başlamaq istərdim.

“Biz istəyirik ki, dövlətimiz tam ¬demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi ¬aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Azərbaycanın müstəqilliyinin əbədiliyini, dövlətin sarsılmazlığını, demokratik yüksəlişini təmin edən ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti dövründə məhkəmə-hüquq sisteminə mühüm önəm vermiş, bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Ədliyyə Nazirliyinin dövlət strukturu kimi bərpa olunması, qurumun əsasnaməsinin təsdiq edilməsi ilə qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsində, eyni zamanda, məhkəmələrin təşkilati cəhətdən formalaşdırılmasında yeni bir mərhələ başlanmışdır.

Qeyd edək ki, 1981-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə respublikada “Məhkəmə quruluşu haqqında” yeni qanunun qəbul edilməsi məhkəmə orqanlarının inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaratmışdır. Bu qanun 1960-cı ildə qəbul edilmiş qanuna nisbətən geniş və mütərəqqi sənəd olmaqla bərabər, həm də Azərbaycan SSR Ali Məhkəməsindən, Naxçıvan MSSR Ali Məhkəməsindən, Bakı Şəhər Məhkəməsindən, rayon (şəhər) xalq məhkəmələrindən ibarət məhkəmə sistemini formalaşdırmışdır.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, nazirliyin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni üçpilləli məhkəmə sisteminin yaradılması və formalaşdırılması diqqət mərkəzində saxlanılmış, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Xidməti təsis edilmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır. Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin və zəngin siyasi təcrübəsinin ən böyük bəhrələrindən biri olan Konstitusiya layihəsi hazırlanmış və geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açmışdır. Konstitusiya sovet rejiminin institutlarını, dəyərlər kimi xalqın beyninə yeridilən ideologiyaları əbədilik tarixə gömərək demokratik inkişafın möhkəm bünövrəsini qoymuşdur. Həmin dövrdə məhz ulu öndərin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi mötəbərliyini təmin edən amil olmuşdur.

Konstitusiyanın qəbulundan sonra Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə məhkəmə-hüquq islahatlarının aparılması, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində Azərbaycanda demokratik quruluşun, eləcə də hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur.

Ulu öndərin ədаlətli idаrəçilik sistemi yаrаtmаq amalı onun məhkəmə-hüquq islahatlarını prioritet məsələ olaraq məqsəd seçməsində özünü büruzə vermişdir. Məhz bunun nəticəsidir ki, Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmış, Əsas Qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbəstliyi və müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması və məhkəmə sistemində ədalət mühakiməsinin səmərəli təşkili baxımından mütərəqqi addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanla insаn hüquqlаrının təminаtı istiqаmətində həyаtа keçirilən tədbirlərin mаhiyyəti və kоnsepsiyаsi da dəqiqləşdirilmiş, bu sənədlə insаn hüquqlаrı məsələsi ümumdövlət səviyyəsinə qаldırılmışdır.
İnsаn hüquqlаrının müdаfiəsi sаhəsində həyаtа keçirilən tədbirlərin səmərəliliyini аrtırmаq məqsədilə dahi rəhbər tərəfindən 1998-ci il iyun аyının 18-də imzalanan müvafiq sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” hazırlanmışdır. Həmin proqramda insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin təkmilləşdirilməsi məqsədilə qanun layihələrinin hazırlanması, “Prokurorluq haqqında”, “Vəkillik haqqında”, “Notariat haqqında” qanun layihələri üzrə işlərin tamamlanması, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları haqqında” qanun layihəsinin hazırlanması və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.

Ulu öndərin 1996-cı il 21 fevral tarixli müvafiq sərəncamı ilə yaradılmış Hüquq-İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmış, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat vermişdir.

Konstitusiya normalarının və bu normalar əsasında qəbul edilən aktların həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə cavab verən “Prokurorluq haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və s. qanunlar, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Ailə, Əmək və sair məcəllələr qəbul olunmuşdur.
1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyənləşdirilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il iyulun 18-də isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı müvafiq fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır. “Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq olaraq yeni qurum - hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri həyata keçirən Məhkəmə Hüquq Şurası yaradılmışdır.

Qeyd etmək istərdim ki, Azərbaycanda insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarına beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərilərək, əldə edilən nailiyyətlər müsbət dəyərləndirilir və digər dövlətlərə örnək kimi tövsiyə olunur. Məsələn, sözügedən sahədə islahatlara xüsusi önəm verən Dünya Bankı respublikamızda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirib və “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasının qalibi elan edib.

Adıçəkilən müsabiqədə Azərbaycan “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihə ilə iştirak edib və həmin layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
Hüquq fakültəsinin 2 kurs tələbəsi
Nigar Nurəddin qızı İbrahimova





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR