Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

İstivurma və günvurmadan necə qorunmaq olar? - AÇIQLAMA

İstivurma və günvurmadan necə qorunmaq olar? - AÇIQLAMA

Tarix: 28-06-2022, 16:42

 
"İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O bildirib ki, istivurmanın bir növü olan günvurma birbaşa günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır:

"İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddətli və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.

Günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürək bulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır.

Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.

Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir.

Tənəffüs pozulduğu halda təcili olaraq pambığı naşatır spirti ilə isladıb bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.

Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıb, nəbzini əl ilə yoxlayıb tapmaq olmur və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajı etmək tövsiyə olunur".

Nazirlik rəsmisi günvurmadan əziyyət çəkənlərin sayını da açıqayıb. O bildirib ki, yay mövsümi başlayandan hələ ki anomal isti hava şəraiti qeydə alınmayıb:

"Amma mövsüm başlayandan etibarən Bakı şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub.

Belə ki, 12 nəfər günvurmadan əziyyət çəkərək təcili yardıma müraciət edib. Onlardan 10-na xəstəxanada, 2 nəfərə isə yerindəcə yardım göstərilib. Uşağı birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır.

Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzmək ilə qum vannasının qəbulunu növbə ilə etmək məsləhət görülür.

Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsullarını məhdudlaşdırmalıdır.

Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur. Bu profilaktik tədbirlərə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək".

Terapevt isti günlərdə açıq havada işləyərkən nələrə diqqət yetirmək lazım olduğunu da vurğulayıb: "Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur.

Zərurət yarandığı halda çölə çıxarkən günəş kremi məhsullarından istifadə nəticəsində dərini günəş ləkələrinin yaranmasından xilas edə bilərik.

Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir.

Həmçinin çox maye qəbulu məsləhətdir, xüsusən təmiz, sərin su. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR