Son Xəbər:
Tarix: 21-07-2022, 09:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 19-da İran liderləri ilə keçirilən görüşləri onu deməyə əsas verir ki, Tehran Cənubi Qafqazda yaranın yeni geosiyasi konfiqurasiyanı həzm edə bilmir. O baxımdan Tehran davamlı olaraq Cənubi Qafqzdakı yeni reallığın qəbuledilməziliyi istiqamətində bəyanatlar verməklə yanaşı, prosesi əngəlləmək, vəziyyəti gərginləşdirmək istiqamətində də siyasətini həyata keçirməkdədir.
İranın ali rəhbəri Əli Xameneinin Ərdoğanla görüşündə Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələyə toxunaraq “Qarabağın Azərbaycana geri verilməsindən məmnunam. Ancaq İran-Ermənistan sərhədini əngəlləmə siyasəti gündəmdə olacaqsa, İran buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərdir ki, əlaqə yoludur” deməsi, Tehranın birmənalı şəkildə bölgədə sülhün, sabitliyin və əməkdaşlığın yaranmasında maraqlı olmadığını, geosiyasi reallığı qəbul etmədiyini göstərir.
İlk olaraq onu qeyd etmək lazımdır ki, Xameneinin verdiyi bəyanatda işlətdiyi “bu sərhəd min illərdir ki, əlaqə yoludur” ifadəsi heç bir tarixi həqiqətə söykənməyən, məntiqsiz və absurd bir ifadədir.
Məgər Xamenei bilmir ki, onun dediyi ərazi əzəli türk torpağıdır və cəmi-cümlətanı 100 il bundan öncə Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Burada hansı minillik sərhəd və ya əlaqə yolundan söhbət gedə bilər...?!
İkinci məqam… Zəngəzur dəhlizi reallaşacağı təqdirdə belə, bu coğrafiyadan Tehranla İrəvan arasında əlaqə vasitəsi kəsilməsi nəzərdə tutulmur. Əksinə Zəngəzur dəhlizi Tehran və İrana əlaqə vasitəsinin daha sıx formada yaranmasına daha geniş imkanlar yaradır. Belə ki, bu gün Tehranla İrəvan arasındakı quru yolu Zəngəzurda coğrafi ərazi baxımdan çox mürəkkəb relyefə malik olduğundan istənilən effekti vermir. Həmin yol ilin bütün fəsillərində, xüsusən də qarlı, şaxtalı, çox yağıntılı havalarda işləməsi ciddi çətinliklər yaradır. Digər ciddi məqam isə həmin yolun tranzit-yükdaşımalarla bağlı standartlara cavab verə bilməməsidir.
Amma Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının İranla Ermənistan arasında quru əlaqələrinin yaradılması üçün çox böyük avantajları mövcuddur. Birincisi, Zəngəzur dəhlizindən yol qovşağı vasitəsi ilə köhnə marşrut vasitəsi ilə hərəkətini davam etdirə bilər.
İkinci ən mühüm məqam isə hava şəraiti ilə bağlı yollardan istifadə edə bilmədikdə yükləri gecikmədən ilin bütün vaxtlarında işlək olan Naxçıvan və Azərbaycanın digər ərazilərindəki yol infrastrukturundan istifadə etməklə vaxtında ünvanına çatdıra bilər. O baxımdan Zəngəzur dəhlizi ən sərfəli və optimal variant hesab olunur. Odur ki, Tehranın səsləndirdiyi bəyanatlar bu baxımdan da məntiqsiz və absurd görünür. Bəs o zaman problem nədir?!
Problem Tehranın Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanı qəbul etməməsindən irəli gəlir. Məqsəd hər vəchlə yeni reallığın gerçəkləşməsini əngəlləmək, mümkün olmayacaqsa, prosesi uzatmaqdır. Tehran bu məsələdə fəaliyyətini Moskva, İrəvan və bəzi digər güclərlə də koordinasiya edir. Lakin Tehran unudur ki, Cənubi Qafqazdakı yeni geosiyasi konfiqurasiyanın reallaşması geriyədönməz xarakter alıb. Buna qarşı çıxanlar ancaq öz ölkələrinin maraqlarına ziyan vurmuş olacaqlar.
Tehran isə sərgilədiyi destruktiv fəaliyyəti ilə təkcə öz maraqlarına deyil, eyni zamanda İslam həmrəyliyinə, birliyinə ziyan vurmuş olacaq.
Ölkə.Az