Son Xəbər: COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır, İmişlidə ölümlə nəticələnən yol qəzası olub, COP29-un on ikinci günündən FOTOREPORTAJ, Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib,

İranla İsraili toqquşduran TƏBRİZ NAĞILLARI... - Rəsmi Bakı ancaq seyr etdi...

İranla İsraili toqquşduran TƏBRİZ NAĞILLARI... - Rəsmi Bakı ancaq seyr etdi...

Tarix: 27-07-2022, 09:02

 
Xəbər verildiyi kimi, iyulun 20-də İsrail səfiri Corc Dik ona hədiyyə edilmiş Təbriz haqqında kitab (“Təbrizin sehirli nağılları”) barədə Twitterdə məlumat yaydıqdan sonra qalmaqal baş verib. Kitabda Azərbaycan tarixi və İranın şimalında yerləşən qədim şəhərin mədəniyyətindən danışılır.

“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bugünlərdə nə oxuyursunuz?” - deyə yəhudi diplomat müzakirələrə səbəb olan paylaşımında qeyd etmişdi. “Yeni Müsavat” yada salır ki, bu tvit İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin ciddi reaksiyasına səbəb olub və o, İsrail səfirinin ünvanına hədələr səsləndirib: “Bu macəraçı oğlanın məlumatı üçün: bizim sevimli İran şəhərimiz Təbriz İranın qürurlu tarixində BİRİNCİLƏRİN torpağı kimi tanınır. Görünür, bu BİRİNCİ bədxah sionist qısqanc Təbriz xalqı tərəfindən dəfn ediləcək. Heç vaxt bizim qırmızı xəttimizi keçməyin!”

İyulun 26-da isə İran səfirinin Tehrana getdiyi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşdüyü məlum olub. İran tərəfinin məlumatına görə, səfirə Azərbaycanla münasibətləri bundan sonra da “möhkəmləndirmək” tapşırılıb. Bu arada, Twitterdə İsrail səfirinə dəstək kampaniyası və Təbrizin tarixinə dair kitabı almaq çağırışları başlayıb. Eyni zamanda İran tərəfinin hərəkəti “diplomatiyanın təhqir olunması” kimi qiymətləndirilib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, böyük ehtimalla səfirin qəfil Tehrana çağırılması son qalmaqalla bağlıdır. Onun sözlərinə görə, İsrail səfirinin paylaşımı trendə çevrilib, dünyanın müxtəlif ölkələrində “Təbrizin sehrli nağılları” kitabının paylaşımları artıb: “İranın xarici işlər nazirinin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum olmasa da, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı”.

Politoloq Zərdüşt Əlizadə isə İran-İsrail münasibətlərində ədavətin Azərbaycanda bir daha üzə çıxmasının səbəbləri haqda danışıb: “İranlılar düşünür ki, ölkələrinə qarşı təhlükə Azərbaycan üzərindən gələ bilər. Halbuki ortada heç bir fakt və dəlil yoxdur. İran Azərbaycana qarşı çox səhv mövqe tuturdu. İran düşünürdü ki, Türkmənçay müqaviləsinə qədər indiki Azərbaycan ərazisi İranın qanuni ərazisi olub. İran hələ uzun müddət öz səfirliyini İranın Azərbaycandakı səfirliyi deyil, Bakıdakı səfirliyi adlandırırdı”.

“Təbrizin sehirli nağılları” hələ 2014-cü ildə nəşr olunub. Kitab Mədəniyyət və Turizm Nazirliyi, “bp Azərbaycan” və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə nəfis tərtibatla “İrs” Nəşriyyat Evində çap edilib. Layihənin rəhbəri “İrs” jurnalının baş redaktoru Musa Mərcanlıdır. Nəşr sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanıb. Beləliklə, 8 il əvvəl nəşr olunmuş kitabın səfirə hədiyyə edilməsi, onun yaratdığı qalmaqal, İran səfirinin Tehrana çağırılması diqqəti Bakı üzərinə yönəldir. Maraqlıdır, rəsmi Bakı iki ölkə diplomatı arasında Cənubi Azərbaycanın paytaxtı hesab olunan Təbrizlə bağlı dartışmaya münasibət bildirməyib. Bəzi iddialara görə, bu məsələdə rəsmi Bakının tutduğu mövqe İranı məmnun edib. Bəs, Azərbaycan üzərindən bu skandalın baş verməsi bizi narahat etməlidirmi? Dia.az-ın məlumatına görə, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, bu skandalın hansısa qüvvələr tərəfindən hazırlanmış hadisə olduğunu düşünmür. Onun fikrincə, səfirlər hadisələrin səbəbkarı olacaq səviyyədə deyillər: “Bəllidir ki, İsrail-İran əlaqələri pisdir. O baxımdan təbii yaranan konfliktdir və süni şəkildə ortaya çıxan qalmaqaldır. Son dövrlər Tehranla Tel-Əviv arasında gərginlik daha da artıb. İranda SEPAH-ın mühəndisi öldürülür, hansısa proseslər gedir. Eyni zamanda, Amerikanın İran siyasəti İsraili qane etmir. Tramp dövründə yəhudilərə ciddi dəstək verilirdi, indi o cür deyil. Bu olay isə səfirlər səviyyəsində yaşanan məsələdir”.

T.Zülfqarov hesab edir ki, bizim ərazimizdə gərginlik olması yaxşı hal deyil: “İran səfirinin reaksiyası isə qeyri-adekvat idi. Üstəlik, provokativ kitab da deyil”. T.Zülfüqarov qeyd etdi ki, Qacarlar 300 il hakimiyyətdə olub, bu, bizim tariximizdir, mənəvi irsimizdir: “İndi İran səfirinin belə reaksiya verməsi yersizdir. Mən bu məsələdə istəməzdim ki, mövqe tutum. Digər tərəfdən də rəsmi Bakıya aid heç nə yoxdur, coğrafi baxımdan buradadırlar, amma səfirlər ölkələrini təmsil edirlər. Ona görə bizə aid olmayan gərginlikdir. Sadəcə, yaxşı olardı ki, bu konfliktdə ərazimizdən istifadə edilməsin. Biz qonşuluq və dostluq münasibətlərinin davam etdirilməsini istəyirik. Hətta İsraillə İran arasında münasibətlərin düzəlməsinə vasitəçi ola bilərik”.

Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, İran səfiri bu məsələdə yersiz reaksiya verib: “Ümumiyyətlə, mən Bütöv Azərbaycançı kimi deyə bilərəm ki, hələ parlamentdə ilk çıxışıma Türkmənçay müqaviləsinin qüvvədən düşməsi təklifi ilə başlamışdım. Çünki iki imperiya tərəfindən bölünmüş xalqlardır. Dünya bilir ki, bütöv Azərbaycan bölünüb. İran səfirinin Təbrizi İran şəhəri adlandırmasından, ostanların adlarını dəyişməsindən asılı olmayaraq, bu qədim şəhər Azərbaycanındır. Ona görə də İsrail səfirinin həmin kitabı hansı məqsədlə paylaşmasından daha çox ona verilən reaksiyaya diqqət çəkməyin tərəfdarıyam”. F.Quliyev qeyd etdi ki, İran və Azərbaycan rəsmi şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyır: “Amma ictimaiyyət və xalq status-kvo ilə razılaşmır, mübarizəsini aparır. Düşünmürəm ki, bu paylaşım İsrailin hansısa planına hesablanıb. Ancaq kim Təbrizi Azərbaycan şəhəri kimi tanıyacaqsa, biz yalnız təşəkkür edəcəyik. Hesab etmirəm ki, İrana yumşaq münasibət göstərməliyik. Onların Vətən müharibəsi vaxtı erməniyə silah daşınması üçün yol açması, ardınca davranışları, son olaraq Zəngəzur dəhlizinə qarşı çıxması, İran-Ermənistan arasında ”minilliklərin yolu" demələri unudulmamalıdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR