Son Xəbər:
Tarix: 6-08-2022, 07:50
Rusiya Mərkəzi Bankı 2023-cü ildə Çeçenistan və Dağıstanda İslam bankçılığı üzrə pilot layihəyə start verəcək. Avqustun 4-də Mərkəzi Bank sanksiyalar fonunda maliyyə bazarının inkişafı ilə bağlı hesabat dərc edib və bu hesabatda digər məsələlərlə yanaşı, tərəfdaş maliyyələşdirmənin rolunu gücləndirməyi təklif edib.
Bunu etmək üçün Rusiyanın ayrı-ayrı subyektlərinin ərazisində sınaqlar keçirmək lazımdır, bunun nəticəsində tərəfdaşın maliyyələşdirilməsinin qanunvericilik tənzimlənməsinin digər bölgələrə də genişləndirilməsi barədə qərar qəbul ediləcək. Rusiya Mərkəzi Bankı deyib ki, söhbət İslam bankçılığından gedir. Eksperiment 2023-cü ildə Çeçenistan və Dağıstan ərazisində baş tutacaq.
Məsələ Maliyyə Nazirliyi tərəfindən Mərkəzi Bankla birgə işlənir.
Qeyd edək ki, İslam bankçılığının şəriətin dini prinsiplərinə əsaslanan bankçılıq üsulu olduğu, məsələn, faizlərin ödənilməsi və yığılmasına qadağa qoyulmasının nəzərdə tutduğu deyilir. Bu gün ölkəmizdə bankların yüksək faizlə kredit verdiyi faktdır və məhz bu baxımdan əhali həmin kreditlərin ödənişi ilə bağlı problemlərlə üzləşir. Hələ bir neçə il əvvəl Azərbaycanda da İslam bankçılığının tətbiqi nəzərdə tutulsa da, reallaşmadı. Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, ölkədə faizlərin yüksək olmasının əsas səbəbi bankların özünə də maliyyələşmənin baha başa gəlməsidir:
“Yəni banklar kredit kimi öz pulunu vermir, kimdənsə borc götürürlər. Bu isə bank əmanətçiləridir ki, bu gün sığortalanma 12 faizdir. Bu rəqəmlə əmanət götürən bank hansı faizlə kredit verəcək? O da faizi daha yüksək verəcək. İkinci mənbə isə Mərkəzi Bankdan kredit götürməkdir ki, uçot dərəcəsi hazırda 7,75 faizdir. Təəssüf ki, Mərkəzi Bank bütün banklara sağlam rəqabətli kreditlər vermir. Buna görə də banklar üçün Mərkəzi Banklardan kredit götürmək çətindir. Nəhayət, üçüncü problem odur ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin vəziyyəti çox ağırdır. Buna görə də bankların verdiyi kreditlər üzrə risklər yüksəkdir. Onlar bilir ki, kimsə kredit verməyəndə, yaxud gecikdirəndə, bankların həm rəsmi vəkilə, işçiyə, həm də qeyri-rəsmi məhkəməyə, icra məmuruna çox xərci çıxacaq. Həmin xərcləri bağlamaq üçün faizləri yüksək edir”.
İslam bankçılığına gəldikdə isə ekspert deyir ki, o, ölkədə bunu təklif edən ilk şəxs olub:
“Hələ 2011-ci ildə “Azərbaycanın bank hüququ” adlı kitabım çıxıb. Orada mən bunu təklif etmişəm. İslam bankçılığı yalnız müsəlman ölkələrində yox, bütün dünyada, Avropada, ən inkişaf etmiş ölkələrdə, məsələn, Britaniyada da var. Ümumiyyətlə, sələmçilik yalnız İslam dinində qadağan edilməyib. Yəni yəhudi və xristianlıqda sələmlə pul vermək qadağandır. Bu baxımdan İslam bankçılığının xidmətlərindən yalnız müsəlmanlar istifadə etmir. Azərbaycanda da İslam bankçılığını çoxdan tətbiq etmək lazımdır. Təəssüf ki, illərdir bu barədə danışırlar, qanunlar qəbul edəcəyik deyirlər. Ancaq bu, böyük problemdir. İslam bankçılığı haqqında qanunlar qəbul edilsə belə, nə dərəcədə səmərəli olacağı sual altındadır. Çünki İslam bankçılığı şəffaflıq tələb edir. Bu da bizim iqtisadiyyatımızda və bank sistemində yoxdur. Heç 50 faiz belə, yoxdur”.
Ekspertin sözlərinə görə, vətəndaş ənənəvi banka gedib, məsələn, 12 faizlə əmanət qoyursa, onu maraqlandırmır ki, o bank gəlirli, yaxud gəlirsizdir:
“Bank da həmin pulu götürüb kiməsə kredit verir və onu da maraqlandırmır ki, həmin şəxsin gəliri varmı, yoxsa yox? Ancaq İslam bankçılığında belə deyil. Vətəndaş gəlir banka, əmanət qoyur və orada faiz yoxdur. Vətəndaş banka əmanət qoyanda, sanki bankın səhmdarıdır, bankın gəlirinə şərik olur. Əgər bankın gəliri olmasa, vətəndaşa da heç nə verilməyəcək. Bank da eynidir, kiməsə, məsələn, biznesə kredit verəndə şərti odur. Əgər həmin biznesin mənfəəti olacaqsa, bankın payı var, olmayacaqsa, payı yoxdur. Gərək şəffaflıq olsun və banka əmanət qoyanda bank deməsin ki, mənim mənfəətim yoxdur, pulu da verməsin. Bank da kiməsə kredit verirsə, istəyir o biznes tam şəffaf olsun. Bu, olmadığı təqdirdə Azərbaycanda İslam bankçılığı inkişaf edə bilməz. Bank çalışacaq vətəndaşı aldatsın, sahibkar da çalışacaq bankı aldatsın ki, mənfəətim yoxdur. Bunlar hamısı gərək təmin olunsun ki, Azərbaycanda İslam bankçılığı olsun”.