Tarix: 23-09-2022, 08:59
Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.
Məlumata görə, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq 2.9% bahalaşmadır ki, bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9%-lik bahalaşmadan sonra ən yüksək göstəricidir. Sümüksüz mal ətinin bir kq-nın qiyməti isə 13.55 manatdan 13.81 manata (2%) yüksəlib. Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 2% bahalaşma ilə 13 manatdan 13.28 manata qədər bahalaşıb. Toyuq ətində bahalaşma bir qədər az olub. Avqust ayında cəmi 0.4%-lik bahalaşma ilə 5.65 manat/kq təşkil edib. Kolbasanın qiyməti 0.8% artımla 13.19 manat/kq, sosiska isə 0.8% artımla 13.19 manat/kq olub.
Onu da nəzərə çatdıraq ki, son bir neçə gündür dana ətinin qiymətində bahalaşma müşahidə edilir. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.
Satıcılar deyir ki, artım son 1 həftədə baş verib. Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub. O da qeyd edilir ki, ətin qiymətinin bahalaşmasına bir səbəb də rayonlarda danaların bahalaşmasıdır. Bununla belə, qıtlıq davam edərsə, qiymətlərin daha da artacağı istisna edilmir.
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Son iki gündə toyuq ətinin qiymətində 10 faiz bahalaşma müşahidə olunur. Bu da onunla əlaqədardır ki, toyuq əti ölkəmizə əsasən idxal olunur. Toyuq əti əsasən Ukraynadan idxal olunurdu. Son iki gündə toyuq əti ilə bağlı problem yarandığından bahalaşma müşahidə edilir. Sözsüz ki, bu da zəncirvari olaraq toyuq məhsullarının bahalaşmasına da təsir göstərəcək. Mal ətinin bahalaşması realda statistik göstəricilərdən artıqdır. Təqribən 10 faiz artım var. Bu da müəyyən səbəblərlə bağlıdır. Belə ki, yemin qiyməti bahalaşır. Bu da özünü ətin bahalaşmasında göstərir. Hesab edirəm ki, növbəti aylarda mövsümlə əlaqədar, eləcə də Rusiyada səfərbərliyin elan edilməsi ilə bağlı heyvan yemi bahalaşa bilər. Sözsüz ki, bu da ətin qiymətinə təsir edə bilər. Onu da qeyd edim ki, mövsümlə əlaqədar qış ayları gəlir, bu da təbii yemin azalmasına səbəb olacaq. Sözsüz ki, fermerlər yemi kənardan əldə etməyə məcbur olacaqlar. Burada saman, quru otla bağlı qiymətin bahalaşmasını nəzərdə tuturam. Bu, sözsüz ki, ətin qiymətinin bahalaşmasına təsir edə bilər. Əlbəttə, bu, digər sektorlara da təsir edə bilər. Bunun qarşısını almaq üçün sahibkarlar tərəfindən digər alternativ təchizat kanalları axtarılmalıdır. Həmçinin daxili yemlik istehsalını artırmalıyıq və idxaldan asılılığı azaltmalıyıq”.
İqtisadçı ekspert Natiq Cəfərli mediaya açıqlamasında ətin qiymətinin qalxmasının səbəblərini belə izah edib: “Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı. İlin əvvəlində hökumət dizelin qiymətini 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına start verdi. Yem qiymətləri 40-50% civarında bahalaşıb, yazıq fermer necə qiymət artırmasın. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər. Toyların bərpası, bayramlar tələbatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. Bu sistemlə, belə iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq, yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq. 5 il əvvəl dediklərimiz indi olursa, indi yazdıqlarımın təsdiqini də hər il görəcəksiniz”.
Buta.ws