Son Xəbər: Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT, Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı,

Qiymətlərin dövlət tənzimlənməsinin “faydası” – Bir sıra vacib dərmanlar yoxa çıxıb

Qiymətlərin dövlət tənzimlənməsinin “faydası” – Bir sıra vacib dərmanlar yoxa çıxıb

Tarix: 8-10-2022, 09:44

 

Apketlərin piştaxtalarından dərmanların yoxa çıxması heç kəsi təəccübləndirməyəcək. Uzun illərdir ki, əhali uyğun dərman axtarışında aptekdən aptekə yol və vaxt qət edir. Hətta ən sadə və ilk baxışdan tanış olan dərman və tibbi vasitələr pərakəndə satışdan kənarda qalır və səbəblərə gəldikdə, onlar haqqında yalnız təxmin etmək olar.

Problemin uzun illər aktuallığına baxmayaraq, profil strukturları “niyə dərmanlar apteklərimizdən yoxa çıxır” sualına tam cavab vermir. Düzdür, mürəkkəb logistika, pandemiya ilə bağlı problemlər və Ukraynadakı müharibə ilə bağlı bəyanatlar var. Amma, axı dərmanlarla bağlı çətinliklər bu gün, hətta dünən də yaranmayıb. Bu problem uzun illərdir var idi, indi isə sadəcə olaraq kəskinləşib.

Keçən qışda, koronavirus pandemiyasının ortasında, “Asetilsistein”in apteklərdən necə yoxa çıxdığını xatırlayıram (bəlğəm əmələ gəlməsi ilə müşayiət olunan tənəffüs sistemi xəstəliklərində istifadə olunan bəlğəmgətirici). Bu problemi olan insanların hansı çaxnaşma içində xilasedici çarə axtarmağa tələsdiklərini söyləməyə ehtiyac yoxdur - AYNA-nın həmsöhbətləri kimi...

Xroniki bronxitdən əziyyət çəkən Maqsud Əzimov deyir: “Dərman altı aydan sonra ortaya çıxdı. Ancaq dərmanların yeni partiyaları yeni qiymətlərlə satılır. Əgər əvvəllər “ACC Long” paketinin qiyməti 3,60 idisə, indi 4 manat 80 qəpiyə satılır. Yeri gəlmişkən, bu dərmanın olmaması səbəbindən daha ucuz olan “Mukaltin”ə keçmişdim - bir blisteri 70 qəpik. Amma ACC-nin gəlməsi ilə o da apteklərimizdən yox oldu”.

Yeri gəlmişkən, həmsöhbətlərimizin fikrincə, dərmanların yoxa çıxması adətən onların sonrakı bahalaşmasından xəbər verir.

Qlaukoması olan başqa bir həmsöhbət, “Betoptik” göz damcılarının apteklərdən tamamilə çıxarılmasından şikayətlənir. Yaşlı qadın deyir: “Aylardır bu dərmanı axtarırıq. Dərman əvvəllər də apteklərdən itirdi, amma Gürcüstandan və Rusiyadan olan qohumlar, dostlar kömək edirdi. İndi sərhədlər bağlı olduğundan ziyarətçi azdır, bizim depolarda isə bu damcıların izi-tozu da qalmayıb. Nə etməliyəm? Axı əvəzedicilər mənə kömək etmir”.

Paytaxtda yaşayan Elmira Əzizovanın sözlərinə görə, bütün şəhərin apteklərində yaşlı anasına yazılan “Tanakan” dərmanını axtarırmış, bunun üçün bütün gününü sərf edib: “Dərmanı həkim yazıb. Gedirəm birinə, o birinə... onuncu aptekə - deyirlər ki, yoxdur. Həm də təkcə bu apteklərdə deyil. Heç bir yerdə yoxdur. Mənə deyirlər ki, depoda dərman bitib... Amma şəhərin kənarında qalan apteklərdə hardasa tapmaq olar! Bakı kəndlərinə gedirəm, ən ucqar aptekləri gəzirəm, oradan dərman alan az olur. Və möcüzə! Bir blister tapıldı. Mən başqa əraziyə gedirəm, aptekləri gəzirəm, bir qutu tapıb alıram – sonuncunu”.

Bir sözlə, yerli aptek şəbəkəsindən dərmanların “yoxa çıxması” vəziyyəti heç də yeni deyil, amma bizi adi yod və valerianın yox olması kimi sürprizlər də gözləyirdi. Piştaxtalardan yod, antiseptik, valerian və validolun yoxa çıxmasını “Əczaçılar Klubu” İctimai Birliyinin sədri Şövqi Bünyatov jurnalistlərə təsdiqləyib. Onun sözlərinə görə, son aylar apteklərə məhdud miqdarda yod daxil olurdu. Onların hər birinə gündə dörd şüşədən çox vermirdilər, halbuki, normal vaxtlarda gündəlik satış təxminən 50-60 ədəd olurdu.

Yod çatışmazlığının səbəbləri barədə susmaq, görünür, effekt vermədi. İxtisaslaşmış şöbələrimizin ağır sükutunu Azərbaycanı yuxarıda göstərilən çeşidlə təmin edən Yaroslavl Əczaçılıq Zavodu pozdu. Müəssisədən bildirilib ki, Tarif Şurasının tətbiq etdiyi qiymət həddi ilə əlaqədar respublikaya çatdırılma dayandırılıb. Ancaq vəziyyəti həll edilmiş hesab etmək olar - tariflər dəyişdi və Rusiyadan idxal özünü çox gözlətməyəcək.

Hər şey yaxşı olardı, amma qıtlığın səbəbi kimi yenə də dərmanların qiymətlərinin tənzimlənməsi qeyd edilir. Ancaq bu, bir dəfə tətbiq edilən qiymət tavanının nəinki qıtlığa səbəb olduğu, həm də birbaşa məqsədinə çatmadığı ilk belə hal deyil. Axı qiymət tavanı apteklərimizdə qiymətləri saxlaya bilmir.

Yeri gəlmişkən, bu hekayənin kökü 2015-ci ilə gedib çıxır. Yadımdadır, hökumətin o vaxtkı yaddaqalan iclasında “süni” qiymət artımının yolverilməzliyi barədə necə danışılırdı. Qiymət tavanı isə daha ucuz qiymətlərin gözlənilməsi ilə bağlı qoyulurdu. Yəni ki, biz qiymət limiti təyin edəcəyik və nəticədə satıcıların marjası 100, 200 və hətta 300 faiz kimi yırtıcı olmayacaq.

Bir il sonra Tarif Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin ilk partiyalarının qiymətlərinin hesablanması qaydalarını, habelə onların topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını təsdiq etdi. O vaxtdan illər keçdi - fərmanlar qəbul edildi, bir çox dərmanlar dövlət qeydiyyatına alındı və tarifləri müəyyən edildi...

Ancaq apteklərimizdəki qiymət etiketlərinə baxanda bu tədbirin açıqlanan məqsədlərinə - əhalinin xərclərinin azaldılması və qiymətlərin sabitləşməsinə - çatdığına inanmaq çətindir. Qiymətlər ucuzlaşmayıb və dərmanların daim yoxa çıxması müxtəlif hallarla izah oluna bilər - zəif nəzarətdən tutmuş monopoliya biznesinin ən sərt miqyasına qədər.

Təbii ki, dərmanların qiymət tavanı da bahalaşmaya ciddi töhfə verir. Ş.Bünyatovun qeyd etdiyi kimi, bu, daha çox Tarif Şurasının qiymət siyasəti ilə bağlıdır: “Bu qiymət siyasətinin tətbiqindən və qiymətlərin tənzimlənməsinə başlandıqdan sonra bir çox aparıcı əczaçılıq şirkətləri ölkəni tərk etdi, təbii ki, onların məhsulları da bazardan itdi”.

Bütün bunları məhsulları yerli bazardan itən rus istehsalçısının son açıqlaması da təsdiqləyir.

Aydındır ki, bu cür inflyasiya diapazonu ilə dərmanların qiymətləri yerində qala bilməz. Nəticədə bu il sentyabrın 1-dən ölkədə apteklərdə satılan dərman vasitələrinin yeni tarifləri qüvvəyə minib. Hələ avqustun 31-də Tarif Şurası bəzi dərman vasitələrinin qiymətlərinə baxaraq qiymətləri qaldırıb. Ancaq göründüyü kimi, qurum indi qiymət artımı ilə ayaqlaşa bilmir.

Onda sual yaranır: ümumiyyətlə, niyə qiymət tavanı tətbiq ediblər? Bunun bir faydası varmı və özümüzü bazar qiymətinin formalaşması ilə məhdudlaşdırmaq daha asan deyilmi?

Tarif Şurasından qeyd edildiyinə görə, belə bir ehtiyac var: “Dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst qiymətlər qiymətlərin ucuzlaşmasını təmin etmir, əksinə, artımını stimullaşdırır. Elə buna görə də inkişaf etmiş ölkələrdə və liberal Avropa dövlətlərində qiymətlər dövlət tərəfindən tənzimlənir. Tətbiq olunan mexanizmə uyğun olaraq, istehsalçı daha aşağı qiymət təsdiq etmək istəyirsə, o, müvafiq qaydada bunun üçün müraciət edir və qiymət yenidən endirilir”.

Lakin məmurların uzun-uzadı açıqlamaları reallıq sınağına dözmür. Axı hökumət bahalaşmadan narahatdırsa, niyə bu halda inflyasiyanın ən qızğın vaxtında dərman vasitələrinin və preparatların dövlət qeydiyyatına alınması üçün rüsumlar 100 manatdan 150 manata qaldırılıb, gigiyena sertifikatı 15 manatdan 25 manata çatdırılıb?

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, dərmanların yerli istehsalı olmadığı halda, idxal rüsumlarını qaldırmaq sonda təbii nəticəyə - bahalaşmaya gətirir: “Amma dərmanların qiyməti ciddi sosial əhəmiyyət kəsb edən problemdir. Bu baxımdan, yüksək gömrük rüsumları ilə bağlı sual yaranır - ölkədə istehsal olunmayan idxal məhsullarına 15% gömrük rüsumu və 18% ƏDV-nin tətbiqinin daxili bazarda qiymət artımından başqa perspektivi yoxdur. Amma əczaçılıq məhsullarının yerli istehsalı dərmanlara olan tələbatı ödəmir. Söhbət əsasən pambıq, spirt, şprislər və digər oxşar çeşidlərin istehsalından gedir”. //AYNA//





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR