Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarix: 17-03-2023, 19:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR