Tarix: 13-04-2023, 09:07
Qazaxıstan Azərbaycandan 5 gəmi tankeri alacaq
“Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri həm iki ölkə, həm də Türk dünyası üçün çox böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla verdikləri mesajlar ölkələrimiz üçün önəmlidir".
Bunu Modern.az-a açıqlamasında qazaxıstanlı ekspert Amangəldi Kurmetuly bildirib.
Onun sözlərinə görə, vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu birliyin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu:
“Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxardı. Bu ölkələr arasında ikitərəfli, həmçinin çoxtərəfli əlaqələr ildən-ilə inkişaf edərək, ən yüksək səviyyəyə çatıb. Əlbəttə, dövlətləri ümumi tarix və mədəni köklər birləşdirsə də, iqtisadi və siyasi maraqlar da çox önəmli amildir”.
Tanınmış ekspert Azərbaycan və Qazaxlstan arasına böyük layihələrin həyata keçiriləcəyini söyləyib.
“Ən vacib olanı dəhliz məsələsidir. Belə ki, Qazaxıstan nefti Xəzər dənizi vasitəsiylə Azərbaycana çatdırılacaq, daha sonra Avropaya göndəriləcək. Eyni zamanda Qazaxıstan Bakıdan beş neft daşıyan tanker alacaq. Bununla bərabər Qazaxıstandan Bakıya 30 lokomativ göndəriləcək.
Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunması bizim üçün vacibdir. İndiyə qədər Qazaxıstan neftinin 80%-i dünyaya Rusiyanın Novosibirski vilayətindən göndərilirdi. Keçən il Rusiya müxtəlif bəhanələr gətirərək dörd boru xəttimizi bağlamışdı. Bu da Qazaxıstan iqtisadiyyatına ciddi təsirlər göstərmişdi. Bu gün Azərbaycanın sayəsində Qazaxıstanın Rusiyadan asılılığı azalır. Əvvəl Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər bu qədər güclü və dinamik deyildi. Bundan əvvəl ölkələrimiz Xəzər dənizi hövzəsində neft istehsal etdikləri üçün rəqib sayılırdılar. İndi isə iki ölkə birlikdə çalışmağa başlayıb. Bununla da Qazaxıstanın Rusiyaya asılılığı azalır. Bu da Ukrayna-Rusiya müharibəsi zamanı önəmli faktordur".
Qazaxıstan Rusiyadan xilas olur...
"Rusiya hər zaman Qazaxıstanı basqı altında saxlamağı xoşlayır, amma bundan sonra belə olmayacaq. Bu, həmçinin Türk dünyası üçün də vacibdir. İrəlidə Türkmənistan və Özbəkistanın da birgə layihəyə qoşulma ehtimalı var. Bununla bərabər Qazaxıstan Xəzər dənizindən çəkilən kabellə internet provayder əldə edəcək. Bundan əvvəl Qazaxıstan internet sahəsində demək olar ki, Rusiyadan asılı idi. Ümumilikdə, hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan və Qazaxıstan xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhfəsini verəcək”,- deyə Amangəldi Kurmetuly əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri və imzalanan mühüm sənədlər iki ölkə arasında əlaqələrin inkişafına, münasibətlərin səviyyəsinin yüksəlməsinə və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır.