Son Xəbər:
Tarix: 28-12-2022, 19:44
12 dekabr 2022-ci il Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda əsrlərboyu gedən mübarizənin salnaməsinə növbəti şanlı tarix kimi düşdü. Bu səhifəni də yazan xalqının, dövlətinin əsgərləri oldu. Lakin bu dəfə dünya ön cəbhədə müasir silahlarla təchiz olunmuş hərbçiləri deyil, mülki, tam silahsız və yalnız Azərbaycanın sərvətlərinin talanmasına son qoyulması tələbini bəşəriyyətə çatdırmaq, sadəcə bəyanatlar səsləndirməklə kifayətlənməyib real addımlar atılana qədər fasiləsiz mücadiləyə start verən insanları gördü. 12 dekabr 2022-ci il saat 10:20 radələrində ölkəmizin Qarabağ regionunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Şuşa-Xankəndi yoluna daxil olmaqla Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, ilk növbədə, milli maraqların hər şeydən üstün olduğunu və bunların yerinə yetirilməsi üçün istənilən sülh təşəbbüsünü reallaşdırmağa hazır olduqlarını nümayiş etdirdilər.
Əslində, Şuşa-Xankəndi yolunda başlanan və indi də davam edən dinc aksiya beyinlərdə dərin köklər atmış ənənəvi siyasətin və siyasi fəlsəfənin təməl prinsiplərinə tamamilə zidd olan, rasional düşüncənin yanaşmalarını rədd edən, Azərbaycanın təhlükəsizlik maraqlarına olan təhdidlərə assimetrik cavabın mükəmməl nümunəsi kimi qiymətləndirilməlidir. Vətəndaş cəmiyyətinin təmsilçilərinin gözünü qırpmadan təpədən dırnağına qədər silahlanmış Rusiya hərbçiləri ilə üz-üzə dayanması, ilk anlarda yaşanan ağır emosional gərginlik və qarşıdurma səbəbindən sülhməramlıların hətta QHT nümayəndələrinə qarşı silah işlətmək təhlükəsinə rəğmən aksiyanın davam etdirilməsi faktının özü dünyaya açıq mesajdır. Bu mesajda Azərbaycanın haqq səsi, Azərbaycan vətəndaşının dövləti ilə sarsılmaz birliyi və milli maraqlar naminə özünü fəda etmək mədəniyyəti ehtiva olunur. Aksiyanın ilk saniyələrindən etibarən bütün dünya bunun şahididir.
Dünya onu da gördü ki, Azərbaycan mədəniyyətinin, tarixinin, ümumiyyətlə, bu günü və gələcəyinin proqnozlaşdırılan və tam təhlükəsiz olması uğrunda dayanmadan fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları vətənin ekoloji problemlərini də daim diqqət mərkəzində saxlayır. Bu aksiya vətəndaş cəmiyyətinin əsas aktorları olan QHT-lərin ölkənin ictimai-siyasi, mədəni, sosial, bir sözlə, bütün sahələrində cərəyan edən proseslərdə fəal iştirak etdiyini göstərir və Şuşa-Xankəndi yolunda ekologiyamızın müdafiəsi üçün göstərilən fəaliyyətlər bunun əyani sübutudur. Üstəlik, Azərbaycanın Qarabağ regionunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə milli sərvətlərin talan edilməsinə qarşı çıxış edən QHT-lərin məqsədlərinə məhz dinc yolla nail olmaq niyyəti düşmənin və onun havadarlarının irəli sürdüyü bütün uydurma əks-arqumentləri kökündəcə məhv edir, bunları dərhal neytrallaşdırır. Çünki Azərbaycan QHT-ləri qarşılarına qoyduqları məqsəd nə insani, nə bəşəri, nə də hüquqi normalara ziddir. Əksinə, irəli sürülən tələblər, sadəcə, ədalətin bərpa olunmasına yönəlikdir ki, bunların da yerinə yetirilməsi yalnız dinc vasitələrlə, humanizm norma və prinsipləri qorunmaqla həyata keçirilir.
Mühüm məqamlardan biri də Azərbaycan QHT-lərinin dövlətə yalnız tənzimləyici sistem kimi deyil, eyni zamanda, bir dəyər kimi yanaşmasıdır. Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın, sözsüz ki, bir ideoloji xətti var və bu ideologiyanın adı – azərbaycançılıqdır. Şübhəsiz, Azərbaycan dövlətinin dəstəyi, hər bir aksiya iştirakçısının azərbaycançılıq ideologiyasının daşıyıcısı olması güclü motivasiya verən amillərdir. Bütün bunlar Azərbaycanın QHT sektorunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, milli maraqların müdafiəsində əvəzedilməz rola malik olduğunu və, təbii ki, Azərbaycan dövləti və cəmiyyətinin vətəndaş cəmiyyətinə yüksək inam və etimadını göstərir.
Etibar Məmmədov
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri