Son Xəbər:
Tarix: 17-01-2024, 09:19
İran tərəfindən dəstəklənən husi qiyamçılarının Qırmızı dənizdə Yunanıstana məxsus gəmini vurmasından sonra ABŞ ordusu dünən Yəmənə yeni zərbələr endirib.
Yunanıstana məxsus Malta bayrağı altında üzən yük gəmisi Yəmənin Salif limanından 76 dəniz mili şimal-qərbdə, Qırmızı dənizdə şimala doğru hərəkət edərkən raketlə vurulub. Husilərin hərbi sözçüsü Yəhya Sare də məlumat təsdiq edib. O, "Zografia" adlı gəmiyə dəniz raketlərindən istifadə edərək hücum etdiklərini bildiriblər.
Yunan mətbuatı yazır ki, "Zografia" gəmisində 24 heyət üzvü olub, gəmi Vyetnamdan İsrailə üzərkən hücuma məruz qalıb. Gəmidə hər hansı bir yükün olmadığı bildirilir. Hücum zamanı xəsarət alan olmayıb, yalnız maddi ziyan dəyib. Gəminin hərəkətə davam etdiyi və marşrutu dəyişdiyi qeyd olunur.
Husilərə cavab verilir
Buna cavab olaraq ABŞ Yəmənə ballistik raketlərlə hücum edib. Ağ Evin sözçüsü Con Kirbi deyib ki, Amerika hücumları genişləndirmək fikrində deyil. "Husilərin hələ də düzgün seçimi etmək üçün vaxtları var, yəni bu ehtiyatsız hücumları dayandırmaq lazımdır", - o əlavə edib.
Husilər İsraillə müharibədə olan HƏMAS hərəkatı ilə həmrəylik nümayiş etdirdiklərini deyirlər. Qruplaşma Amerika və Britaniyanın Yəmənə zərbələr endirməsinə cavab olaraq hücumları ABŞ gəmilərini də əhatə edəcək şəkildə genişləndirəcəklərini açıqlayıblar.
ABŞ prezidenti Co Baydenin administrasiyası qruplaşmanın maliyyələşdirilməsini və silah təchizatını dayandırmaq məqsədilə Husi qiyamçılarını yenidən terror təşkilatları siyahısına salmağı planlaşdırır. 2021-ci ildə Bayden administrasiyası keçmiş prezident Donald Trampın qərarını ləğv edərək Husiləri terrorçuların siyahısından çıxarmışdı.
Dünya iqtisadiyyatı təhlükə altında...
Husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları bir çox şirkətlərə təsir edib. Dubayda yerləşən nüfuzlu "DP World" logistika şirkəti Qırmızı dənizdəki vəziyyətə görə Avropanın idxalında fasilələrin olacağını gözlədiklərini açıqlayıb.
"Asiyadan Avropaya malların daşınması dəyəri xeyli yüksək olacaq. Avropalı istehlakçılar ağrını hiss edəcəklər... Bu, inkişaf etməkdə olan iqtisadiyyatlardan daha çox inkişaf etmiş ölkələrə zərbə vuracaq”, - şirkət rəsmilərindən biri deyib. Sığorta şirkətləri də ağır yük altına düşə biləcəklərini qeyd edirlər.
İspaniyada yerləşən Fransanın şin istehsalçısı "Michelin"ə məxsus dörd fabrik bu həftə sonu yenidən hasilatı dayandırmağı planlaşdırır, buna səbəb xammalın çatdırılmasında gecikmələrin yaşanmasıdır. Sözügedən xammal Qırmızı dəniz vasitəsilə daşınır. Yaponiyanın "Nippon Yusen" gəmi operatoru Qırmızı dəniz yaxınlığındakı gəmilərinə təhlükəsiz sularda gözləməyi tapşırıb. Şirkət marşrutu dəyişməyi nəzərdən keçirir.
Böyük Britaniyanın neft şirkəti "Shell" də Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırıb. ABŞ-ın neft şirkəti "Chevron" isə Qırmızı dəniz vasitəsilə daşıma marşrutlarını saxladığını bildirib. Rusiyaya məxsus "Sovcomflot" tanker qrupu böhranın kəskinləşəcəyi təqdirdə alternativ yolları nəzərdən keçirəcəyini bildirib.
Konteyner gəmiləri Asiyadan Avropaya ən sürətli keçid olan Qırmızı dənizə daxil olmağa çəkinir. Gəmilər ya burada dayanır, ya da yönünü dəyişir. Əksər gəmilər Cənubi Afrikanın Ümid burnu ətrafında dövrə vurmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, dünya gəmiçiliyinin təxminən 12%-i Qırmızı dəniz vasitəsilə Süveyş kanalında keçir. Misir rəsmiləri kanaldan tranzitin dayandırılmasının "müvəqqəti" olduğunu və kanaldan keçən nəqliyyatın "normal qaydada davam etdiyini" bildirib.
Region dövlətləri ABŞ-a dəstək vermir?
ABŞ-ın hücumlarına Britaniya, Avstraliya kimi ölkələr də dəstək verir. Fransa prezidenti Emmanuel Makron deyib ki, ölkəsi regional eskalasiyadan qaçmaq istədiyi üçün ABŞ-ın rəhbərlik etdiyi zərbələrə dəstək verməyəcək. Makron bildirib ki, Fransa Qırmızı dənizdə “müdafiə” yanaşmasına malikdir və bu mövqeyə sadiq qalacaq.
Avropalı diplomatlar bildiriblər ki, Avropa İttifaqına üzv dövlətlər gəmilərin qorunmasına kömək etmək üçün ən geci fevralın 19-dək dəniz missiyasının yaradılmasına dəstək veriblər.
Yəmənin vitse-prezidenti al-Zubaidi deyir kiki, Qırmızı dənizdə kommersiya nəqliyyatını qorumaq məqsədi daşıyan ABŞ-ın rəhbərlik etdiyi mövcud koalisiya zəifdir, çünki regional güc mərkəzləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir koalisiyada iştirak etmir. "Bab əl-Məndəb boğazı bütün dünya və region üçün maraqlıdır, buna görə də regional müdaxilə əsasdır", - o deyib.
Qeyd edək ki, Zubaidinin təmsil olunduğu Cənub Keçid Şurası Yəməndə İranın dəstəklədiyi husilərə qarşı olan ittifaqın tərkib hissəsidir. Səudiyyə Ərəbistanının xarici işlər naziri husilərin ticarət gəmilərinə hücumları ilə Qəzzadakı müharibə arasında əlaqənin olduğunu vurğulayıb. Şahzadə Feysal bin Farhan Əl Səud deyib ki, krallığın prioriteti Qəzzada atəşkəs vasitəsilə gərginliyin azaldılmasına yol tapmaqdır.
İran birbaşa hücumlara keçir
Yaxın Şərqdə Hizbullah, HƏMAS, Husi kimi qiyamçılara dəstək verən İran sön günlər birbaşa hücumlara başlayıb. Həftənin əvvəli İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Kürdüstan bölgəsinə zərbələr endirib. SEPAH İsrailin "casus qərargahına" hücum etdiklərini bildirib. Qərb ölkələri və İraq hücumları pisləyib.
Kürdüstanın mərkəzi Ərbilin şimal-şərqində ABŞ konsulluğunun yaxınlığındakı yaşayış massivinə endirilən zərbələrlə yanaşı, SEPAH Suriyada bir sıra ballistik raketlər atdıqlarını və İŞİD də daxil olmaqla İranda terror əməliyyatlarının səbəbkarlarını məhv etdiklərini iddia ediblər.
Dünən isə SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Hücum nəticəsində 2 uşaq həlak olub, 3 nəfər yaralanıb. Pakistan XİN bildirib ki, ölkənin suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər. (Modern)