Son Xəbər:
Tarix: 24-01-2024, 09:17
Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb.
"Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var... Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək", - o, bir neçə gün əvvəl hökumətin iclasında bildirib.
Erməni mətbuatı Paşinyanın yeni konstitusiya planları ilə bağlı şok detalları açıqlayıb.
"Hraparak" qəzetində dərc edilən məqalədə deyilir ki, Paşinyan Azərbaycan tərəfinin tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. İddiaya görə, Azərbaycan sülh müqaviləsi üçün Ermənistanın konstitusiyasını dəyişdirməsini tələb edir.
"İlham Əliyev sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə qeyd edib", - qəzet yazır.
Məlumata görə, Azərbaycanın bu tələbinin səbəbi Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. "Ermənistanın daxili qanunvericiliyi uyğunlaşdırılmalıdır ki, müqavilə bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmasın", - məqalədə belə deyilir.
Qeyd edək ki, Ermənistanda yeni konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul edilir. Referendumda seçicilərin dörddə birindən çoxu iştirak etməli və iştirak edənlərin yarıdan çoxu konstitusiyaya "hə" deməlidir.
Nəşr qeyd edir ki, belə olan halda Paşinyanın 647 min insanın səsinə ehtiyac var. Xatırladaq ki, Ermənistanın hakim partiyası sonuncu seçkilərdə 688 min səs toplayıb.
"Məsələnin həlli hakimiyyətin müzakirə etdiyi seçici siyahılarının “təmizlənməsi” ola bilər", - qəzet bildirir.
Məqalədə Ermənistanın niyə konstitusiya dəyişikliklərinə deyil, birbaşa yeni konstitusiyaya ehtiyacı olduğu da izah edilir. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ana qanunun preambulasında yer alan İstiqlal Bəyannaməsində səsləndirilir. Preambula hissəsinə isə dəyişiklik etmək mümkün deyil, ona görə Paşinyan yeni konstitusiya qəbul edilməsini istəyir.(Modern.az)