Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

Tarix: 25-01-2024, 14:55

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

Ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu vaxtadək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Onlara beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri də aid etmək olar. Bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə ev sahibliyi edib. Bu il isə Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

 AZƏRTAC belə mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanın nümunəvi təcrübəsinə, potensialına və perspektivlərinə nəzər salır.

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Ölkəmizin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Buna misal olaraq Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və sairlərini misal göstərmək olar. Belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələn Azərbaycan COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək. İki həftə ərzində dünyanın nəbzi Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.

Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyası

Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

Ən yüksək səviyyədə hazırlıq

Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb

Yanvarın 22-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb. Həmçinin Azərbaycan Prezidentinin COP29-la bağlı tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verilib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, yerli və beynəlxalq media, digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğu bildirilib. İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

İqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modeli

İqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olub. Temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. Bu səbəblərə görə deyə bilərik ki, dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış Paris Sazişi ilk dəfə olaraq bütün dövlətləri iqlim dəyişmələri ilə mübarizənin ümumi məqsədi ətrafında birləşdirdi. Paris Sazişi ilə ölkələr qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyədən 2 dərəcə aşağı salmaq və həddi 1,5 dərəcədə saxlamaq üçün tarixi razılaşma əldə olunub. O vaxtdan bəri danışıqlar Paris Sazişinin müəyyən etdiyi yol xəritəsinə və məqsədlərə uyğun olaraq davam etdirilir.

Real mənzərə budur ki, hər kəs bu qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş görür. Bir sıra ölkələr, ümumiyyətlə, bu istiqamətdə üzərilərinə götürdükləri öhdəliklərə əməl etmir. Lakin Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişmələri ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Azərbaycan modeli iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmanı nəzərdə tutur. Bu sirkulyar iqtisadiyyat modeli Azərbaycana imkan verəcək ki, ətraf mühitə həlledici təsir amilləri olan çirklənmə, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə mübarizə aparsın, dayanıqlı istehsal və istehlak modelləri yaratmaq, iqlim dəyişmələri ilə mübarizə sahəsində BMT-nin dayanıqlı inkişaf göstəricilərini həyata keçirsin, innovasiyanı və yeni işgüzar fəallığı təşviq etsin. Təklif olunan modelin Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərdə uğurlu tətbiqi mümkündür. Azərbaycan modelinin məhz işğaldan azad olunmuş ərazilərdə sınağı, iqlim dəyişmələri ilə mübarizədə mühüm mərhələ ola bilər.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. İqlim dəyişmələri ilə mübarizədə maliyyənin əhəmiyyəti ilbəil artır. Demək olar ki, uzunmüddətli danışıqlar zamanı ölkələr iqlimin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirirlər. Lakin bu məsələ söhbət olaraq qalır. COP29 inkişaf etmiş ölkələri sözügedən maliyyə dəstəyi ilə bağlı vədlərini yerinə yetirməyə sövq edilə bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR