Son Xəbər:
Tarix: 5-02-2024, 09:37
İranın Yaxın Şərqdə aktiv dəstəklədiyi silahlı qruplar HƏMAS və İsrail arasında toqquşmanın başlamasından bu yana xüsusi aktivlik nümayiş etdirir. Onlar HƏMAS-a dəstək məqsədilə Yaxın Şərqdə İsrail və ABŞ hədəflərinə hücumlar təşkil edir .
Yanvarın 28-də İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında yerləşən ABŞ bazası İranın dəstəklədiyi qüvvələr tərəfindən hücuma məruz qalıb. Pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində ABŞ ordusunun 3 hərbçisi həlak olub. Rəsmi Vaşinqton hücuma görə İranın dəstəklədiyi qruplaşmanın məsuliyyət daşıdığını bildirib və cavab olaraq Suriya və İraqdakı İrana bağlı hədəflərə hava zərbələri endirib.
Bəs Yaxın Şərqdə İranın dəstəklədiyi qüvvələr hansılardır?
Yaxın Şərqdə İranın həm siyasi, həm də hərbi cəhətdən dəstəklədiyi onlarla qruplaşma var. Bu qruplar müxtəlif ölkələrdə yerləşir.
Qruplaşmalar Yaxın Şərqdə İranın "müqavimət oxu"nu təşkil edir.
İraqda İslami Müqavimət
İraqda fəaliyyət göstərən İslami Müqavimət İordaniyadakı ABŞ bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İran tərəfindən dəstəklənən qruplaşma çətir təşkilatdır və bir neçə silahlı qrupu özündə birləşdirir. Əsasən şiə məzhəbinə aid edilən silahlılar oktyabr ayından bəri Suriya və İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazalara 150-dən çox hücum həyata keçirdiklərini iddia ediblər. Hücumlarda onlarla hərbçi yaralanıb, ABŞ cavab olaraq bir neçə dəfə zərbələr endirib.
Qruplaşma 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra meydana çıxıb. İraq siyasətində güclü oyunçulardan biridir.
Silahlılar "Haşid Şaabi" və ya Xalq Səfərbərlik Qüvvələrinin tərkibində İŞİD-ə qarşı mübarizədə aparıcı rol oynayıb. Bu silahlı qrupların üzvləri dövlətdən maaş alırlar və texniki cəhəddən İraq baş nazirinə tabedirlər. Lakin özlərini İraq ordusunun komanda zəncirindən kənarda tuturlar.
Son aylarda ABŞ qüvvələrini hədəf alanlar arasında SEPAH ilə sıx əlaqəsi olan Kataib Hizbullah və Nucaba silahlıları da var. Onların arsenalında dronlar, raketlər və ballistik raketlər mövcuddur.
Sözügedən silahlı qruplar "İraqda və regionda Amerika işğalçı qüvvələrinə müqavimət göstərmək" məqsədilə hücumlar həyata keçirdiklərini deyirlər. Qruplaşmalar ABŞ tərəfindən terror təşkilatları elan edilib.
Yəmən husiləri
Yəmənin böyük hissəsinə nəzarət edən husi qiyamçıları oktyabrın 31-də İsrail və HƏMAS arasındakı münaqişəyə daxil olduqlarını elan ediblər. Silahlılar paytaxt Sənadan minlərlə kilometr uzaqda olan İsrailə PUA və raketlərlə hücum edib.
Noyabr ayında husilər Qırmızı dənizin cənubunda gəmilərə hücum etməyə başlayıb. Qiyamçılar İsrailə gedən və ya israillilərə məxsus gəmilərə hücum etdiklərini iddia edirlər. Buna baxmayaraq hədəf alınan gəmilər arasında bəzilərinin İsrail ilə birbaşa əlaqəsi yoxdur.
ABŞ və Britaniya yanvar ayında Yəməndəki husi hədəflərinə hava zərbələri endirməyə başlayıb. Husilər “təcavüz”də iştirak edən ABŞ və Britaniyaya bütün gəmilərin hədəfə alınacağını bəyan edib.
Hücumlar nəticəsində bəzi daşıma şirkətləri marşrutu dəyişdirib və Afrika ətrafından hərəkət etməyə məcbur olub. Bəziləri isə ümumiyyətlə fəaliyyətlərini müvəqqəti dayandırıblar.
Birləşmiş Ştatlar hesab edir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) husilərin raket və PUA hücumlarının planlaşdırılması və həyata keçirilməsində iştirak edir. Qərb mətbuatının məlumatına görə, SEPAH və Hizbullah komandirləri Yəməndə husilərin Qırmızı dənizdə hücumlarına nəzarət edir. Tehran iddiaları təkzib edib. Birləşmiş Ştatlar gəmi hücumlarına cavab olaraq husiləri terrorçu qruplar siyahısına qaytarıb.
Livan Hizbullahı
Ağır silahlarla malik olan Livandakı Hizbullah qruplaşması oktyabrın 8-dən bəri, demək olar ki, hər gün İsrisə hücumlar təşkil edir. İsrail cavab olaraq Livanın cənubunda və Beyrutda hücumlar həyata keçirib. Bu gərginlik 2006-cı ildə genişmiqyaslı müharibə apardıqdan sonra ən şiddətli atışmalara səbəb olub. Toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi və mülki şəxslər həlak olub.
1982-ci ildə İran İnqilab Keşikçiləri tərəfindən yaradılan Hizbullah regionda Tehranın dəstəklədiyi digər qruplar üçün nümunə kimi xidmət edib, həmçinin onlardan bəzilərinə məsləhətlər verib və ya təlim keçib.
Hizbullah Livanda mərkəzi hökumətdən daha güclü hesab edilir. ABŞ Hizbullahı terror təşkilatı kimi tanıyıb.(Modern)