Son Xəbər:
Tarix: 8-08-2024, 18:33
“İran İsraili vuracaq, vurmayacaq” məsələsi tapmacaya dönüb. Burada məntiqsiz yanaşma da yox deyil. “İranın İsraili vurmağa haqqı çatır?” sualı niyə verilmir? İsrail niyə İranın qüvvələrini zərərsizləşdirir?
Tehran iddia edir ki, İsrail Fələstin torpaqlarını “zəbt edib” və həmin ərazidə yalnız fələstinlilərin dövlət qurmaq hüququ var. Onlar həmin torpaqları islam dininin vəqf torpaqları sayırlar. Tehran hakimiyyəti məsələyə dini-siyasi ideoloji baxımdan da yanaşdığı iddiasını irəli sürür. Ancaq İran Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərində də Fələstini müdafiə edib. Məsələ 1947-ci ildə BMT-də müzakirə edilərkən İsrail dövlətinin yaranması qərarının əleyhinə səs verən ölkələrdən biri də İran olmuşdu. Bu baxımdan, mövcud Tehran hakimiyyəti yeni heç nə kəşf etməyib. Digər tərəfdən, o illərdə İsraillə İran münasibətləri də normal olub.
Tehran hakimiyyəti regionda hegemonluğu təmin etmək üçün İsrailin zəifləməsinə də çalışır. Çünki bölgədə nüfuz uğurunda mübarizədə İran hakimiyyəti hələ ki önə çıxa bilmir. Onu bölgədə daha çox pozucu qüvvə kimi tanıyır, qəbul edirlər.
“İranın İsraili vurmağa haqqı çatır?” sualı həm də məntiqi cavab olmadığı üçün dilə gətirilmir. Çünki HƏMAS-ı gücləndirən Tehran hakimiyyəti faktiki olaraq Fələstini parçalayıb. Qəzza zolağından isə İsraili vurmaq üçün meydan olaraq istifadə edir. Deməli, İran hakimiyyətini, iddia etdiyi kimi, Fələstinin tanınması və onunla bağlı başqa məsələ deyil, daha çox İsrail düşündürür. Ancaq təbliğatda fələstinlilərin pozulan hüquqları və s.-dən bəhs edilir.
İranın siyasi-ideoloji təbliğatında bu kimi saxta məqamlar İsraili vurmaq haqqının olmaması qənaətinə gəlməyə əsas verir. Başqa sözlə, Tehran daha çox hədəfdən yayınmaq, yaxud onun üçün yaranacaq təhlükəni önləmək üçün İsrail-Fələstin məsələsində özünə yer eləyib. 77 illik münaqişənin 45 ilində Tehran aktiv iştirakçıya çevrilib.
İsrail iranyönümlü qüvvələrlə əhatə olunub. Suriya, Livan, Fələstindən (daha çox Qəzza zolağı) yəhudi dövləti daim təhdid edilir. Bundan başqa, Fələstin İsraili dövlət olaraq tanımır. Ona muxtar bölgəsi kimi baxır. Odur ki, rəsmi Təl-Əviv Qəzza zolağı və Fələstinin başqa bölgələrində hərbi əməliyyatlar keçirir və bunu bir qayda olaraq hüquqi cəhətdən də əsaslandıra bilir.
Livanla sərhədlər hələ də müəyyənləşmədiyindən İsrail bu ölkədəki iranyönlülərə qarşı antiterror əməliyyatları keçirə bilir. Suriyada da mərkəzi hakimiyyət ölkənin böyük bir hissəsinə nəzarəti itirib. Bundan əlavə, ölkədə Rusiya və İranın hərbi bazası fəaliyyət göstərir. Suriya İsraillə qonşudur. İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşununun bazası bu ölkədə yerləşir. Bundan başqa, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Colan yüksəkliklərinin taleyi hələ də həll edilməmiş qalıb və s. Tehran oradan İsrailə hücumlar təşkil edir. Ona görə də yəhudi dövlətinin hərbçiləri Suriyadakı İran hərbçilərinə qarşı əməliyyat keçirir, ərazini bombalaya bilirlər. Təl-Əviv bu kimi addımları dövlətin təhlükəsizliyi üçün atdığını iddia edir. Ona görə də beynəlxalq ictimaiyyət İsrailə qarşı sanksiya tətbiq etməkdə çətinlik çəkir.
Günün mövzusu budur - İran İsraili vuracaqmı?
Bu ilin aprelində İsrailin İranı vurması üçün əsas olsa da, o, bu addımı atmadı. Çünki Tehran iddia edirdi ki, İsrail Dəməşqdə onun səfirliyinin binasını vurub. Qarşı tərəf isə Sepahın hərbçilərinin yerləşdiyi qərargahı vurduğunu bildirmişdi. Bununla məsələ qeyri-müəyyən qalmışdı. Ancaq Tehran hakimiyyəti İsrail istiqamətində raket və dron “yollamışdı”.
HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi yenə də İranın İsraili vurub-vurmayacağı ilə bağlı məsələnin gündəliyə gəlməsinə səbəb olub. Hətta bunun böyüyüb region, bir az da böyüyüb dünya savaşı səviyyəsinə çıxa biləcəyini ehtimal edənlər var.
Dəməşqlə bağlı hadisədə olduğu kimi, Haniyənin İsrail ərazisindən vurulmasına dari İranın dəqiq məlumatı yoxdur. Azından bununla bağlı ölkə KİV-ində məlumat yayılmayıb. İran rəsmiləri bunu mülahizə olaraq yürüdürlər. Deməli, fakt mövcud deyil.
1992-ci il martın 17-də İsrailin Buenos-Ayresdəki səfirliyinin binasına intiharçı-kamikadzenin hücumu nəticəsində intiharçı da daxil olmaqla, 29 mülki şəxs həlak olmuş, 242 mülki şəxs yaralanmışdı. Bu hücumun məsuliyyətini İran və Livan “Hizbullah”la əlaqəsi olan “İslami Cihad” qruplaşması üzərinə götürmüşdü. Bu hücumun təşkilində Suriyanın da iştirakı bildirilirdi. 1994-cü ildə isə İsrailin Argentinadakı Mədəniyyət Mərkəzinə hücum nəticəsində 85 nəfər ölmüşdü. Bunu da İran “Hizbullah”ının törətdiyi iddia olunur. İndiyədək hadisə ilə bağlı heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Yalnız ehtimallar var. O halda həmin ehtimallar əsasında İsrail Buenos-Ayres hadisələrinə görə İrana hücum edə bilərdi. Ancaq bu addım o vaxt atılmayıb.
Odur ki, İsmayıl Haniyənin öldürülməsi şəraiti dəqiq məlum olmadığı halda Tehranın İsrailə bütün baxımlardan hücumu məntiqsiz görünür. Ancaq ali rəhbər Xaməneinin adından yayılan “qisas alınacaq”, “İsraili peşman edəcəyik” kimi hay-küylü açıqlamalar Tehranın daxili sabitliyi təmin etmək, etirazı sakitləşdirmək və s. kimi məqsədlə apreldəkinə oxşar addım atacağı istisna edilmir. Lakin bu, o demək deyil ki, İran hakimiyyəti daxilində bütün rəsmilər “İsraili mütləq vurmaq lazımdır”, “qanı yerdə qalmamalıdır” kimi emosional çağırışların tərəfdarıdır.
İranın monarxist qüvvələrinin mərkəzi Londonda yerləşən “İraninternational” adlı saytının yaydığı məlumata əsasən, İran Prezidenti Məsud Pezeşkian ali rəhbəri ayətullah Seyid Əli Xamənei ilə söhbətində İsrailə cavab atəşi açmaqdan çəkinməyi məsləhət görüb. Məlumata görə, hökumət başçısı bildirib ki, bu addım İslam Respublikasının dağılması ilə nəticələnər. Onun fikrincə, İsrailin hücumu İran iqtisadiyyatına, energetika sisteminə ciddi zərbə vuracaq. Prezident vurğulayıb ki, bütün bunlar Tehranın marağına uyğun olmayan regional müharibəyə səbəb ola bilər və s.
Bu barədə İranın rəsmi mənbələri məlumat yaymayıb. Ancaq o da məlumdur ki, İran hakimiyyəti daxilində Fələstin, o cümlədən HƏMAS, eləcə də Qərblə danışıqlara münasibət birmənalı deyil. Bu baxımdan, M.Pezeşkianın Seyid Əli Xaməneiyə bu istiqamətdə mövqe bildirməsi mümkündür. Çünki Tehran İsrailə zərbə endirməyəcəyi halda İranın Qərblə danışıqlar aparması üçün yollar açıla bilər.
Nəzərə almaq lazımdır ki, avqustun 1-də Tehran yaxınlığında yerləşən Kərəc şəhərində ABŞ və İran diplomatları arasında iki saat sürən görüşdə də dondurulmuş danışıqların bərpası məsələsi müzakirə olunduğuna dair məlumatlar yayılıb. Hakimiyyətdaxili islahatçı xəttin nümayəndəsi sayılan Məsud Pezeşkian çıxışlarında Qərblə danışıqlara hazır olduğunu dəfələrlə vurğulayıb. Ona görə də hökumət başçısının belə bir təkliflə çıxış etməsi məntiqli görünür. Bu baxımdan, İranın Qərblə münasibətləri yaxşılaşdırmaq, danışıqları bərpa istəyini nümayiş etdirmək üçün əlverişli şərait yaranıb. Bu, həm də Məsud Pezeşkianın ölkə daxilində və xaricində nüfuzunun artmasına təkan verər.
Xaməneiyə indiki şəraitdə beynəlxalq ictimaiyyətin hesablaşa, yaxud daha çox hörmət edə biləcəyi şəxsə ehtiyacı var. Məsud Pezeşkian isə bu rola yarayır.
Ona görə də İsrailə tez-tələsik "cavab" Tehran hakimiyyəti üçün baha başa gələ bilər. Yaranmış vəziyyətə İran hakimiyyəti radikal üsulla müdaxilə edərsə, bununla özünü tora salar. Çünki İran şərq, qərb, şimal (Ermənistan ərazisindən) və cənub tərəfdən ABŞ-nin "mühasirəsindədir". Ştatlar isə mümkün müharibədə İsraili qorumaq məqsədi ilə bölgəyə əlavə donanma göndərməyə qərar verib. Göndərilən bölmələrə iki böyük aviadaşıyıcı, 7 esmines və iki bombardmançı daxildir.
Yaranmış vəziyyət İranın gələcək maraqlarına heç də sərfəli sayılmır. Bu, Tehran hakimiyyətinin sonunu yaxınlaşdıra bilər. Odur ki, Məsud Pezeşkianın, hətta etməyibsə belə, təklifi daha məqbul sayılır. Bəlkə Tehran hakimiyyəti bu dəfə də bunu sınasın?! İsraillə müharibə etmək həmişə mümkündür, ABŞ, Qərblə danışıqlar prosesini genişləndirməyə isə həmişə fürsət yaranmır...(Report)