Son Xəbər:
Tarix: 6-12-2024, 15:36
Qərbi azərbaycanlılarının pozulan hüquqlarının bərpası Azərbaycanın ictimai-siyasi fikrinin başlıca mövzularındandır. Bunu həm də rəsmi Bakının xarici siyasətinin prioritetlərindən saymaq olar.
300 minə yaxın Qərbi azərbaycanlının tapdanan vətəndaşlıq, insan və mülkiyyət hüquqlarının bərpası həm də regionda dayanıqlı sülh, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaranması üçün başlıca şərtlərdəndir.
Ermənistan vətəndaşlarının pozulan hüquqlarının bərpasını görməzliyə salır. Rəsmi İrəvan bu məsələyə bir çox hallarda qərəzli yanaşır. Onlar bunu Azərbaycanın qonşu ölkəyə guya ərazi iddiası kimi təqdim etməyə səy göstərir.
Halbuki, bu ən sadə məsələdir - 1987-1991-ci illərdə 300 minədək azərbaycanlı öz tarixi torpaqlarından, yurd-yuvalarından sovet əsgərləri və erməni “fəallar” tərəfindən zorla çıxarılıb. Onların mal-mülkü, evləri və başqa tikililəri əllərindən qanunsuz olaraq alınıb. İndi həmin yerlərin əsl sahibləri pozulmuş hüquqlarının bərpasını istəyir. Beynəlxalq ictimaiyyətin diqqətini də bu məsələyə cəlb edir.
Burada söhbət ərazi iddiası deyil, pozulmuş insan hüquqlarının bərpasından gedir.
İrəvan rəsmiləri bu məsələni danışıqlar mövzusu olduğunu belə gizlətməyə çalışırlar. Belə ehtimal etmək olar ki, bunun yayılmasında maraqlı görünmürlər.
Ermənistan parlamentinin sədri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır: “Baş nazir Nikol Paşinyan bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu, normaldırmı?”.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bir ildən çox məlumat sızıntısının mənbəyini axtarıb : “Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni belə saxlamaq olmaz. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar pozulub, münasibətlər gərginləşib. Biz, şərti desək, ola bilsin razılaşmaları pozmuşuq, ucadan nə isə demişik, məlumat sızdırmışıq. Bundan sonra get sübut elə ki, bu fraksiyanın üzvü müsahibəni və ya məlumatı qəsdən yox, səhvən verib”.
Ermənistanın hakim “Mülki müqavilə” Partiyasının deputatı Ovik Aqazaryanı bir neçə gün əvvəl qurumun sıralarından çıxarılıb. O, dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə tənbeh olunub.
Aqazaryan isə bildirib ki, həmin söhbəti Nikol Paşinyan 60 nəfərin iştirakı ilə edib. O, bu məsələdə özünü təqsirli bilmir.
Digər bir deputat “Ermənistan” (“Haystan”) parlament fraksiyasının deputatı Anna Qriqoryan da, sülh sazişi çərçivəsində azərbaycanlıların Ermənistana qayıdışının müzakirə edildiyini istisna etməyib.
Bu baxımdan ehtimal etmək olar ki, Qərbi azərbaycanlıların hüquqlarına dair məsələ də Ermənistan hökumətində müzakirə olunur. Ancaq iştirakçıların, o cümlədən hökumətin də marağına uyğun olmadığından onu sızdırmırlar.
Çünki Ermənistan KİV-i də “söz azadlığı”, “demokratiya”ya əsaslanaraq danışıqlara ziyan vura biləcək məsələləri yayır.
Ermənistan hakimiyyətinin hüququnu pozduqları vətəndaşlarının geri dönüşünü müzakirə etməsi də mümkündür. Çünki bu məsələ artıq beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edir.
Prezident İlham Əliyev bu tədbirin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüzminlərlə azərbaycanlının dədə-baba yurdunu tərk edərək Azərbaycana sığındığı vurğulanıb: “Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib”.
Müraciətdə ölkə ərazisindəki azərbaycanlılara aid tarixi-mədəni abidələrin dağılmasına işarə edilərək, Ermənistanın Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışıldığı vurğulanır: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub”.
Prezident Ermənistan hakimiyyətini hüquqları tapdanan vətəndaşları, Qərbi azərbaycanlılarla dialoq aparmağa çağırıb. O, bunun üçün rəsmi İrəvanın aşağıdakı şərtlərə əməl etməsini irəli sürüb: Ermənistan İcma ilə danışıqlara başlamalı, Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktik addımlar atılmalı, Azərbaycan xalqının Ermənistandakı tarixi-mədəni irsinin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
Konfransın yekun sənədini Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreybanın oxuması da Qərbi Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərpasının tədricən beynəlxalq mahiyyət daşıdığını təsdiqləyir. Yeri gəlmişkən, tədbirdə aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən çox iştirakçı olub.
İştirakçılar Ermənistandan zorla qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıqlarını bildiriblər. Onlar Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırıblar.
Qərbi Azərbaycan türklərinin vətəndaşlıq və mülkiyyət hüquqlarının bərpasının təmini Ermənistan cəmiyyətinin, erməni etnik qrupunun qonşulara, o cümlədən Azərbaycan və Türkiyəyə baxışını, yanaşmasını, münasibətini dəyişə bilər. Bu məsələnin reallaşması yeni erməni cəmiyyətinin yaranmasına da stimul olar.
Ermənistan hakimiyyəti bu iki dövlətlə bağlı ermənilər arasında uzun illər yayılan yanlışlıqları etiraf edir, reallıqları açıqlayır. Nikol Paşinyan Ağrı dağın, Qarabağın Ermənistana aid olmadığını söyləməklə yanaşı, yeni tarix dərsliyinin yazılmasını da gündəliyə gətirib. Belə ehtimal etmək olar ki, bu kimi məsələlər müxtəlif səviyyəli danışıqlarda müzakirə olunur. Baş nazir də reallıqları qəbul etdiklərini birbaşa və dolayı yolla açıqlayır. Bu baxımdan, Qərbi Azərbaycan məsələsi də bir həqiqətdir. Ona görə yaxın zamanda Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını da Paşinyanın dilə gətirəcəyi gözləniləndir. Çünki erməni cəmiyyətinin “Böyük Ermənistan” yuxusundan ayılması zamanıdır.(Report)