Son Xəbər:
Tarix: Dün, 18:50
Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətləri bəşər tarixinin qara səhifəsidir.
Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Artıq neçə ildir ki Fransa digər iyrənc bir tendensiyanın önündə gedir. Söhbət miqrantlara qarşı sərt qaydaların tətbiqi və islamofobiya hallarının artmasından gedir.
Bu ölkə artıq sonuncu məsələdə flaqman rolunu oynayır. Prezident Emmanuel Makron hökuməti tərəfindən müsəlman qadınların ənənəvi uzun paltarı olan əbayə qadağan edilir. Növbəti həftədən məktəblərdə bu geyimdə bəzi müsəlman ölkələrində geniş yayılmış ənənəvi uzun qadın paltarının geyinilməsinə qadağa qüvvəyə minəcək.
Artıq ölkənin sol qüvvələri bu qərara çıxıb və bunu vətəndaş azadlıqlarına müdaxilə hesab ediblər. Hələ 2023-cü ildə Makron hökuməti əbayə geyinməyə qadağanı müdafiə edərək iddia edirdi ki, bərabərlik və dünyəvilik konsepsiyası bütün növ açıq-aşkar dini geyimlərin geyinilməsinə məhdudiyyət tələb edir. Lakin əbayə geyinmiş müsəlman uşaqlarının kiçik bir qrupunun Fransa üçün necə təhlükə yaratdığını, din və özünüifadə azadlığına qoyulan qadağanın "bərabərliyə" can atmağın sübutu kimi necə şərh edilə biləcəyini anlamaq çətindir.
İslamofobiya ilə bağlı faktlar isə kifayət qədərdir. Parisin yaxınlığındakı Vigny-sur-Seine kommunasında vandalların yerli məscidin darvazasına çöl donuzunun başını və cəsədini asması, Orne departamentinin Flers kommunasında Fransa-Türkiyə məscidinin divarlarında anti-İslam və neonasist yazılar peyda olması da bariz nümunədir.
Məscidin divarlarında "İslam, Avropadan çıx!" və "Şarleman Diviziyası" (nasist Almaniyasının SS qoşunları) sözləri yazılmışdı. Düzdür, Fransa məktəblərində hicab da daxil olmaqla bütün dini simvollar qadağan edilib. Həmçinin, böyük xristian xaçları və yəhudi kippaları da qadağan olunub.
Yada salaq ki, İslam peyğəmbərinin karikaturasını ilk yayan ölkə də məhz Fransa olub. Bu ölkənin “Charlie Hebdo” jurnalının atdığı addımın hədəfi öncədən bəlli idi - İslam dəyərlərini təhqir etmək, islamofobiyanı qızışdırmaq və bununla da müsəlmanları təxribatlara çəkmək.
Son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran həddən çox qanun da qəbul edilib. Bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə, islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir.
Hakimiyyətin mövqeyi “başadüşüləndir”. Hökumət böhranları, miqrasiya problemi, işsizliyin pik həddə çatdığı Fransada bu addımlarla ictimai rəyi əsas məsələlərdən ayırmağa çalışılır. Çünki Makron və ətrafı gözəl anlayır ki, cəmiyyətə bu məsələni yeritmək populist addım ola bilər.
Rəy sorğusunda iştirak edən fransızların dörddə üçü Emmanuel Makronu pis prezident hesab edir. “Odoxa” şirkətinin sorğusuna əsaslanan araşdırmadan məlum olub ki, Makronun yaxşı prezident olub-olmaması ilə bağlı suala respondentlərin 74 faizi "xeyr" cavabını verib. Sağçı "Milli Birlik" partiyasının tərəfdarlarının 94 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər. Solçu "Əyilməz Fransa" partiyası tərəfdarlarının 86 faizi də eyni fikirdədir. Sorğuya əsasən, rəyi soruşulanların 52 faizi hesab edir ki, prezident bir dəfədən artıq müddətə namizədliyini irəli sürmək hüququna malik olmamalıdır.
Araşdırmada qeyd olunub ki, bu cür aşağı reytinq təkcə hazırkı siyasi vəziyyətlə deyil, həm də fransızların qəbul etmədiyi prezidentin şəxsiyyəti ilə bağlıdır. Bundan əlavə, fransızlar ölkədəki siyasi böhrandan son dərəcə narahatdırlar və genişmiqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Belə ki, respondentlərin 56 faizi Altıncı Respublikaya keçidin zəruri olduğunu düşünür. Bu göstərici də islamofobiyanı məqsədli şəkildə artıran amillərdən biridir.
Sosioloji tədqiqatların nəticələri və statistik məlumatlar fransız cəmiyyətinin müxtəlif sahələrində islamofobiyanın mövcudluğunu göstərir. İş yerində ayrı-seçkilik, müsəlman ibadət evləri və məscidlərin tikintisinə qarşı narazılıq, həmçinin küçələrdə hadisələrin sayının artması - bütün bu faktlar diqqət və müvafiq tədbirlərin görülməsini tələb edən problemdən xəbər verir. Müsəlman qadınların ənənəvi uzun paltarı olan əbayə qadağanın tətbiqi də bunun davamıdır.
Bir faktı da qeyd edək ki, hakimiyyətin həyata keçirdiyi sərt qaydalar cəmiyyətdə ikitirəlik yaradıb. Gözlənildiyi kimi, bunlar Fransa Müsəlmanları Assosiasiyasının sərt təpkisi ilə üzləşib. Assosiasiya Fransanın ali məhkəməsi – Dövlət Şurası qarşısında qərarın qanunsuz olduğu barədə vəsatət qaldırıb.
Ölkədə bir çox İslam təşkilatını birləşdirən Fransa Müsəlmanları Şurası (CFCM) bəyan edib ki, özlüyündə geyim heç bir dini mənsubiyyəti əks etdirmir. Şura əbaya qadağa qoyulmasını “ayrı-seçkiliyin yüksək riski” adlandırıb, bunun ölkədə ciddi narazılıqlara, hətta vəziyyətin nəzarətdən çıxacağına səbəb olacağından narahatlığını ifadə edib.
“Bu, bütövlükdə müsəlmanlara ciddi zərbə olacaq. Onlar stiqmatizasiyanı hiss edəcəklər. Bu, həqiqətən də biabırçılıqdır”, - sosioloq Anyes de Feo bəyan edib.
Görünən odur ki, hakimiyyət sərt qaydalar tətbiq etməklə ictimai diqqəti köklü məsələlərdən yayındıra biləcəyinə ümid edir. Lakin təsir əks təsir də doğurar. Hakimiyyətin bu addımı cəmiyyətdə narazılıqları nəinki azaldacaq, əksinə, insanların qəzəb və nifrət hissini daha da gücləndirəcək.(Report)