Son Xəbər:
Tarix: Bugün, 10:35
Regionun iki böyük dövləti Türkiyə və İran arasında uzun illərə dayanan dostluq, qardaşlıq və diplomatik əlaqələr mövcuddur. Eyni zamanda iki ölkə arasında iqtisadi və ticari sahədə də əlaqələr günü-gündən inkişaf edir.Təsadüfi deyil ki, uzun illər sanksiya altında olan İranın məhz xarici ticarət partnyorlarından biri də Türkiyədir. Ötən illərə qədər iki ölkə arasında xarici ticarət dövriyyəsi 25 milyard dollar olsa da, qarşıya qoyulan hədəf bu rəqəmi 30 milyard dollara çatdırmaq olub. Amma son günlər İranla Türkiyə sərhədində yaşananlar bu xarici ticarətə zərbə vurmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərdə də sərinliyin yaranmasına səbəb ola bilər.
Məsələ ondadır ki, yeni yanacaq vergisi qanununa görə İrana məxsus yük maşınları Türkiyə sərhədində qalıb. Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra Tehranla Ankara arasındakı münasibətlərdə soyuqluq yaranmağa başlamışdı. Məlum Suriya hadisələrindən sonra isə qarşılıqlı olaraq yol nəqliyyat sektorunda tədbirlər görüldü və nəticədə sürücülər, xüsusən də yük maşın sürücüləri üçün yeni çətinliklər yarandı. Bildirilir ki, artıq minlərlə yük maşını sərhəddə dayanıb problemin həllini gözləyir. Rəsmi Ankara İranın yeni layihəsinə cavab olaraq tranzit yük maşını sürücüləri üçün yanacaq vergisi azadlığını ləğv etdikdən sonra mindən çox yük maşını İranı Türkiyə ilə birləşdirən Gürbulak Sərhəd Qapısı ilə üzbəüz Bazarqan Sərhəd Qapısında gözləməyə başlayıb.
Əslində problemin kökü Suriya məsələsidir. Tehran hələ də Bəşər Əsədin devrilməsini həzm edə bilmir. Bu səbəbdən də Ankara ilə münasibətlərdə əlində olan yeganə rıçaqdan, dizel yanacağı qiymətindən istifadə edir. İran bilindiyi kimi enerji resursları ilə zəngindir və onu subsiyalaşdırmağa çalışır. Məsələni həll etmək üçün isə hökumət tərəfindən müxtəlif tədbirlər görülür. Məsələn, qanunlara görə, İran ərazisindən keçən yük maşınları yanacağı yerli qiymətlərlə əldə edə bilməzlər. Xarici sürücülərə başqa qiymətlər tətbiq edilir. Elə Ermənistanla İran arasında olan narazılıqlardan biri də bununla bağlıdır. İrəvan dəfələrlə müraciət etsə də, erməni sürücülərə İran ərazisində yanacaq iranlılara satılan qiymətə satılmır. Bundan əlavə, bu yaxınlarda hökumət tərəfindən “dolu çən” layihəsinə start verilib.
Bu o deməkdir ki, İrandan çıxan həm yerli, həm də xarici yük maşınları ya yanacaq çənini tam doldurmalı, ya da mütənasib məbləğ ödəməlidir. Bu məbləğ isə subsidiya olunmayan qiymətlərlə ödəməlidir. Belə bir layihənin tətbiqi isə daha çox türk sürücülərini çətin vəziyyətə salıb. Belə ki, layihəyə əsasən, İran ərazisində hərəkət edən yük maşınları ancaq sərhəddən çıxarkən yanacaq çənlərini bir neçə dəfə baha qiymətə doldurmalıdırlar. Bu isə yük maşını sürücülərinin xərcinin kifayət qədər artmasına, narazılıqların yaranmasına səbəb olub. Bildirilir ki, ölkəyə daxil olan yük maşınları boş çənlə giriş etməli, çıxarkən isə dolu çənlə çıxış etməlidirlər. Bu səbəbdən də gömrüklərdə dizel yanacağının qiyməti bir neçə dəfə artıb.
Bu səbəbdən də Türkiyə tərəfi adekvat addım ataraq, İran yük maşınlarına tətbiq edilən xüsusi imtiyazı ləğv edib. Bu qərardan sonra isə İran nömrəli yük maşınları hər litr yanacaq üçün 29 türk lirəsi ödəmək məcburiyyətində qalıblar. Yanacaq çəninin 500-1000 litr tutumlu olduğunu nəzərə alsaq, sürücülərin ödəməli olduğu məbləğin kifayət qədər yüksək olduğunu anlayarıq.
Hazırda İran və Türkiyə arasında dizel yanacağına görə baş verən qalmaqal hər iki ölkə mətbuatında ciddi şəkildə müzakirələrə səbəb olub. İran rəsmiləri “dolu çən” layihəsini guya qaçaqmalçılığın qarşısını almaq üçün tətbiq etdiklərini bildiriblər. Amma bir sıra məmurlar isə məsələnin ölkənin ixrac potensialına zərbə vurduğu fikrindədirlər. Bu barədə İran KİV-də kifayət qədər məqalə dərc edilib.
Bununla belə, ehtimal etmək olar ki, yaxın günlərdə Tehranla Ankara arasında məsələ ilə bağlı müzakirələr intensivləşəcək və problem həll ediləcək. Bununla da tərəflər qarşılıqlı şəkildə imtiyazları yenidən qüvvəyə mindirəcəklər. Bu işdə əsas maraqlı tərəf İrandır. Çünki Qərbin sanksiyaları altında olan bir ölkə oturduğu budağı baltalamaqdansa, adekvat addımlar atmalı, Türkiyə kimi nəhəng dövlətə qarşı bütün addımlarını ölçüb-biçməlidir. Əgər iki ölkə arasında reallaşan ticari əlaqələri və gün ərzində yüzlərlə yük maşınının keçidini nəzərə alsaq, qısa zamanda problemin həll ediləcəyini düşünmək olar.(Report)