Son Xəbər:
Tarix: Dün, 19:37
Fransanın keçmiş müstəmləkələrinə, dənizaşırı ərazilərinə qarşı aqressiyası səngimir. Hər vəchlə xalqların azadlıq və müstəqillik istəyinə qarşı çıxır, zorakılıqlara yol verir.
XX əsrdə dünya birliyi müstəmləkəçilik ideyalarından imtina etsə də, Fransa hələ də belə ərazilərə nəzarəti saxlayır, onları dənizaşırı ərazilər adlandırır, əslində isə onun müstəmləkələridir.
Yelisey sarayının hazırkı rəhbərliyinin azğınlığı o həddə çatıb ki, Bakıda yanvarın 21-də keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı beynəlxalq konfransdan geri dönən heyəti Parisdə saxlayıb, heç bir səbəb göstərmədən saatlarla sorğu-sual ediblər. Mediada yer alan xəbərlərə görə, Şarl de Qoll aeroportunda təhlükəsizlik xidməti tərəfindən saxlanılan heyət üzvlərindən Azərbaycana səfər etmələrinin səbəbi, Bakı Təşəbbüs Qrupu (BTQ) ilə əməkdaşlığın detalları soruşulub.
Makron hakimiyyətini təmsil edənlərin məqsədlərinə çatdığı bəlli olmasa da, hər halda bu addım Fransanın iç üzünü, rəzilliyini göstərir. Görünən odur ki, Azərbaycan Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə misilsiz rol oynayır və bu, qarşı tərəfi daha da azğınlaşdırır.
Makron iddia edib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışır. “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəkləyib”, - deyən Makron əlavə edib: “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb”.
Keçən ilin oktyabrında Parisdə Fransanın müstəmləkə siyasətinə qarşı çıxan siyasi fəal, jurnalist, keçmiş Fransa vətəndaşı Kemi Sebanın həbs edilməsini xatırlatmaq lazımdır. Maraqlısı odur ki, həbsindən bir neçə gün əvvəl Kemi Seba Bakıda Fransanın Afrikadakı neokolonial siyasətinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilib.
Makronun bəyanatı, ilk növbədə, Azərbaycanın gücü, qüdrəti, həyata keçirdiyi antikolonial siyasətin uğurunun etirafıdır.
Makron Fransası da indi baş verənlərdən nəticə çıxarmaq, problemləri həll etmək əvəzinə, Azərbaycanı hədəfə alıb. O, dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəbini Azərbaycanda görməklə yanlış yolda olduğunu bir daha təsdiqləyib. Yaxşı olardı ki, prezident Azərbaycanı təqsirləndirmək əvəzinə, səriştəsiz xarici siyasətindən dərs çıxarardı.
Fransa tərəfini, şübhəsiz ki, özündən çıxaran dənizaşırı əraziləri təmsil edən heyətin Bakıda onun əleyhinə fikirlər səsləndirməsidir. Tək bu məsələ deyil. Məsələn, Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb.
Azərbaycan hesab edir ki, hər bir xalq öz taleyini özü müəyyən etməlidir və bu səbəbdən də müstəmləkə zülmündən əziyyət çəkən xalqlara dəstək göstərir. Fransa xalqların bu hüquqlarını pozur. Azərbaycan isə bu hala qarşı mübarizəni prioritet elan edib. Bu məqsədlə də Bakı Təşəbbüs Qrupu təsis edilib. Qrupun bu istiqamətdə fəaliyyəti artıq göz önündədir. Eyni zamanda, Azərbaycan parlamenti yanında dekolonizasiya məsələləri ilə məşğul olan xüsusi komissiya da yaradılıb.
Beləliklə, Azərbaycanın beynəlxalq arenada neokolonializm ilə mübarizədə oynadığı mühüm rolu əksəriyyət, o cümlədən Fransa da etiraf etməyə məcbur olub. Makron hakimiyyəti nəhayət anlamalıdır ki, xalqların müstəqillik və azadlıq hərəkatına qarşı repressiv addımlara son qoymalıdır.(Report)