Son Xəbər:
Tarix: Bugün, 20:07
Fransanın xarici siyasətindəki müstəmləkəçilik ruhu adıçəkilən dövlətin beynəlxalq nüfuzunu sürətlə aşağı salır. Buna baxmayaraq, rəsmi Paris öz "ənənə"sindən imtina etmək niyyətində olmadığını hər addımda göstərir. Bəzən Yeni Kaledoniyanı, bəzən də digər dənizaşırı əraziləri özündən daha da asılı vəziyyətə salmağa çalışan, eyni zamanda, Cənubi Qafqazda yerləşmək planlarını həyata keçirməkdə israr edən Fransa bu dəfə Əlcəzairi hədəfə alıb.
Fransa hökuməti, o cümlədən, ölkənin nifrət daşıyıcısı olan sağ radikal qüvvələri Əlcəzair əleyhinə dezinformasiya, hətta saxtalaşdırma kampaniyasını genişləndirirlər.
Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin bu barədə yaydığı bəyanatda Yelisey Sarayının siyasəti sərt şəkildə tənqid olunub. Bəyanatda bildirilib ki, Fransanın sağ radikal qüvvələri və onların tərəfdarlarının iddialarının əksinə olaraq, Əlcəzair heç bir şəkildə eskalasiya, təxribat və ya təhqir siyasəti yürütmür: “Əksinə, sağ radikal qüvvələr və onların nümayəndələri Əlcəzair-Fransa münasibətlərinə hədə-qorxu, təhdid və kompromissiz qarşıdurma vasitəsilə öz baxışlarını təlqin etməyə çalışırlar".
Qeyd edilib ki, bir Əlcəzair vətəndaşının Fransadan əsassız və ədalətsiz şəkildə deportasiya edilməsi müstəqil Əlcəzairlə tarixi hesablaşmalar aparmaq üçün bir fürsət olub:
"Bu addım diqqətlə planlaşdırılıb. Belə ki, sözügedən şəxs Fransada 36 ildir yaşayır, 15 ildir yaşayış icazəsinə malikdir, bir fransız vətəndaşı ilə evlilikdən doğulan iki övladın atasıdır və 15 ildir davamlı bir işdə çalışır. Bütün bu faktlar ona mütləq hüquqlar qazandırır, lakin onun tələsik və mübahisəli deportasiyası bu hüquqları həm Fransa, həm də Avropa məhkəmələri qarşısında müdafiə etməsinə imkan verməyib. Bu şəxsə düzgün hüquqi prosesdən istifadə etmək imkanı verilməyib. Halbuki belə bir proses hökumətin səlahiyyətlərindən sui-istifadəsinin qarşısını almaq üçün mühüm müdafiə vasitəsidir. Deportasiyanın tez və tələsik həyata keçirilməsi, onun cari ilin 24 fevral tarixinə planlaşdırılan məhkəmədə iştirak edib öz hüquqlarını müdafiə etmək şansını əlindən aldı”.
Məsələ burasındadır ki, son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin - Dualemin deportasiya edilməsi və dərhal geri qaytarılması isə iki ölkə arasında diplomatik münasibətləri daha da gərginləşdirib. Fransadan günortadan sonra təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemin 15 ildir Fransada yaşamaq icazəsinin olduğu və Fransada doğulmuş iki uşaq atası olduğu bildirilib.
Əlcəzairin bu reaksiyası qarşısında Fransanın daxili işlər naziri Bruno Rötayo hesab edib ki, influenseri qəbul etməməklə Əlcəzair rəsmi Parisi alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib. Bu yanaşma isə vəziyyəti daha da gərginləşdirib. Yerli radio və televiziya kanallarında aparılan müzakirələrdə B.Rötayonun səriştəsiz olduğu, öz məsuliyyətini dərk etmədiyi vurğulanıb.
Bütün bunlara cavab olaraq Fransanın Əlcəzairdəki səfiri Stefan Romate bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirdən Fransa hökumətini rüsvay edən bu kimi qəbuledilməz hərəkətlərə və təcrübələrə dərhal son qoymaq üçün bütün lazımi tədbirləri görməyin zəruriliyini hökumətinə çatdırmaq tələb edilib. Əlcəzair rəsmiləri ölkə vətəndaşlarının ləyaqətinə qarşı hər hansı hücumu və ya onların ölkəsini təzyiq, təxribat və ya qorxutmaq cəhdi kimi istifadə etməsini qəti şəkildə rədd etdiklərini bildiriblər.
Qeyd olunduğu kimi, tərəflər arasında gərginlik son vaxtlar xeyli artıb. Düşünmək olar ki, mövcud vəziyyət Fransanın uğursuz Emmanuel Makron iqtidarının “xarici düşmən” axtarmaq cəhdinin tərkib hissəsidir. Fransada keçirilən sorğulara əsasən, Makronun reytinqi, demək olar, hər gün azalır. Ölkə daxilində müntəzəm anti-hökumət aksiyaları keçirilir. Üstəgəl, dənizaşırı bölgələrin əhalisi də Makron hakimiyyətinə qarşı ayaqlanıb. Belə bir vəziyyətdə Yelisey Sarayı daxili ictimai rəyi yayındırmağa çalışır. İndiki situasiyada Əlcəzairin hədəfə alınması da məhz buna hesablanıb.
Müşahidə olunduğu qədər, ötən əsrdə müstəqillik uğrunda mübarizə aparan Əlcəzair xalqına qarşı qanlı soyqırımı törədən Fransa hakimiyyəti indi Afrikanın ən böyük ölkəsinin əhalisinə yönəlik mənəvi terror siyasətini aktivləşdirib.
Ancaq Fransa cəmiyyətindəki sosial-siyasi dayaqları artıq sarsılan Makronun bu siyasətinin onu xilas edəcəyi heç nəzəri baxımdan da real görünmür.(Report)