Son Xəbər:
Tarix: Bugün, 15:36
Böyük Britaniyanın “Anglo Asian Mining PLC” (AAM) şirkəti işğaldan azad edilmiş və hazırda Tərtər rayonunun ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında bu ilin sonuna qədər istehsalı bərpa etməyi planlaşdırır.
Bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, şirkət mədən mülkiyyətinin qiymətləndirilməsini davam etdirir: “Hazırda təqdim olunan əməliyyat təlimatlarına “Dəmirli” yatağı ilə bağlı hər hansı istehsal, dövriyyə və ya məsrəflər daxil deyil. Onların miqdarı hasilatın bərpa olunacağı tarixdən asılı olacaq”.
Məlumatda qeyd olunub ki, şirkət 2025-ci ilin sonunda, zərurət yaranarsa, əməliyyat təlimatlarına əlavə yeniləmələr edəcək.
“Dəmirli” yatağı Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Keçmiş Ağdərə rayonunun tərkibində olmuş Dəmirli kəndi, 1992-ci il oktyabrın 13-də Milli Məclisin qərarı ilə Tərtər rayonuna verilib. Bu yataq Azərbaycanın ən iri mis ehtiyatlarından birinə malikdir. Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
2019-cu ildə “Azersky” peyk təsvirləri vasitəsilə 740 hektar ərazidə ermənilər tərəfindən qanunsuz geoloji kəşfiyyat, hasilat və infrastruktur tikinti işlərinin aparıldığı müəyyən edilib. Ermənilər bu kəndi Kaşen adlandırırlar.
Qeyd edək ki, hazırda “Anglo Asian Mining” şirkəti 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində “Vejnəli” və “Gilar” yataqlarında hasilatın başlanması planlaşdırılır.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.