Son Xəbər:
Tarix: 14-08-2025, 16:41
Pakistan müstəqil olduğu gündən müharibələrlə yaşayıb. Odur ki, bu İslam Respublikasını tərəddüd etmədən savaşlardan doğulmuş dövlət adlandırmaq olar.
Onun bütün müharibələri Hindistanla olub. İki ölkə arasında bir neçə savaş və silahlı münaqişə baş verib. Bunlardan ən əsası 1947-1948-ci illərdəki birinci, 1965-ci ildəki ikinci, 1971-ci ildəki üçüncü ( bu, Banqladeş müharibəsi kimi də tanınır) və 1999-cu ildəki dördüncü Hindistan-Pakistan müharibələridir (Pakistan hərbçilərinin Kəşmirin Kargil bölgəsinə daxil olması ilə başlayan müharibə).
Sonuncu dəfə 2025-ci il aprelin 24-də iki ölkə arasında müharibə oldu. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər mayın 10-da atəşkəs rejimini qəbul etdi.
Pakistanın Baş naziri Şahbaz Şərif Müstəqillik Günü münasibətilə xalqa müraciətində qeyd edib ki, Hindistan Cammu və Kəşmir məsələsinin diplomatiya yolu ilə həlli üçün iradə nümayiş etdirməlidir.
Baş nazirin müraciətini Hindistan hakimiyyətinə danışıqlar aparmaq üçün ismarış kimi də dəyərləndirmək olar.
Hökumət başçısı Cammu və Kəşmir əhalisi ilə həmrəyliyini də ifadə edib. Oradakı insanların ədalət, öz müqəddəratını təyinetmə uğrunda apardıqları mübarizəyə hər zaman diplomatik, mənəvi və siyasi dəstəyi davam etdirəcəklərini bildirib.
Hindistanla müharibələrə baxmayaraq, Pakistan Asiyanın demokratik inkişaf baxımından aparıcı ölkələrindəndir. O, həm də İslam Respublikasıdır. Burada seçkilər şəffaf, azad və ədalətli keçirilir. Ölkədə hakimiyyətdə olanların səlahiyyət hədlərini aşmalarına görə ciddi şəkildə cəzalandırılması onun hüquq-mühafizə, məhkəmə orqanlarının qanunun aliliyini üstün tutumasının göstəricisidir.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “Report”a bugünkü müsahibəsində ölkəsinin Ermənistana münasibətində heç bir dəyişikliyin baş vermədiyini vurğulayaraq deyib: “Dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər”.
O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır: “Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir”.
Bu respublika 44 günlük müharibə zamanı Azərbaycana verdiyi siyasi, mənəvi dəstəyi ilə də başqa İslam Respublikasından fərqlənmişdi.
Bu günlərdə Azərbaycan müdafiə nazirinin müavini, Ordu Baş Qərargahının rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabadda səfərdədir. O, İslamabadda ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr olunmuş hərbi paradda iştirak edib.
Bundan əvvəl - bu ilin fevralında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdi. Prezident İlham Əliyev onunla görüşdə Azərbaycanla Pakistanın cür qardaşlıq münasibətlərini müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsi adlanldırmışdı: “Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır”.
Bununla yanaşı, rəsmi Bakı Cammu və Kəşmir probleminin həllində Pakistanı dəstəklədiyini də dəfələrlə bəyan edib.
2025-ci ilin yazında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsinin on ili tamam olub. Bu, tərəflər arasında əlaqələrin inkişafına daha bir nümunə sayıla bilər.
Beləliklə, bu gün Azərbaycanla Pakistan arasında bir çox sahələr üzrə səmimi dostluq münasibətlərinə söykənən əməkdaşlıq mövcuddur.
Təsadüfi deyil ki, bu gün Azərbaycanla Pakistanın regional və qlobal məsələlərdə eyni mövqedən çıxış edir, bir-birini dəstəkləyir. İki ölkənin əməkdaşlığı, strateji tərəfdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionlarının yaxınlaşmasına da müsbət təsir göstərir. Pakistan Azərbaycanla imzaladığı bütün sənədlərə uyğun davranıb. Bu, onun xarici siyasətində davamlılığının, sabit qədəmliliyinin göstəricisidir.
Azərbaycan-Pakistan münasibətləri bir qərinədə sınaqlardan üzüağ çıxıb.(Report)
Bayramın mübarək, Pakistan!