Son Xəbər:
Tarix: 21-08-2025, 15:29
Fransa iqtisadiyyatındakı problemlər, xarici dövlət borcunun yüksək olması və hökumətin bununla bağlı atmaq istədiyi addımlar kəskin narazılıq dalğasına rəvac verə bilər.
Baş nazir Fransua Bayrun 44 milyard avro məbləğində qənaəti nəzərdə tutan 2026-cı il büdcə layihəsini elan etdikdən sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni etiraz hərəkatı başlayıb. Onun əsas şüarlarından biri “hər şeyi 10 sentyabrda bloklayacağıq”dır. Qeyd edilir ki, “bu tətil deyil, xalqın dinc üsyanıdır”. Şəhərlər üzrə fəaliyyətləri tənzimləmək üçün Telegram qrupların yaradılacağı da bildirilir.
Yayılan mesajlar onu göstərir ki, hərəkatın məqsədi sentyabrın 10-dan etibarən Fransada bütün fəaliyyəti tam və müddətsiz dayandırmaq, ölkəni bir növ iflic vəziyyətinə salmaqdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən qruplar müxtəlif cür aksiyalara, o cümlədən mitinqlərə, tətillərə, eləcə də məktəbi, işləməyi, kart ödənişlərini, istehlakı dayandırmağa, bank hesablarından pulları çıxarmağa çağırırlar. Onlar dövlət təsisatlarının fəaliyyətini sarsıtmaqla “təşkil edilmiş reketçiliyə dayan” demək istəyirlər.
Hərəkatın təşkilatçıları haqqında məlumat verilmir. Adətən, Fransada etiraz nümayişləri həmkarlar ittifaqlarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilir, lakin bu dəfə həmkarlar təşkilatları heç bir rol oynamırlar. Səfərbərlik onlardan kənarda formalaşır ki, bu da vəziyyətin nəzarətdən çıxmaq ehtimalını artırır.
Hərəkat üzvləri heç bir partiyanı təmsil etmədiklərini, onların fəaliyyətindən siyasi partiyaların bəhrələnməsindən ehtiyat etdiklərini yazır, lakin müşahidəçilər onların şüarlarının daha çox sol düşərgəyə yaxın olduqlarını qeyd edirlər. Bəzi müşahidəçilər bunun aşağıdan gələn pərakəndə təşkilatlanma olduğu və “sarı jiletlər”ə bağlı qruplar tərəfindən tədricən yönləndirildiyi qənaətindədir.
Lakin hökuməti devirib, prezidentin istefasına və növbədənkənar prezident seçkilərinə nail olmaq istəyən qüvvələr hazırkı vəziyyətdən yararlanmaq istəyirlər. Artıq ifrat sağ “Üsyankar Fransa” hərəkatının lideri Jan-Lük Melanşon avqustun 17-də hazırkı hakimiyyəti “bitirmək” istəyən “xalq təşəbbüsünü” dəstəklədiyini ifadə edib.
Yaranmış vəziyyətdə Fransa hökuməti çətin duruma düşə bilər. Sentyabr ayında, bir tərəfdən, küçələrdə etirazlar başlaya, digər tərəfdən isə tətildən qayıdan parlamentdə büdcə layihəsi müzakirəsi olunarkən hökumətə etimadsızlıq təklifi səsverməyə çıxarıla bilər. Təsadüfi deyil ki, Jan-Lük Melanşon deputatları hökuməti devirməyə çağırıb. Onun partiyasının hökumətə etimadsızlıq təklifi ilə çıxış edəcəyi gözlənilir.
Həmkarlar təşkilatları da büdcə layihəsinə qarşıdırlar və sentyabrın əvvəlində görüşüb atacaqları addımları müzakirə etməlidirlər. Onlar kollektiv şəkildə büdcəyə etiraz imzası toplamağa başlayıblar və 275 mindən çox imzanı artıq toplayıblar. “Fəhlə Gücü” (FO) təşkilatı müzakirələri gözləmədən sentyabr ayında etiraz nümayişi keçirəcəyi ilə bağlı məlumat verib. “Ümumi Əmək Konfederasiyası”nın (CGT) bəzi departament filialları ayın 10-da səfərbər olunmağa çağırışlar edib, lakin “10 sentyabr səfərbərliyi”nə qoşulma ilə bağlı yekun qərar yoxdur.
Qeyd edək ki, Fransa Avropa İttifaqının ikinci iqtisadiyyatı sayılsa da, inkişaf templərinə görə Avropa üzrə orta göstəricilərdən geri qalır. Baş nazir Fransua Bayrun təklif etdiyi qənaət paketini xarici dövlət borcunun yüksək olması ilə əlaqələndirib. Təklif qəbul olunarsa dövlət qurumlarının birləşdirilməsi, pensiya və sosial müavinətləri də əhatə edən bir sıra xərc maddələrinin dondurulması və hətta iki dövlət bayramının ləğvi nəzərdə tutur.(Report)