Son Xəbər:
Tarix: Bugün, 17:36
Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib.
Bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT 2025") çərçivəsində təşkil edilən Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbirində deyib.
O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin "Bir kəmər, bir yol" təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.
Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və "yaşıl enerji" sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib.
Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığın daha da genişlənəcəyini bildirib.
Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının Birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər. Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.