Son Xəbər:
Tarix: Bugün, 17:00
Hakimiyyətə yaxın mediada yayılan son xəbərlərdə katolikosun tezliklə istefa verəcəyi vurğulanıb. Məlumatda Qareginin başqa çıxış yolunun olmadığı, Nikol Paşinyana təslim olmaq məcburiyyətində olduğu vurğulanır. Lakin kilsə də bu çağırış və ittihamların qarşısında sakit durmaq, ittihamları cavabsız qoymaq fikrində deyil. Qarşıdurma fonunda "əbədi və əzəli müttəfiqi" erməni lobbisinə müraciət edib. Onlarla İrəvanda görüş keçirib. Erməni mediası II Qareginin Eçmiadzində (Üçkilsə) Amerika Erməni Assambleyasının (AAA) həmsədri Oskar Tatosyanı, keçmiş həmsədr Entoni Barsamyanı və icraçı direktor Brayan Ardunu qəbul etdiyini yazıb. Yaxınlarda digər ölkələrdən də diaspora ilə də analoji görüşlərin olacağı gözlənilir. Bu gün isə Qaregin Vatikana yola düşüb. Səfər çərçivəsində onu Roma Papası XIV Lev qəbul edəcək.
Üçkilsədə keçən müzakirələrə gəldikdə, mediada yer alan xəbərlərdə bildirilib ki, danışıqlarda "erməni xalqı və vətəni qarşısında duran daxili və xarici çağırışlar, Qarabağdan könüllü çıxan ermənilərinin qanuni hüquqlarının müdafiəsi məsələləri" müzakirə edilib. "Bu çətin dövrdə çətinliklərin aradan qaldırılması üçün milli birliyin gücləndirilməsi və bütün dünyada erməni xalqının potensialının birləşdirilməsinin zəruriliyi vurğulanıb", - xəbərdə vurğulanıb. Əlavə edilib ki, "katolikos erməni kilsəsinin xalqın maraqlarının müdafiəsi və Ermənistan-diaspor əlaqələrinin gücləndirilməsi istiqamətində ardıcıl səylərini yüksək qiymətləndirib".
Toplantıdan əvvəl erməni mediasında belə bir xəbər yayılıb ki, II Qaregin Baş nazir Nikol Paşinyanla bağlı komandasına müvafiq təlimat da verib. Məlumatlara görə, Paşinyanla açıq mübarizə aparmaq qərarına gələn katalikos bu məqsədlə Ermənistan rəhbərinə qarşı komanda yaradıb. "Zarkerak.am" nəşr yazıb ki, Eçmiədzin kafedralında baş tutan gizli görüşdə katolikos Ermənistandakı bütün yeparxiyaların rəhbərlərinə bu təlimatı verib: "Erməni kilsəsi Nikol Paşinyan və onun ailə üzvləri, hökumət nümayəndələri və onların ailə üzvləri, o cümlədən Ktriç Nersisyanın (II Qaregin) barəsində sərəncam verə biləcək bütün şəxslər haqqında yalan xəbərlər yaymaq üçün bütün imkanlarından istifadə etməlidir". Mənbənin fikrincə, katolikosun məqsədi onu vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyanı bu fikrindən daşındırmaq, əgər mümkün olarsa, bu kampaniyanın sonunda ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqdır.
Yeri gəlmişkən, Rusiya Ermənistan rəsmilərinin son günlərdə səsləndirdiyi daha bir bəyanatdan ciddi narazılıq ifadə ediblər. Söhbət Rusiyanın uzun illər Ermənistana yapışdırdığı "forpost" "kiçik qardaş" ifadəsinə olan etirazlardan gedir. Rusiyada qıcıq yaradan odur ki, vaxtilə ermənilər bu ifadələri az qala qürur kimi qəbul edirdilərsə, indi artıq buna qarşı çıxırlar. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, indi Rusiya ilə tamamilə fərqli münasibətlər var. Rusiyanın Ermənistana münasibəti - böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə həqiqətən nəyə nail olmağa çalışırdıq", - Xaçaturyan bildirib. Prezidentin sözlərinə görə, İrəvan "rus həmkarlarının erməni hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını" istəyir.
Gətirilən faktlar, fikirlər onu deməyə əsas verir ki, Ermənistan öz tarixinin ən gərgin dövrünə qədəm qoyur. Gələn il keçiriləcək seçkilərə qədər bu gərginlik də pik həddə çata bilər. Kilsə-lobbi və Rusiya iqtidarının Paşinyan iqtidarına qarşı hücumlarının artacağı, hətta yuxarıda iddia edildiyi kimi, Paşinyanın fiziki cəhətdən aradan götürülməsi də mümkün ola bilər. Məxfi görüşlər keçirir, hakimiyyəti devirmək üçün yeni-yeni planlar cızırlar. Bu səbəbdən də qarşıdakı günlərin, ayların Paşinyan hakimiyyəti üçün gərgin keçəcəyini güman etmək olar.(Report)