Son Xəbər:
Tarix: Bugün, 16:11
Əlillər üçün əlçatan mənzil probleminin hələ də ciddi olaraq qaldığını bildirib.
Bunu BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi Heba Haqrass “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı mənzilin insan ləyaqətinin, təhlükəsizliyinin və cəmiyyət həyatında iştirakının əsas şərtlərindən biri olduğunu deyib.
Onun sözlərinə görə, dünyada milyonlarla əlilliyi olan şəxs adekvat mənzilə çıxış imkanından məhrumdur və bunun səbəbi fərdi məhdudiyyətlər deyil, şəhərlərin və sistemlərin onları nəzərə almadan qurulmasıdır.
“Hələ də bir çox şəhər mühitində əlçatanlıq ikinci dərəcəli məsələ və ya xeyriyyə əlavəsi kimi qəbul olunur”, – deyə Haqrass vurğulayıb.
O bildirib ki, mövcud reaktiv yanaşma həm baha başa gəlir, həm də ayrı-seçkilik yaradır. Buna görə də şəhərsalma siyasətində universal dizayn əsas prinsipə çevrilməlidir.
BMT rəsmisi əlavə edib ki, əlilliyi olan şəxslər mənzil təhlükəsizliyinin olmaması, məcburi köçürülmə, iqlim fəlakətləri və şəhər yoxsulluğundan daha çox əziyyət çəkirlər.
Onun fikrincə, bu problemlər təsadüfi deyil, planlaşdırma, maliyyələşdirmə və idarəetmə qərarlarında mövcud olan sistemli ayrı-seçkiliyin nəticəsidir.
Haqrass çıxışında qərarların qəbulunda əlilliyi olan şəxslərin iştirakının vacibliyini də xüsusi vurğulayıb.
“Heç nə bizim haqqımızda bizsiz” prinsipi yalnız sözlərdə deyil, idarəetmə strukturlarında və resurs bölgüsündə də əks olunmalıdır”, – deyə o qeyd edib.
O, həmçinin etibarlı statistik məlumatların əhəmiyyətinə diqqət çəkərək bildirib ki, əlilliyi olan şəxslərlə bağlı ayrıca məlumat bazası olmadan Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə şəhərlərlə bağlı 11-ci məqsədin icrası natamam qalacaq.
“Şəhərlər məlumatlarında əlilliyi olan şəxsləri görmürsə, praktikada da onları kənarda qoymağa davam edəcək”, – BMT rəsmisi əlavə edib.
Sonda Haqrass bugünkü müzakirələrin konkret və tətbiq oluna bilən tövsiyələrlə nəticələnəcəyinə ümid etdiyini bildirib. O vurğulayıb ki, bərpa və inkişaf siyasətləri bütün insanların hüquqlarını, təhlükəsizliyini və ləyaqətini istisnasız şəkildə prioritet hesab etməlidir.