Son Xəbər: Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL, Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib, Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb, Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ, Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir", Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək, İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib, DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir, Azərbaycan neftinin qiyməti 117 dolları keçib,

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Tarix: Bugün, 17:56

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Dünya iqtisadiyyatında sənayeləşmənin yeni mərhələsi başlayıb. Əgər əvvəlki sənaye dalğalarının əsas hərəkətverici qüvvəsi neft, qaz və kömür kimi enerji resursları idisə, bu gün qlobal iqtisadiyyatın gələcəyi üçün metal filizləri və strateji əhəmiyyətli minerallar da ən azı enerji resursları qədər mühüm amilə çevrilir. "Yaşıl enerji" texnologiyalarının sürətlə yayılması, elektrikli avtomobillərin istehsalının artması, enerji saxlama sistemlərinin genişlənməsi, rəqəmsallaşma, süni intellekt infrastrukturu və yüksək texnologiyalı sənayenin inkişafı mis, alüminium, dəmir filizi, litium, nikel, kobalt, nadir torpaq elementləri və digər xammal növlərinə qlobal tələbatı artırır.

Bu dəyişikliklər mineral ehtiyatlara münasibəti də kökündən dəyişir. Artıq məsələ yalnız yerin təkindən xammal çıxarmaq deyil. Əsas hədəf hasil olunan resursun mümkün qədər böyük hissəsinin ölkə daxilində emal edilməsi, onun əsasında yeni istehsal zəncirlərinin qurulması və xammalın daha yüksək əlavə dəyər yaradan məhsula çevrilməsidir. Başqa sözlə, müasir sənaye siyasətində filizin özü deyil, filizdən yaradılan dəyər daha böyük əhəmiyyət daşıyır.

Bu proses eyni zamanda dağ-mədən sənayesinin texnoloji transformasiyasını sürətləndirir. Rəqəmsal mədənçilik, avtomatlaşdırılmış hasilat, süni intellekt əsaslı monitorinq, enerji səmərəliliyi, resurslardan daha qənaətli istifadə və ekoloji təhlükəsizliyin təmin olunması artıq sənayenin gələcək inkişafını müəyyən edən əsas şərtlərə çevrilir. Deməli, XXI əsrin mədən sənayesi yalnız dağlarda və mədənlərdə deyil, həm də laboratoriyalarda, rəqəmsal platformalarda və yüksək texnologiyalı istehsal sahələrində formalaşır.

Qlobal iqtisadiyyatın bu yeni reallığı Azərbaycan üçün də mühüm imkanlar yaradır. Ölkənin zəngin təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, enerji infrastrukturu, inkişaf etmiş nəqliyyat-logistika şəbəkəsi, formalaşmış sənaye bazası və Orta Dəhliz üzərində yerləşməsi dağ-mədən və metallurgiya sənayesinin yeni mərhələyə çıxarılması üçün mühüm baza yaradır.

Məhz bu imkanlardan daha sistemli və səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Proqramın mahiyyəti yalnız hasilatın artırılmasından ibarət deyil. Sənəddə mineral-xammal bazasının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, hasilat və emal güclərinin artırılması, yüksək əlavə dəyərli məhsulların istehsalı, investisiyaların cəlb edilməsi, insan kapitalının inkişaf etdirilməsi və ekoloji dayanıqlılığın təmin olunması kimi bir-birini tamamlayan istiqamətlər müəyyənləşdirilib.

Beləliklə, qarşıdakı dörd il üçün qarşıya qoyulan əsas vəzifə Azərbaycanın dağ-mədən sektorunu xammal ixrac edən sahədən daha dərin emala, texnologiyaya və yüksək əlavə dəyərə əsaslanan sənaye sektoruna çevirməkdir.

Qeyri-neft sənayesinin yeni hərəkətverici qüvvəsi

Dövlət Proqramının əhəmiyyətini ilk növbədə onun qeyri-neft sənayesinin inkişafına verə biləcəyi töhfə ilə qiymətləndirmək mümkündür. Bu baxımdan proqram Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun genişləndirilməsi siyasətinin məntiqi davamı kimi çıxış edir.


"Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək", - Prezident İlham Əliyev onun sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.

Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması sektorun həm iqtisadi, həm də sosial əhəmiyyətini artırır. Bununla yanaşı, dağ-mədən və metallurgiya sənayesinin inkişafı birbaşa yaradılan iş yerləri ilə məhdudlaşmır. Mədən avadanlıqları, logistika, tikinti, enerji, mühəndislik, texniki xidmət, laboratoriya, İT və digər əlaqəli xidmət sahələrində də yeni fəaliyyət istiqamətlərinin yaranması üçün zəmin formalaşa bilər.

Əslində, dağ-mədən sənayesinin əsas üstünlüklərindən biri onun geniş multiplikativ təsir imkanlarıdır. Filizin hasilatı ilə başlayan proses emal, metallurgiya və hazır məhsul istehsalı mərhələlərinə keçdikcə iqtisadiyyatın müxtəlif sahələrində əlavə tələb yaradır. Buna görə də sektorun inkişafına yalnız mədən sənayesinin çərçivəsində deyil, daha geniş sənaye siyasətinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.

Dövlət Proqramının miqyası da onun iqtisadi potensialını göstərən əsas göstəricilərdən biridir. Sənədin icrası nəticəsində yeni istehsal güclərinin yaradılması, emal və metallurgiya müəssisələrinin fəaliyyətə başlaması, əlavə dəyərin iki dəfədən çox artırılması və sektorun illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Bu hədəf xüsusilə əhəmiyyətlidir. Çünki burada söhbət sadəcə ixracın fiziki həcminin artırılmasından getmir. Əsas məsələ eyni miqdarda xammaldan daha çox iqtisadi dəyər əldə etməkdir. Filizin ölkədən xammal kimi çıxarılması ilə onun emal edilərək metal və ya daha mürəkkəb sənaye məhsuluna çevrilməsi arasında yaradılan əlavə dəyər baxımından ciddi fərq var.

Məhz buna görə Dövlət Proqramının əsas nəticələrindən biri dağ-mədən sektorunun yeni sənaye zəncirlərinin başlanğıc nöqtəsinə çevrilməsi ola bilər. Metallurgiya müəssisələrinin inkişafı tikinti materialları, maşınqayırma, nəqliyyat, energetika, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə yeni istehsal imkanları yarada bilər. Bu isə bir tərəfdən idxaldan asılılığın müəyyən istiqamətlər üzrə azalmasına, digər tərəfdən isə ixrac üçün yeni məhsulların formalaşmasına şərait yarada bilər.

Əsas dəyişiklik: hasilatdan emala

Azərbaycanın dağ-mədən sənayesinin gələcək inkişafında ən mühüm məsələlərdən biri hasilatla emal arasındakı əlaqənin gücləndirilməsidir. Mineral ehtiyatların ölkə daxilində daha dərindən emal edilməsi həm əlavə dəyərin artırılması, həm də sənaye kompetensiyalarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Bu yanaşma nəticəsində mədən yalnız filiz çıxarılan ərazi deyil, daha geniş sənaye zəncirinin ilk halqasına çevrilir. Hasilat müəssisəsinin ətrafında emal, metallurgiya, logistika, enerji təminatı, texniki xidmət və digər fəaliyyət istiqamətləri formalaşır. Beləliklə, bir mineral yatağının iqtisadi təsiri onun hasilatından qat-qat geniş miqyas alır.

Burada digər mühüm məsələ investisiyaların cəlb edilməsidir. Dağ-mədən və metallurgiya layihələri adətən böyük ilkin kapital qoyuluşu, uzunmüddətli maliyyələşmə və yüksək texnoloji avadanlıq tələb edir. Buna görə də sektorun inkişafında həm yerli, həm də xarici investorlar üçün proqnozlaşdırılan biznes mühitinin yaradılması mühüm şərtdir.


Dövlət Proqramında investisiya mühitinin yaxşılaşdırılmasına və yeni layihələrin reallaşdırılmasına diqqət yetirilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Çünki böyük həcmli mədən-metallurgiya layihələrinin iqtisadi səmərəsi yalnız yatağın mövcudluğu ilə deyil, onun işlənməsi üçün texnologiyanın, kapitalın, infrastrukturun və peşəkar kadrların mövcudluğu ilə müəyyən olunur.

Yeni sənaye üçün yeni texnologiyalar

Müasir mədən sənayesində rəqabət artıq yalnız mineral ehtiyatların həcmi ilə müəyyənləşmir. Eyni yataq üzrə müxtəlif ölkələrdə və şirkətlərdə hasilatın maya dəyəri, enerji sərfiyyatı, məhsuldarlıq, təhlükəsizlik və ekoloji göstəricilər ciddi şəkildə fərqlənə bilər.

Bu baxımdan Azərbaycan üçün qarşıdakı dövrdə texnologiyanın seçimi xüsusi əhəmiyyət daşıyacaq. Avtomatlaşdırılmış hasilat sistemləri, rəqəmsal geoloji modelləşdirmə, məsafədən monitorinq, süni intellekt əsasında avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və məlumatların real vaxt rejimində təhlili həm məhsuldarlığı artıra, həm də istehsal xərclərini azaltmağa imkan verə bilər.

Digər tərəfdən, yeni texnologiyaların tətbiqi insan kapitalına olan tələbi də dəyişir. Müasir mədən artıq yalnız fəhlə və mühəndislərdən ibarət istehsal sahəsi deyil. Burada geoloq, metallurq və mədən mühəndisi ilə yanaşı, proqramçı, data analitiki, avtomatlaşdırma üzrə mütəxəssis, ekoloq və digər peşə sahiblərinə də ehtiyac yaranır.

Bu səbəbdən Dövlət Proqramının insan kapitalının gücləndirilməsi istiqaməti ayrıca əhəmiyyət daşıyır. Sektorun uzunmüddətli rəqabət qabiliyyəti yalnız yeni zavodların və mədənlərin yaradılması ilə deyil, həmin müəssisələri idarə edə biləcək mütəxəssislərin hazırlanması ilə təmin edilə bilər.

Orta Dəhliz amili

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivlərini artıran digər mühüm amil ölkənin nəqliyyat-logistika imkanlarıdır. Orta Dəhlizin inkişafı Azərbaycanı Asiya ilə Avropa arasında mühüm tranzit qovşaqlarından birinə çevirərkən, ölkədə istehsal olunan sənaye məhsullarının xarici bazarlara çıxarılması üçün də əlavə imkanlar yaradır.

Bu baxımdan dağ-mədən sənayesi ilə logistika sektorunun inkişafı bir-birini tamamlayan proseslərdir. Mədən və metallurgiya məhsulları, xüsusilə böyük həcmli yüklər üçün etibarlı və rəqabə tqabiliyyətli nəqliyyat bağlantıları məhsulun son qiymətinə birbaşa təsir göstərir. Azərbaycanın dəmir yolu, liman və avtomobil nəqliyyatı infrastrukturunun inkişafı isə bu sahədə əlavə üstünlüklər yarada bilər.

Beləliklə, ölkənin geoiqtisadi mövqeyi həm tranzit gəlirləri baxımından, həm də istehsal və ixrac imkanları baxımından qiymətləndirilə bilər. Azərbaycanın məqsədi mineral resurslarını hasil edən, emal edən və son məhsulu regional bazarlara çıxaran sənaye platformasına çevrilməkdirsə, nəqliyyat infrastrukturu bu zəncirin ayrılmaz hissəsidir.

Ekoloji dayanıqlılıq əsas şərt kimi

Dağ-mədən sənayesinin genişləndirilməsi ekoloji məsələləri də gündəmin ön sıralarına çıxarır. Mədənçilik təbiətə təsir göstərən sahələrdən biri olduğundan, yeni layihələrin iqtisadi səmərəsi ilə yanaşı, onların ətraf mühitə təsiri də nəzərə alınmalıdır.

Bu baxımdan müasir yanaşma hasilatın artırılması ilə ekoloji tələblərin qarşı-qarşıya qoyulmasını deyil, hər iki istiqamətin eyni istehsal modelində birləşdirilməsini tələb edir. Su və enerjidən səmərəli istifadə, tullantıların azaldılması, rekultivasiya, emissiyaların nəzarətdə saxlanılması və müasir ekoloji texnologiyaların tətbiqi sektorun gələcək rəqabət qabiliyyətinin əsas göstəricilərindən birinə çevriləcək.

Əslində, bu, yalnız ekoloji məsələ deyil. Qlobal bazarlarda istehsal olunan məhsulların karbon izi, resursların mənşəyi və istehsal standartları getdikcə daha çox əhəmiyyət qazanır. Buna görə də Azərbaycan metallurgiya sənayesinin inkişafını qlobal yaşıl transformasiyanın tələblərindən kənarda təsəvvür edə bilməz.


Qarşıdakı dörd il nəyi dəyişə bilər?

2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının əsas fərqi ondan ibarətdir ki, burada dağ-mədən sənayesinə yalnız ayrıca iqtisadi fəaliyyət növü kimi deyil, daha geniş sənaye siyasətinin bir hissəsi kimi yanaşılır.

Əgər proqramda nəzərdə tutulan layihələr mərhələli şəkildə həyata keçirilərsə, qarşıdakı illərdə ölkədə yeni hasilat və emal güclərinin formalaşması, metallurgiya istehsalının genişlənməsi, ixrac nomenklaturasının şaxələndirilməsi və yeni sənaye kompetensiyalarının yaranması üçün zəmin yarana bilər.

Ən mühüm məsələ isə bu prosesin xammal hasilatından yüksək əlavə dəyər yaradan istehsala keçidi nə dərəcədə təmin edə bilməsidir. Çünki mineral ehtiyatların mövcudluğu özü-özlüyündə iqtisadi üstünlük demək deyil. Əsas üstünlük həmin ehtiyatlardan texnologiya, investisiya, insan kapitalı və düzgün sənaye siyasəti vasitəsilə daha böyük iqtisadi dəyər yaratmaq imkanındadır.

Bu baxımdan Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin qarşısında yeni mərhələ açır. Qarşıdakı dövrün əsas göstəricisi isə təkcə nə qədər filiz hasil ediləcəyi deyil, həmin filizin ölkə daxilində nə qədər dəyərə çevriləcəyi olacaq.

Başqa sözlə, yeni mərhələnin əsas sualı "nə qədər hasil edəcəyik?" deyil, "hasil etdiyimiz resursdan nə qədər əlavə dəyər yarada biləcəyik?" sualıdır. Azərbaycanın dağ-mədən sənayesinin gələcək iqtisadi çəkisi də böyük ölçüdə bu sualın cavabından asılı olacaq.

Dağ-mədən sektorunun inkişafı üçün baza

Xammalın hasilatından yüksək əlavə dəyər yaradan məhsul istehsalına qədər uzanan sənaye zəncirinin qurulması üçün ilk növbədə möhkəm infrastruktur bazası tələb olunur. Bu baxımdan Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin qarşısında duran yeni vəzifələr sıfırdan başlanılan proses deyil. Son 20 ildə ölkədə həyata keçirilən regional inkişaf, nəqliyyat, enerji və infrastruktur layihələri yeni sənaye mərhələsi üçün mühüm zəmin formalaşdırıb.

Regionlarda yaradılan avtomobil və dəmir yolu şəbəkələri, enerji və qaz infrastrukturu, sosial obyektlər və digər layihələr iqtisadi fəallığın artmasına, istehsalın ölkənin müxtəlif ərazilərində yerləşdirilməsi üçün daha əlverişli şəraitin yaranmasına imkan verib.

Azərbaycan Prezidenti İlham Əliyev də ölkənin son 20 ildə keçdiyi inkişaf yoluna diqqət çəkərək bildirib: "Bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür".

Bu baza dağ-mədən layihələri üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mədən layihəsinin iqtisadi səmərəliliyi yalnız yatağın ehtiyatları ilə deyil, həmin yatağa çıxışın, enerji təminatının, logistikanın və istehsal infrastrukturunun mövcudluğu ilə də müəyyənləşir. Artıq bu sahələrin bir çoxunda formalaşmış imkanlar yeni layihələrin reallaşdırılması üçün ilkin xərclərin və vaxtın azalmasına şərait yarada bilər.

Lakin əsas məsələ təkcə filizin çıxarılması deyil. Dövlət Proqramının yanaşması hasilatdan başlayaraq zənginləşdirmə, emal və son məhsul istehsalına qədər uzanan vahid istehsal zəncirinin qurulmasına əsaslanır. Bu isə mədən ətrafında ayrıca müəssisələrin deyil, bir-biri ilə əlaqəli sənaye ekosisteminin formalaşdırılması deməkdir.

Daşkəsən dəmir filizi layihəsi bu baxımdan xüsusi nümunədir. Burada filiz hasilatı ilə yanaşı, Zənginləşdirmə zavodunun, Pellet istehsalı zavodunun və İsti Briketlənmiş Dəmir – İBD zavodunun yaradılması planlaşdırılır. Belə bir zəncir filizin ilkin xammaldan daha yüksək əlavə dəyərli məhsula çevrilməsini təmin etməklə yanaşı, qara metallurgiyanın digər sahələrinin inkişafı üçün də baza yarada bilər.

Bu prosesin coğrafiyası da diqqətəlayiqdir. Dağ-mədən sənayesinin inkişafı ilə bağlı layihələrin əhəmiyyətli hissəsinin regionlarda yerləşməsi həmin ərazilərin iqtisadi həyatına yeni dinamika gətirə bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaradılan nəqliyyat, enerji və digər infrastruktur mineral ehtiyatların gələcəkdə sənaye dövriyyəsinə cəlb edilməsi üçün əlavə imkanlar açır.

Beləliklə, yeni Dövlət Proqramını əvvəlki dövlət proqramlarından təcrid olunmuş ayrıca sənəd kimi deyil, son iki onillikdə formalaşdırılmış infrastruktur və iqtisadi bazanın üzərində qurulan yeni sənaye mərhələsi kimi qiymətləndirmək mümkündür.

Regionların inkişafı üçün yeni imkanlar

Dağ-mədən sənayesinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, istehsalın yerləşdirilməsi əsasən təbii ehtiyatların coğrafiyası ilə müəyyən olunur. Bu səbəbdən yeni mədən və metallurgiya layihələrinin iqtisadi təsiri paytaxt və iri şəhərlərlə məhdudlaşmır, birbaşa regionların inkişafına da sirayət edir.

Metal filizi yataqlarının istismara hazırlanması yeni müəssisələrin yaranması ilə yanaşı, həmin ərazilərdə xidmət sektorunun, logistikanın, tikintinin, mühəndislik və texniki xidmət sahələrinin genişlənməsinə səbəb ola bilər. Kəlbəcər, Ağdərə, Zəngilan, Daşkəsən, Balakən və Naxçıvanla bağlı layihələr bu baxımdan Azərbaycanın yeni sənaye xəritəsinin formalaşmasına təsir göstərə biləcək əsas istiqamətlər sırasında yer alır.

Proqram çərçivəsində geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 2030-cu ilədək 15 min kvadratkilometrə çatdırılması nəzərdə tutulur. Bu, yalnız yeni yataqların axtarışı baxımından deyil, gələcək sənaye layihələri üçün daha geniş mineral-xammal bazasının formalaşdırılması baxımından da əhəmiyyətlidir.

Yeni yataqların aşkar edilməsi ilə yanaşı, mövcud ehtiyatların müasir metodlarla yenidən qiymətləndirilməsi də mühüm istiqamətdir. Çünki geoloji məlumatların dəqiqliyi və beynəlxalq standartlara uyğunluğu həm layihələrin iqtisadi səmərəliliyinin hesablanması, həm də investisiya qərarlarının qəbul edilməsi üçün əsas şərtlərdən biridir.

Regionların sənaye potensialının artırılması baxımından Qərb Sənaye Parkının yaradılması da xüsusi əhəmiyyət daşıyır. Parkın əsas istiqamətlərindən biri Daşkəsən dəmir filizi yataqları əsasında qara metallurgiyanın inkişaf etdirilməsi və filizdən son məhsula qədər inteqrasiya olunmuş istehsal zəncirinin qurulmasıdır.

Prezident İlham Əliyevin sözlərinə görə, "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, Qərb Sənaye Parkının yaradılmasını şərtləndirib: "Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır".


Belə sənaye məkanlarının əhəmiyyəti yalnız zavodların yerləşdirilməsi ilə məhdudlaşmır. Ətrafında formalaşan iqtisadi fəaliyyət zənciri regionun ümumi biznes mühitinə təsir göstərir. Yeni müəssisələr sifarişlər yaradır, logistika və xidmətlər genişlənir, yerli sahibkarlıq üçün əlavə bazar formalaşır, məşğulluq imkanları artır.

Nəticədə mədən bir nöqtədə yerləşən hasilat obyekti olmaqdan çıxaraq regional iqtisadi inkişafın mərkəzlərindən birinə çevrilə bilər.

İqtisadi artımda metallurgiyanın rolu

Dağ-mədən və metallurgiya sənayesinin inkişafının əhəmiyyəti yalnız ayrıca bir sektorun göstəriciləri ilə ölçülmür. Bu sahənin əsas üstünlüyü onun iqtisadiyyatın müxtəlif istiqamətləri ilə yaratdığı əlaqələrdədir.

Azərbaycan iqtisadiyyatında neft hasilatının dinamikası ümumi iqtisadi artım göstəricilərinə təsir edən əsas amillərdən biri olaraq qalır. ÜDM artımının 1,2 % səviyyəsində olması da ilk növbədə təbii neft hasilatının azalması ilə əlaqələndirilir. Bununla yanaşı, qeyri-neft sektorunda son 8 ay ərzində 5,4 %-lik artım qeydə alınıb.

Bu mənzərə iqtisadi artımın yeni mənbələrinin yaradılmasını daha da aktuallaşdırır. Dağ-mədən və metallurgiya sənayesi isə belə mənbələrdən biri ola bilər. Çünki burada hasilat, emal, sənaye istehsalı və ixrac bir-birini tamamlayan vahid zəncir təşkil edir.

Dövlət Proqramında əlavə dəyərin iki dəfədən çox artırılması və sektorun illik ixrac potensialının 2025-ci ilin orta dünya qiymətləri əsasında təqribən 2 milyard ABŞ dollarına çatdırılması ilə bağlı hədəflər də məhz bu yanaşmanı əks etdirir.

Burada əsas məsələ istehsalın həcmi ilə yanaşı, onun dərinliyidir. Filizin xammal kimi satılması ilə onun konsentrata, pelletə, İBD-yə, polada, alüminium yayma məhsullarına və digər sənaye məhsullarına çevrilməsi arasında yaradılan iqtisadi dəyər baxımından ciddi fərq var.

Ona görə də metallurgiyanın inkişafı Azərbaycanın qeyri-neft sənayesində yeni istehsal sahəsinin yaranması ilə yanaşı, eyni zamanda sənaye zəncirinin aşağı halqalarından yuxarı mərhələlərə doğru genişləndirilməsi, yerli istehsal imkanlarının artırılması və ixrac strukturunun şaxələndirilməsi deməkdir.

Əgər xammalın daha böyük hissəsi ölkə daxilində emal olunarsa, onun yaratdığı əlavə dəyərin də daha böyük hissəsi iqtisadiyyatda qala bilər. Eyni zamanda, yerli metallurgiya istehsalının inkişafı müəyyən məhsullar üzrə idxaldan asılılığın mərhələli şəkildə azalmasına imkan verə bilər.

Dağ-mədən sənayesində yeni potensial

Azərbaycanın mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsində uzun müddət bir sıra obyektiv məhdudiyyətlər mövcud olub. Xüsusilə işğal altında olan ərazilərdə yerləşən yataqların iqtisadi istifadəsinin mümkün olmaması ölkənin mineral-xammal potensialının əhəmiyyətli hissəsinin dövriyyədən kənarda qalmasına səbəb olub.

Kəlbəcər, Laçın, Zəngilan və digər ərazilərdə yerləşən qızıl, mis və molibden yataqları uzun illər ərzində bu baxımdan istifadə olunmamış potensial olaraq qalıb. Prezident İlham Əliyev də dağ-mədən sənayesinin vaxtilə lazımi səviyyədə inkişaf etməməsinin obyektiv və subyektiv səbəblərinin olduğunu bildirib: "Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi".

İşğaldan azad edilmiş ərazilərin iqtisadi həyata reinteqrasiyası bu mənzərəni dəyişdirib. Hazırda həmin ərazilərdə geoloji kəşfiyyat, ehtiyatların qiymətləndirilməsi və yataqların sənaye istismarına hazırlanması istiqamətində işlər aparılır.

Dövlət Proqramı isə bu potensialın daha sistemli şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsinə imkan yaradır. Kəlbəcərdə Söyüdlü (Zod), Ağdərədə Dəmirli, Xarxar və Qaradağ, Naxçıvanda qızıl və mis yataqları, Balakəndə Filizçay kimi layihələrin inkişaf etdirilməsi qarşıdakı illərdə Azərbaycanın mineral-xammal bazasının genişlənməsinə şərait yarada bilər.

Lakin burada da əsas məsələ yalnız yataqların istismara verilməsi deyil. Yeni layihələrin iqtisadi səmərəsi filizin hansı mərhələyədək ölkə daxilində emal ediləcəyindən də asılı olacaq. Bu baxımdan əlvan və qiymətli metallar üzrə flotasiya, metal emalı və digər istehsal imkanlarının yaradılması ilə bağlı yanaşmalar xüsusi əhəmiyyət daşıyır.

Başqa sözlə, əvvəllər iqtisadi dövriyyədən kənarda qalan resursların yenidən qiymətləndirilməsi təkcə yeni mədənlərin xəritəyə əlavə olunması demək deyil. Bu proses Azərbaycanın sənaye xəritəsində yeni istehsal mərkəzlərinin yaranmasına, regionlarda iqtisadi fəallığın artmasına və yeni dəyər zəncirlərinin formalaşmasına səbəb ola bilər.

Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsi ilə bağlı prosesdə Naxçıvan da diqqət çəkən istiqamətlərdən biridir. Muxtar respublikada gələn ildən geoloji kəşfiyyat işlərinin başlanmasının nəzərdə tutulması ərazinin mineral potensialının daha sistemli şəkildə öyrənilməsinə imkan verə bilər.

Milli Məclisin üzvü Tahir Mirkişili "Report"a açıqlamasında Naxçıvanda geoloji kəşfiyyat işlərinin muxtar respublikanın iqtisadi gələcəyi baxımından mühüm perspektivlər yaratdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti də qeyd etdiyi kimi, Naxçıvanda indiyədək geoloji kəşfiyyat işləri yetərli səviyyədə aparılmayıb və bu, mineral ehtiyatların daha dərindən öyrənilməsini zəruri edir.

"İqtisadi baxımdan kəşfiyyatın əsas əhəmiyyəti yerin altında olan sərvət haqqında dəqiq məlumat əldə etməkdir. İnvestor bilməlidir ki, ehtiyat nə qədərdir, onun çıxarılması və emalı hansı xərc tələb edir, layihə özünü neçə ilə doğrulda bilər. Buna görə indidən konkret gəlir proqnozlaşdırmaq tezdir, amma bu araşdırmalar gələcək sənaye investisiyaları üçün mühüm zəmin yarada bilər", - deputat qeyd edib.

T.Mirkişilinin fikrincə, iqtisadi baxımdan səmərəli ehtiyatların təsdiqlənməsi Naxçıvanda yeni müəssisələrin və ixtisaslı iş yerlərinin yaranmasına, eyni zamanda yerli sahibkarlar üçün əlavə sifarişlərin formalaşmasına yol aça bilər.

Burada Naxçıvanın coğrafi mövqeyi də əlavə üstünlük yaradır. Muxtar respublikanın Orta Dəhlizin mühüm həlqələrindən biri kimi formalaşması və Zəngəzur dəhlizinin çıxış nöqtələrindən birinə çevrilməsi gələcəkdə mineral xammalın daşınması, emal məhsullarının digər regionlara və xarici bazarlara çıxarılması baxımından yeni imkanlar yarada bilər.

Beləliklə, Naxçıvanda geoloji kəşfiyyatın əhəmiyyəti yalnız yeni yataqların aşkar edilməsində deyil. Əsas perspektiv müəyyən edilmiş ehtiyatların nəqliyyat-logistika imkanları, sənaye infrastrukturu və investisiya potensialı ilə birləşdirilərək yeni istehsal zəncirlərinə çevrilməsidir.

Geoloji kəşfiyyat: sənayenin gələcəyinə investisiya

Dağ-mədən sənayesinin davamlı inkişafı üçün mövcud yataqların istismarı kifayət etmir. Hər bir mədən layihəsinin ömrü məhduddur və uzunmüddətli sənaye siyasəti yeni ehtiyatların daim axtarılmasını tələb edir. Bu baxımdan geoloji kəşfiyyat Dövlət Proqramının ən mühüm və uzunmüddətli istiqamətlərindən biridir.

Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsi üçün geoloji kəşfiyyat işlərinin əhatə dairəsinin artırılması, mövcud yataqların yenidən qiymətləndirilməsi və yeni perspektivli sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Sovet dövründə aparılmış geoloji tədqiqatların əhəmiyyətli hissəsinin üzərindən uzun illər keçməsi də bu istiqamətdə yeni yanaşmaları zəruri edir. Müasir texnologiyalar və geoloji modelləşdirmə üsulları əvvəllər əldə edilmiş məlumatların yenidən təhlilinə, yeni perspektivlərin müəyyənləşdirilməsinə və yataqların potensialının daha dəqiq qiymətləndirilməsinə imkan verir.

Bu prosesin mühüm tərəfi geoloji məlumatların rəqəmsallaşdırılması və beynəlxalq hesabatlılıq standartlarına uyğunlaşdırılmasıdır. Vahid elektron geoloji informasiya ehtiyatının yaradılması həm dövlət qurumlarının, həm də potensial investorların məlumatlara daha sistemli çıxışını təmin edə bilər.

Bu, investisiya baxımından da mühüm dəyişiklikdir. İnvestor üçün yatağın mövcudluğu qədər onun ehtiyatları, keyfiyyəti, hasilat şərtləri və geoloji riskləri barədə etibarlı məlumatın olması vacibdir. Məlumat bazasının beynəlxalq standartlara uyğunlaşdırılması isə layihələrin qiymətləndirilməsini daha şəffaf və müqayisəolunan edə bilər.

Geoloji kəşfiyyatda dövlətlə yanaşı, özəl sektorun və xarici investorların iştirakının genişləndirilməsi də bu baxımdan əhəmiyyətlidir. Bu, əlavə maliyyə resurslarının cəlb edilməsi ilə yanaşı, müasir geoloji texnologiyaların və beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinə imkan yarada bilər.


Beləliklə, yeni yataqların axtarışı bugünkü sənaye üçün deyil, sabahın sənayesi üçün görülən işdir. Bu gün aparılan geoloji tədqiqat gələcəkdə yeni mədənlərin, zavodların və istehsal zəncirlərinin başlanğıc nöqtəsinə çevrilə bilər.

Əgər bu axtarışların nəticəsində yeni ehtiyatlar müəyyən edilərsə, Dövlət Proqramının əsas fəlsəfəsi həmin resursların yalnız filiz kimi hasil olunması ilə məhdudlaşmamalıdır. Məqsəd yataqdan başlayan və zənginləşdirmə, emal, metallurgiya və mümkün olduqda son məhsula qədər uzanan zəncirin ölkə daxilində qurulmasıdır.

Bu baxımdan Dövlət Proqramının əsl iqtisadi çəkisi yalnız yeni mədənlərin sayında deyil. Onun əsas nəticəsi Azərbaycanın mineral ehtiyatlarını nə dərəcədə sənaye, texnologiya, məşğulluq və ixrac dəyərinə çevirə bilməsi ilə ölçüləcək.

Əvvəlki illərdə yaradılmış infrastruktur bu prosesin fiziki bazasını formalaşdırıb, yeni geoloji kəşfiyyat isə onun xammal bazasını genişləndirə bilər. Metallurgiya və dərin emal isə bu iki istiqaməti real iqtisadi dəyərə çevirən əsas həlqə olacaq.

Beləliklə, Azərbaycanın dağ-mədən sənayesində qarşıdakı mərhələni yalnız "yeni yataqların istismarı" kimi deyil, mineral ehtiyatların sənaye siyasətinin daha geniş zəncirinə inteqrasiyası kimi qiymətləndirmək mümkündür. Məhz bu yanaşma dağ-mədən sektorunu qeyri-neft iqtisadiyyatının yeni dayaqlarından birinə çevirmək üçün əsas şərtlərdən biridir.

Azərbaycanın polimetal potensialının mühüm istiqaməti

Əvvəlki mərhələdə mineral-xammal bazasının genişləndirilməsi, yeni yataqların müəyyənləşdirilməsi və geoloji məlumatların müasir standartlara uyğunlaşdırılması qarşıdakı sənaye inkişafının ilkin şərtləri kimi nəzərdən keçirilirdi. Lakin yeni yatağın aşkar edilməsi yalnız başlanğıcdır. Əsas məsələ həmin ehtiyatın iqtisadi dövriyyəyə necə daxil ediləcəyi, hansı texnologiya ilə emal olunacağı və ölkə daxilində nə qədər əlavə dəyər yaradacağıdır.

Bu baxımdan Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağı xüsusi əhəmiyyət daşıyır. Yataq Avropa qitəsinin perspektivli polimetal yataqlarından biri hesab olunur və Dövlət Proqramında onun sənaye istismarına hazırlanmasının sürətləndirilməsi ilə bağlı konkret tədbirlər nəzərdə tutulur.

Proqrama əsasən, "Filizçay" üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və bunun nəticələrinə uyğun olaraq tikinti işlərinin aparılması ilə bağlı yekun investisiya qərarının qəbul edilməsi planlaşdırılır. Bu mərhələ yatağın ehtiyatlarının, hasilat və emal texnologiyalarının, tələb olunan investisiyaların və layihənin iqtisadi səmərəliliyinin daha dəqiq qiymətləndirilməsinə imkan verəcək.

"Filizçay"ın əhəmiyyətini artıran əsas xüsusiyyətlərdən biri onun polimetal xarakter daşımasıdır. Belə yataqların kompleks işlənməsi eyni istehsal sistemi çərçivəsində bir neçə metalın əldə edilməsinə imkan yaradır. Bu isə təkcə mineral ehtiyatlardan istifadənin səmərəliliyini artırmır, həm də Azərbaycanın əlvan və qiymətli metallar üzrə istehsal və ixrac imkanlarını genişləndirə bilər.

Burada Dövlət Proqramının əsas fəlsəfəsi yenidən ön plana çıxır: məqsəd yalnız filizin çıxarılması deyil, onun mümkün qədər dərin emal olunması və yaratdığı iqtisadi dəyərin daha böyük hissəsinin ölkə daxilində qalmasıdır. Buna görə də "Filizçay" layihəsinin gələcəkdə daha geniş emal zəncirinə inteqrasiyası yatağın istismara verilməsi qədər əhəmiyyətli olacaq.

"Filizçay"la yanaşı, Söyüdlü (Zod), Dəmirli, Xarxar, Qaradağ və Naxçıvandakı prioritet yataqlar üzrə nəzərdə tutulan tədbirlər də Azərbaycanın əlvan və qiymətli metallar sektorunun daha geniş və şaxələndirilmiş xammal bazasına keçməsi üçün zəmin yaradır.

Beləliklə, geoloji kəşfiyyat mərhələsində müəyyənləşdirilən potensial artıq konkret sənaye layihələri müstəvisinə keçir. Bu keçidin ən böyük nümunələrindən biri isə qara metallurgiya sahəsində yaradılması nəzərdə tutulan inteqrə olunmuş istehsal zənciridir.

Qara metallurgiyada inteqrə olunmuş istehsal zəncirinin əsas mərkəzi

Dövlət Proqramının ən iri sənaye təşəbbüslərindən biri Qərb Sənaye Parkının yaradılmasıdır. Parkın formalaşdırılmasının əsas məqsədi Daşkəsən dəmir filizi yataqları əsasında qara metallurgiyanın inkişaf etdirilməsi və filizin hasilatından son məhsula qədər uzanan istehsal zəncirinin qurulmasıdır.

Bu layihə əvvəlki bölmələrdə qeyd olunan "hasilatdan emala" prinsipinin ən konkret nümunələrindən biridir. Burada söhbət yalnız Daşkəsəndə filiz hasilatının artırılmasından getmir. Məqsəd filizin zənginləşdirilməsi, konsentratın daşınması, pellet istehsalı və daha sonra İsti Briketlənmiş Dəmirin – İBD istehsalının vahid sistemdə birləşdirilməsidir.

Dövlət Proqramına əsasən, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində filiz hasilatı, Zənginləşdirmə zavodu, təxminən 45 kilometr uzunluğunda konsentrat nəqli üçün boru kəməri, Pellet istehsalı zavodu və İBD zavodunun yaradılması nəzərdə tutulur.

Hədəflərə görə, Daşkəsən yataqları əsasında illik 1 milyon ton İBD istehsalını təmin edəcək xammal bazasının yaradılması, Qərb Sənaye Parkında isə yerli və idxal olunan xammal hesabına illik 2 milyon ton İBD istehsal gücünün formalaşdırılması planlaşdırılır.


Bu rəqəmlərin arxasında sadəcə yeni istehsal gücü deyil, Azərbaycanın metallurgiya sənayesinin strukturunda dəyişiklik dayanır. Dəmir filizindən başlayaraq İBD-yə qədər uzanan yerli xammal zəncirinin formalaşması sonrakı metallurgiya mərhələləri üçün daha dayanıqlı baza yarada bilər.

İstehsal olunan İBD-nin bir hissəsinin ölkədaxili metallurgiya müəssisələrində istifadə edilməsi də bu baxımdan əhəmiyyətlidir. Beləliklə, xaricdən gətirilən xammal və yarımfabrikatların müəyyən hissəsinin yerli istehsalla əvəzlənməsi üçün imkan yarana bilər.

Lakin inteqrə olunmuş istehsal zəncirinin qurulması yalnız zavodların tikintisi ilə başa çatmır. Onun rəqabət qabiliyyətinə logistika və enerji xərcləri də birbaşa təsir göstərir. Bu səbəbdən Qərb Sənaye Parkında infrastrukturun yaradılması ilə yanaşı, nəqliyyat və enerji təminatının optimallaşdırılması da Dövlət Proqramında ayrıca yer alır.

Dəmir yolu yükdaşıma tarifləri üzrə güzəştlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması, İBD zavodunun fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin 69 kilometrlik hissəsinin əsaslı təmirinin nəzərdə tutulması istehsal zəncirinin iqtisadi səmərəliliyinin təmin edilməsinə yönəlmiş addımlardır.

Geoloji kəşfiyyat yeni resurs bazasının formalaşdırılması üçün başlanğıc nöqtəsidirsə, həmin resursların iqtisadi dəyərə çevrilməsi üçün emal və sənaye infrastrukturu tələb olunur. Bu baxımdan Qərb Sənaye Parkının yaradılması Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri kimi çıxış edir.

Parkın əsas məqsədi Daşkəsən dəmir filizi yataqları əsasında qara metallurgiyanın inkişaf etdirilməsi, eyni zamanda qara və əlvan metallurgiya, polad, prokat və metal məmulatları istehsalının vahid sənaye məkanında formalaşdırılmasıdır.

T.Mirkişili Qərb Sənaye Parkını mineral ehtiyatların sənaye məhsuluna çevrilməsi baxımından mühüm addım hesab edir.

"Gəncə və Şəmkir ərazilərində yaradılan parkın prioritetləri sırasında qara və əlvan metallurgiya, polad, prokat və metal məmulatlarının istehsalı yer alır. Bu istiqamətlər bir-birini tamamlayan müəssisələrin eyni sənaye məkanında inkişafına imkan verir. Burada iqtisadi məntiq sadədir: hasilat, emal və hazır məhsul istehsalı bir-birinə bağlandıqca ölkədə yaranan dəyər artır", - deputat bildirib.

Onun sözlərinə görə, ortaq infrastruktur, əlverişli daşınma imkanları və müəssisələr arasında əməkdaşlıq istehsal xərclərinin azalmasına şərait yarada bilər.

Bu yanaşma sənaye parkının yaradılmasının məntiqini də izah edir. Ayrı-ayrı müəssisələrin bir məkanda cəmləşməsi təkcə infrastruktur xərclərini optimallaşdırmır. Eyni zamanda müəssisələr arasında xammal, yarımfabrikat, xidmət və texnologiya mübadiləsi üçün imkan yaradır. Beləliklə, bir müəssisənin istehsal etdiyi məhsul digərinin xammalına və ya yarımfabrikatına çevrilə bilər.

T.Mirkişilinin fikrincə, parkın səmərəliliyinin əsas göstəricisi onun ərazisində nə qədər müəssisənin fəaliyyət göstərməsi deyil, həmin müəssisələrin nə dərəcədə rəqabətqabiliyyətli məhsul istehsal edə bilməsidir.

"Parkın uğurunu da məhz bu meyarla qiymətləndirməliyik: orada fəaliyyət göstərən müəssisələr nə qədər rəqabətqabiliyyətli məhsul istehsal edəcək və bazarda nə qədər dayanıqlı olacaq?", - o əlavə edib.

Bu yanaşma Dövlət Proqramının ümumi fəlsəfəsi ilə də üst-üstə düşür. Çünki sənaye parkının yaradılmasının son məqsədi yalnız istehsal güclərinin artırılması deyil, həmin güclərin davamlı bazar tələbi olan məhsullar istehsal etməsi və rəqabətqabiliyyətli ixrac imkanları yaratmasıdır.

Xammaldan məhsula doğru

Qara metallurgiyanın inkişafında növbəti mərhələ isə İBD və digər yarımfabrikatların daha yüksək əlavə dəyərli məhsullara çevrilməsidir. Dövlət Proqramında yeni yayma zavodunun və tikişsiz boru istehsalı sahəsinin yaradılmasının dəstəklənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu müəssisələrin yaradılması ilə istehsal zənciri filizdən yarımfabrikata qədər deyil, daha yüksək emal mərhələlərinə qədər uzana bilər. Nəticədə Azərbaycan üçün həm daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara çıxarıla bilən yeni sənaye məhsullarının istehsalı üçün imkan yarana bilər.

Qərb Sənaye Parkının region üçün əhəmiyyəti də məhz burada üzə çıxır. Parkın ətrafında formalaşacaq istehsal və xidmət ekosistemi nəqliyyat, logistika, texniki xidmət, mühəndislik, tikinti və digər sahələrdə yeni biznes imkanları yarada bilər.

Beləliklə, Daşkəsən yatağı ilə başlayan prosesin iqtisadi təsiri yalnız mədən ərazisi ilə məhdudlaşmır. Filizdən İBD-yə, oradan polad və digər metallurgiya məhsullarına qədər uzanan zəncir regionun sənaye profilini dəyişə və yeni iqtisadi fəaliyyət sahələri yarada bilər.

Alüminium sənayesi yeni istehsal zəncirinə daxil olur

Qara metallurgiya ilə yanaşı, Azərbaycanın metallurgiya strategiyasında əlvan metallurgiyanın, xüsusilə alüminium sənayesinin inkişafı da mühüm yer tutur. Bu istiqamətdə əsas məqsəd mövcud istehsal bazasının genişləndirilməsi və ilkin alüminiumdan daha yüksək əlavə dəyərli məhsulların istehsalına keçidin sürətləndirilməsidir.

Dövlət Proqramında "Azəralüminium" MMC-nin Gəncə şəhərində yerləşən elektroliz zavodunun istehsal gücünün illik 100 min tona çatdırılması, alüminium yayma məhsullarının istehsal gücünün isə 50 min tona yüksəldilməsi nəzərdə tutulur.


Bununla yanaşı, kalsinasiya və anodbişirmə zavodunun yaradılması, alüminium profil, naqil, kabel, folqa, lövhə, lent və içki qabları kimi yüksək əlavə dəyərli məhsulların istehsalının genişləndirilməsi planlaşdırılır.

Bu istiqamət əvvəlki bölmələrdə vurğulanan əsas prinsipin – xammalın daha yüksək dəyərə malik məhsula çevrilməsinin – başqa bir nümunəsidir. Alüminiumun ilkin metal formasında istehsalı ilə onun profil, kabel, folqa və digər hazır sənaye məhsullarına çevrilməsi arasında həm əlavə dəyər, həm də sənaye kompetensiyaları baxımından ciddi fərq var.

Bu baxımdan alüminium sənayesinin inkişafı yalnız metallurgiya sektorunun deyil, maşınqayırma, tikinti, energetika, avtomobil sənayesi, qablaşdırma və digər sahələrin də istehsal imkanlarına təsir göstərə bilər.

Xammal bazasının dayanıqlılığı isə bu inkişafın əsas şərtlərindən biridir. Zəylik-Alunit yataqlarının sənaye istifadəsi imkanlarının qiymətləndirilməsi də məhz bu baxımdan əhəmiyyət daşıyır. Eyni zamanda, özəl sektor tərəfindən illik təxminən 200 min ton istehsal gücünə malik yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanlarının araşdırılması sahəyə özəl investisiyaların cəlbi baxımından əlavə perspektiv yaradır.

Əsas hədəf: hər ton xammaldan daha çox dəyər

Dövlət Proqramının iqtisadi nəticəsini müəyyənləşdirəcək əsas məsələlərdən biri mineral xammalın hansı dərinlikdə emal ediləcəyidir. Xüsusilə mis və digər əlvan metallar üzrə bu imkanlar kifayət qədər genişdir. Xammalın konsentrat və ya ilkin metal səviyyəsində satılması ilə onun kabel, elektrik avadanlığı komponentləri və müxtəlif sənaye məmulatlarına çevrilməsi arasında yaradılan əlavə dəyər baxımından ciddi fərq var.

T.Mirkişili Azərbaycanın mineral resurslarından daha yüksək dəyərli məhsullar yaratmaq imkanlarını geniş hesab edir. Onun sözlərinə görə, xüsusilə misin daha dərindən emalı, kabel və elektrik avadanlığı komponentlərinin, metaldan isə müxtəlif sənaye məmulatlarının istehsalı həm mövcud, həm də perspektivli istiqamətlərdir.

"Belə layihələrdə qazanc hasilatdan əlavə, texnologiya, mühəndislik, dizayn və istehsal bacarığı hesabına formalaşır. Bununla yanaşı, hər emal mərhələsinin rentabelliyi ayrıca hesablanmalıdır. Məhsulun satış qiyməti ilə bərabər enerji, su, logistika, maliyyələşmə və ekoloji xərclər də nəzərə alınmalıdır", - deputat vurğulayıb.

Bu məqam xüsusilə vacibdir. Çünki yüksək əlavə dəyərli məhsul istehsalı avtomatik olaraq daha yüksək iqtisadi səmərə demək deyil. İstehsalın hər mərhələsində xammalın maya dəyəri, enerji və su sərfiyyatı, nəqliyyat xərcləri, maliyyələşmə şərtləri, texnologiya və ekoloji tələblər nəzərə alınmalıdır.

Bu səbəbdən Dövlət Proqramının qarşıdakı illərdə əsas vəzifələrindən biri təkcə yeni istehsal sahələrinin yaradılması deyil, həm də onların beynəlxalq bazarda rəqabət apara biləcək iqtisadi model əsasında qurulması olacaq.

Burada sosial nəticə də iqtisadi səmərəlilik qədər əhəmiyyətlidir. Yeni istehsal müəssisəsinin yaradılması yalnız istehsal göstəricilərinin artması ilə deyil, onun regionda yaratdığı əlavə iqtisadi imkanlarla da ölçülür.

"Əsas məsələlərdən biri bu siyasətin nəticəsi olaraq təbii sərvətin vətəndaşın rifahına necə daha çox xidmət etməsinə nail olmaqdır. Yeni müəssisə bölgədə sabit iş yeri yaradırsa, yerli sahibkara sifariş verirsə, gənclərə peşə qazandırırsa və büdcəyə davamlı gəlir gətirirsə, resursdan səmərəli istifadə etmiş oluruq", - T.Mirkişili bildirib.

Bu yanaşma dağ-mədən sənayesinin regionların inkişafı ilə əlaqəsini daha aydın göstərir. Mədən və metallurgiya müəssisəsinin iqtisadi təsiri yalnız onun istehsal etdiyi məhsulun dəyəri ilə məhdudlaşmır. Ətrafında yaranan xidmətlər, yerli satınalmalar, yeni peşələr, logistika və mühəndislik xidmətləri də ümumi iqtisadi effektin bir hissəsinə çevrilir.

Deputatın fikrincə, əsas hədəf hər ton mineral xammaldan ölkə daxilində daha çox dəyər yaratmaq və yaranan bu dəyərin daha geniş insan qrupuna çatmasını təmin etməkdir.

"Hədəf hər ton mineral xammaldan ölkə daxilində daha çox dəyər yaratmaq və bu dəyərin daha geniş insan qrupuna çatmasını təmin etməkdir və əminəm ki, buna nail olunacaq", - T.Mirkişili əlavə edib.

Bu fikir Dövlət Proqramının bütün istiqamətlərini birləşdirən əsas xətti də ifadə edir. Geoloji kəşfiyyat yeni ehtiyatları müəyyən edir, hasilat həmin ehtiyatları iqtisadi dövriyyəyə daxil edir, zənginləşdirmə və emal onların dəyərini artırır, metallurgiya isə bu resursları sənaye məhsuluna çevirir. Yüksək əlavə dəyərli istehsal, ixrac, məşğulluq və texnoloji inkişaf isə bu zəncirin iqtisadi nəticəsini formalaşdırır.

Nəticədə Dövlət Proqramının qarşıdakı dörd il üçün əsas vəzifəsi yalnız Azərbaycanın mineral resurs bazasını genişləndirmək deyil. Daha böyük məqsəd həmin resursları hasilatdan emala, emaldan metallurgiyaya, metallurgiyadan isə rəqabətqabiliyyətli son məhsula aparan davamlı iqtisadi zəncirə çevirməkdir.

Məhz bu zəncir nə qədər dərin və səmərəli qurularsa, Azərbaycanın yeraltı sərvətlərinin ölkənin sənaye potensialına və uzunmüddətli iqtisadi inkişafına verdiyi töhfə də bir o qədər böyük ola bilər.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR