Son Xəbər:
Tarix: 23-03-2021, 09:24
Azərbaycanda bayramqabağı qiymətlərdə artım müşahidə olundu. Bu, daha çox ən vacib ərzaq məhsullarının qiymətində özünü göstərdi.
Ekspertlər qeyd edir ki, bazarlarda 20 gün öncə ilə müqayisədə qiymətlərdə 6-8 faiz bahalaşma var. Dörd nəfərlik ailənin Novruz bayramı (20,21 mart) üçün ortaq süfrə xərci 200 manat civarındadır.
Hər il bayram qabağı qiymət artımı niyə müşahidə olunur?
“Xüsusi tövsiyələr verilir»
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti-ndən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbat artmasının fonunda mövcud qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilir.
Qurumdan qeyd olunub ki, əsassız qiymət artımına yol verən sahibkarlarlıq obyektləri barədə ciddi tədbirlər görüləcək.
Dövlət Xidmətindən əlavə olunub ki, qiymətlərin əsassız artırılmasının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə aparılan monitorinqlər intensivləşdirilib:
«Monitorinq zamanı sahibkarlara qiymətlərin malların üzərində aydın göstərilməsi, məhsulların vitrinlərdə olan qiymətləri ilə kassadakı qiymətlərinin eynilik təşkil etməsi, son günlər əhalinin daha çox marketlərə müraciət etməsi səbəbindən yaranan hər hansı bir narazılıq olduğu halda onları daha ciddi və operativ araşdırma ilə bağlı xüsusi tövsiyələr verilir»
«Cinayət tərkibli hallar aşkar edildikdə...”
Qurumdan vurğulanıb ki, qiymətlərin əsassız artımına yol verilməklə istehsalçıların hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlarlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək:
«Cinayət tərkibli hallar aşkar edildikdə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək».
Qurumun açıqlamasına görə, aparılan monitorinqlərə və müşahidələrə əsasən bildirmək olar ki, geniş yayılmış hər hansı bir süni qiymət artımı mövcud deyil.
"Özləri zəncirvari qiymət artımını şərtləndirdilər"
Keçmiş deputat, iş adamı,iqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, bazar iqtisadiyyatında süni, əsassız qiymət artımı anlayışı yoxdur:
«Süni qiymət artımı haqqında bizdə rəsmilər danışırlar. Ancaq Azərbaycanda tarifləri müəyyən edən Nazirlər Kabineti, Tarif Şurası enerji daşıyıcılarının qiymətini artıraraq bu son bir neçə ayda özləri zəncirvari qiymət artımını şərtləndirdilər».
O, hesab edir ki, süni qiymət artımını həm də yaradan Dövlət Gömrük Komitəsinin bəyannamə qiymətlərini tədbiq etməsidir:
“Yəni sahibkarların digər ölkələrdən aldığı mallara idxal rüsumlarını daha çox artırmaqla süni qiymət artımını yaradırlar. Məhz burada bu anlayış ortaya çıxır".
İqtisadçı qeyd edib ki, son aylarda koronvirus pandemiyası səbəbindən iqtisadi fəaliyyət azalıb, vətəndaşların gəlirləri məhdudlaşıb:
“Bunun səbəbləri isə məmur sahibkarlığın yaratdığı inhisarçılıqdır...”
«Belə olan halda tələb də azalır. Tələb o qədər də yüksək olmadığı halda belə qiymətlərin artması anormallıqdır. Bunun səbəbləri isə məmur sahibkarlığın yaratdığı inhisarçılıqdır və eyni zamanda dövlət orqanların süni qiymət artımı yaratmasıdır».
N.Bəydəmirlinin fikrincə bu səbəblər aradan qaldırılmayana qədər problem həll olunmayacaq:
«Yəni məmur sahibkarlığı, inhisarçılıq ləğv olunmayana, gömrükdə şəffaf idarəetmə tədbiq olunmayana , sahibkarların hüquq və bərabərliyi təmin olunmayana qədər biz qiymətlərin artımının şahidi olacayıq».
Onun fikrincə, hətta bayram qabağı qiymət artımına baxanda bilinir ki, bu problem Azərbaycan iqtisadiyyatının liberal olmamasından qaynaqlanır:
«Çünki tələb-təklif olan ölkədə qiymətlər optimallaşır. Əgər qısa bir müddətdə təklif az olduğu halda qiymət artımı baş verirsə, yəni obyektiv bir səbəbdən qaynaqlanırsa, tez bir zamanda o, yenə də optimal vəziyyətə gəlir. Amma Azərbaycanda biz bunu müşahidə edə bilmirik. Çox təəssüf ki, Azərbaycan höküməti bütövlükdə piar kampaniyası ilə məşğul olur”
N.Bəydəmirli hesab edir ki, süni qiymət artımı adı altında sahibkarlara həmişə hücum təşkil olunur, ancaq səbəblər müzakirə edilmir və aradan qaldırılmır.
Bu fikirlərə, hələlik, Dövlət Gömrük Komitəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Amma son illər həm ölkə rəhbərliyi, həm də Komitə rəsmiləri bir qayda olaraq bəyabn edirlər ki, gömrükdə şəffaflıq artırılıb.
Xatırlatma
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətlərinin indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 3,7 faiz (o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz) bahalaşıb. Müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.Onlar bahalaşmanın daha yüksək olduğunu düşünürlər.